Kontentə keç

Xəstəliyi başqalarına təsəlli verməsinə əngəl olmadı

Xəstəliyi başqalarına təsəlli verməsinə əngəl olmadı

 Yehovanın Şahidi olan Klodin Cənubi Afrikada yaşayır. O, ağır əməliyyat üçün xəstəxanaya yerləşdirilmişdi. Amma sağlamlığında olan digər bir sıra ciddi problemlərə görə Klodin müxtəlif müalicə üsulları arasında seçim etməli oldu. Əməliyyatdan əvvəl və sonra Klodin çox zəif idi, ağrıyır və gərginlik keçirirdi. Evə qayıdandan sonra təxminən iki ay yarım ərzində Klodin hələ də otura bilmirdi. COVID-19 pandemiyasına görə başqalarının ona baş çəkməsi mümkün deyildi.

 Buna baxmayaraq, Klodin qərar verdi ki, özünü yazıqlamayacaq və Allahdan başqalarına təsəlli vermək üçün güc istədi. Otura bilən kimi Klodin qonşusunun bacısı ilə əlaqə saxladı. Qadın əvvəllər Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi, lakin sonra dərsləri dayandırdı. Klodinin Müqəddəs Kitabdan söylədiyi ruhlandırıcı fikir qadını dərsləri bərpa etməyə təşviq etdi. Klodin həm də ona yığıncaq görüşlərinin faydasını göstərdi və videokonfrans vasitəsilə yerli yığıncağın görüşünə qoşulmağa kömək etdi. Qadın görüşdə hətta şərh də verdi.

 Klodin dərs keçdiyi qadının kiçik bacısı ilə də söhbət etdi. O da Müqəddəs Kitabı öyrənmək istədi və hətta həqiqətə maraq göstərən başqa adamları da tanıdığını dedi. Nəticədə, Klodin daha dörd qadınla Müqəddəs Kitab dərsləri keçməyə başladı. Ancaq əhvalat burda bitmədi!

Klodin

 Klodinin insanlara göstərdiyi səmimi maraq daha on qadını Müqəddəs Kitabı öyrənməyə təşviq etdi — özü də ki pandemiya zamanı. İndi o, 16 qadına Müqəddəs Kitab dərsi keçir! Onlardan bəziləri mütəmadi olaraq videokonfrans vasitəsilə yığıncaqlara qoşulur. Xidmətdə fəal olmaq Klodinin fikrini öz vəziyyətindən yayındırdı. O hiss edir ki, «hər cür təsəlli Allahı» olan Yehova bu yolla ona təsəlli verir və o Ondan aldığı təsəlli ilə başqalarına təsəlli verə bilir (2 Korinflilərə 1:3, 4).

 Bəs Müqəddəs Kitab dərsləri həmin qadınlara necə təsir edir? Onlardan biri deyir: «Dərslərin hər sahədə faydasını gördüm. Amma ən əsası indi Allahın adını bilirəm və Ona daha yaxınam». Klodinin dərs keçdiyi ilk qadına gəldikdə isə, o vəftiz olunmağa hazırlaşır. Klodin çox xoşbəxtdir. Bəs səhhətində irəliləyiş var? Bəli, indi o özünü çox yaxşı hiss edir!