Kontentə keç

Həyatını dəyişən faciəyə rəğmən o sınmadı

Həyatını dəyişən faciəyə rəğmən o sınmadı

 Virciniya Yehovanın Şahididir. O, qapalı insan sindromundan əziyyət çəkir. Virciniya tamamilə iflicdir. O eşidir, gözlərini açıb-bağlayır və başını cüzi tərpədir. Lakin danışa və başqalarının köməyi olmadan qida qəbul edə bilmir. Bir vaxtlar o, sağlam və gümrah idi. 1997-ci ildə, bir gün səhər Virciniya peysərində kəskin arasıkəsilməyən ağrı hiss etdi. Yoldaşı onu xəstəxanaya apardı, həmin axşam o komaya düşdü. İki həftədən sonra Virciniya gözünü reanimasiyada açdı — tamamilə iflic və süni nəfəs aparatına qoşulmuş vəziyyətdə. Bir neçə gün o, heç nə xatırlamırdı, hətta kim olduğunu belə unutmuşdu.

 Sonra baş verənlər barədə Virciniya danışır: «Yavaş-yavaş yaddaşım qayıtdı. Hərarətlə dua edirdim. Balaca oğlumu anasız qoyub ölmək istəmirdim. Cəsarətli olmaq üçün mümkün qədər çox ayə yadıma salmağa çalışırdım.

 Nəhayət reanimasiyadan çıxdım. Müxtəlif xəstəxanalarda və bir reabilitasiya mərkəzində keçirdiyim altı aydan sonra məni evə göndərdilər. Mən hələ də tamamilə iflic vəziyyətdə idim və başqalarının köməyi olmadan heç nə edə bilmirdim. Bərk ruhdan düşmüşdüm. Özümü başqalarına və Yehovaya yararsız hiss edirdim. Balaca oğluma görə də narahat idim, çünki onun qeydinə qala bilmirdim.

 Mənim kimi eyni vəziyyətdə olan Yehovanın Şahidlərinin həyat hekayələrini oxumaq qərarına gəldim. Görəndə ki onlar öz vəziyyətlərində Yehovaya xidmətdə nə qədər iş görürlər, məni heyrət bürüdü. Qərara gəldim ki, müsbət əhval-ruhiyyə inkişaf etdirim və fikrimi edə biləcəyim işlərə cəmləyim. Sağlam olanda ruhani işlərə vaxtım az idi. İndi isə hər günümü, hər saatımı Yehovaya həsr edə bilirdim. Ruh düşkünlüyünə qapılmaq əvəzinə, fikrimi xidmətə yönəltdim.

 Kompüterdən istifadə etməyi öyrəndim. Mən baş hərəkətlərimi izləyən proqramın köməyilə çap edirəm. Bu çox yorucudur, amma bu üsulla Müqəddəs Kitabı araşdıra, eləcə də məktub və elektron poçt vasitəsilə ümidimi başqaları ilə bölüşə bilirəm. İnsanlarla ünsiyyət etmək üçün isə üzərində hərflər düzülmüş bir lövhəciyim var. Həmsöhbətim hansısa hərfi göstərir, hərf səhvdirsə, gözlərimi geniş açıram, düzdürsə, bağlayıram, ta düz söz və cümlə əmələ gələnədək. Mənimlə çox vaxt keçirən bəzi bacılar demək istədiyimi elə ilk hərfdən tapmağı öyrəniblər. Hərdən sözü səhv tapanda gülməli vəziyyət yaranır.

Əlifba lövhəciyinin köməyilə ünsiyyət

 Yığıncaqla birgə ruhani işlərdə iştirak etmək çox xoşuma gəlir. Mən bütün yığıncaq görüşlərinə qoşulurdum, indi isə bunu videokonfrans vasitəsilə edirəm. Sual-cavab olanda şərhlərimi çap edirəm və bir nəfər onları oxuyur. Hər ay isə kiçik qrup ilə birgə JW televiziyasının aylıq proqramına a baxıram.

 Artıq 23 ildir ki, qapalı insan sindromundan əziyyət çəkirəm. Hərdən məni kədər bürüyür. Bu anların öhdəsindən dua etməklə, bacı-qardaşlarla ünsiyyət etməklə və Yehovaya xidmət etməklə gəlirəm. Yığıncağın köməyilə altı ildən çoxdur köməkçi öncül kimi xidmət edirəm. Həmişə çalışmışam oğlum Alessandro üçün yaxşı nümunə olum. İndi o, ailəlidir və ağsaqqaldır. Yoldaşı ilə birgə öncül kimi xidmət edir.

 Tez-tez gələcək cənnətdə edəcəyim işlər barədə xəyallara dalıram. Ən böyük arzum Yehova barədə öz səsimlə danışmaqdır. Sonra çay sahili boyunca gəzmək, təbiətin gözəlliyindən doyunca zövq almaq istəyirəm. Son iyirmi il ərzində boru vasitəsilə duru qida ilə qidalanıram, odur ki, ağacdan alma dərib onu dişləyərək yeyəcəyim günün həsrətindəyəm. Və əlbəttə, italiyalı olduğuma görə pizza və digər sevimli italyan yeməklərini bişirib yeyəcəyim günü səbirsizliklə gözləyirəm!

 “Xilas [ümidi]” zehnimi qoruyur (1 Salonikililərə 5:8). Əminəm ki, çətinliklərim tezliklə bitəcək. Özümü yeni dünyada təsəvvür etmək mənə sevinc gətirir. Yehovanın Padşahlığı vasitəsilə bizə əsl həyat verəcəyi günü böyük həsrətlə gözləyirəm (1 Timutiyə 6:19; Mətta 6:9, 10)».

a JW televiziyasının linkini jw.org saytında tapmaq olar.