Xoş xəbəri gətirən daşqın
2017-ci ildə dörd qardaş və səkkiz bacıdan ibarət bir qrup dindaşımız Nikaraquanın Moskit (Miskit) sahili bölgəsindən qayıqla yola çıxdı. Qayıqlarının adı «Sturi Yamni» idi. Qayıqda olanlardan biri Stiven həmin günləri xatırlayaraq deyir: «Məqsədimiz ucqar bir ərazidə yaşayan kiçik qrup Yehovanın Şahidini ruhlandırmaq və geniş ərazilərində xoş xəbəri təbliğ etməkdə onlara kömək etmək idi».
12 Yehovanın Şahidi Perlas laqunundan Rio-Qrande-de-Mataqalpa çayı boyunca 200 kilometrlik səyahətə başladı. Qayıqlarının adı miskito dilində «xoş xəbər» deməkdir. Amma onlar bilmirdilər ki, bu ad çayın sahillərində yaşayan insanlar üçün xüsusi bir məna kəsb edəcək. Gecələdikləri vaxtı çıxmaqla 12 saatlıq səyahətdən sonra Şahidlər La-Kruz-de-Rio-Qrande icmasının yaşadığı kəndə çatdılar. Altı yerli təbliğçi ruhani bacı-qardaşlarını isti qarşıladı.
Həmin gecə fəlakət baş verdi. Güclü fırtına Rio-Qrande-de-Mataqalpa çayının mənbəyinə özü ilə leysan yağışları gətirdi. Bir neçə saatın içində çay məcrasından çıxdı və suyun səviyyəsi növbəti iki gün ərzində durmadan qalxırdı. La-Kruzdakı ibadət evini və çoxlu sayda başqa evləri su basdı. Ora gələn qardaşlar yerli camaata evlərindən təxliyə olunmağa kömək etdilər. Çoxları növbəti iki gecəni yerli təbliğçinin ikimərtəbəli evində keçirdi.
Üçüncü gün La-Kruzun meri ora gələn Yehovanın Şahidlərinin yanına gəlib onlardan kömək istədi. «Sturi Yamni» daşmış çayda hərəkət edə biləcək yeganə qayıq olduğu üçün mer onlardan xahiş etdi ki, daşqından zərər çəkmiş digər icmalara kömək etmək üçün xilasetmə qrupunu ora aparsınlar. Şahidlər böyük məmnuniyyətlə kömək etməyə razılaşdılar.
Növbəti gün səhər üç Yehovanın Şahidi xilasetmə qrupu ilə birgə yola düşdü. Stiven deyir: «Çay sanki coşmuşdu. Burulğanlar əmələ gəlmişdi və saatda 18 kilometrdən çox sürətlə axan çayda kökündən qoparılmış nəhəng ağaclar üzürdü». Çətin şəraitə baxmayaraq, qayıqla üç icmaya çatmaq mümkün oldu.
Qayıqdakı üç Yehovanın Şahidi fürsətdən istifadə edərək kənd camaatına ehtiyac duyduqları təsəllini verdi. Onlar həmçinin «Oyanın!» jurnalının 2017-ci il tarixli sayını payladılar. Jurnalın əsas mövzusu tam yerinə düşmüşdü — «Fövqəladə hallarda həyatımızı qoruyan tədbirlər».
Çayın sahilində yaşayanlar onları darda qoymadıqlarına və Müqəddəs Kitabdan təsəlli verdiklərinə görə Yehovanın Şahidlərinə səmimi-qəlbdən minnətdar idilər. Bəzi kənd sakinləri deyirdilər: «Onlar çətin zamanda kömək əllərini uzatmağa hazırdırlar». Başqaları isə deyirdi: «Onlar insanları həqiqətən sevir». Şahidlərin dindaşlarına və digər insanlara göstərdikləri kömək kənd camaatını xoş xəbəri daha həvəslə dinləməyə təşviq etdi.
Kənd sakinlərinə xoş xəbəri çatdırmaq üçün «Sturi Yamni» qayığından enən gəmi heyətinin üzvü Marko
«Sturi Yamni» qayığı su basmış kənddə sahilə yan alıb