Kontentə keç

Onları sevdiyini söylə

Onları sevdiyini söylə

 Onq-Li Bolqarıstanda yaşayan Yehovanın Şahididir. O, Zlatka adlı bir gənc qadınla Müqəddəs Kitab dərsi keçirdi. Zlatkanın həyat yoldaşı isə Müqəddəs Kitab dərsi keçmirdi. Onq-Li deyir: «Ailə həyatı ilə bağlı mövzunu müzakirə edəndə vurğuladım ki, həyat yoldaşımıza və uşaqlarımıza onları sevdiyimizi demək çox vacibdir. Zlatka məyus şəkildə mənə baxıb dedi ki, o heç vaxt ərinə və doqquz yaşlı qızına sevgisini dilə gətirməyib!»

 Zlatka dedi: «Mən onlar üçün hər şey etməyə hazıram, amma belə sözlər deyə bilmirəm. Anam məni sevdiyini heç vaxt deməyib, nənəm də anamı sevdiyini heç vaxt deməyib». Onq-Li Zlatkaya göstərdi ki, Yehova İsanı sevdiyini açıq-aydın demişdi (Mətta 3:17). O, Zlatkanı təşviq etdi ki, Yehovaya bu haqda dua etsin və həm ərinə, həm də qızına onları sevdiyini deməyi qarşısına məqsəd qoysun.

 Onq-Li deyir: «İki gün sonra Zlatka sevinclə mənə dedi ki, o, kömək üçün Yehovaya dua edib. Həyat yoldaşı evə gələndə Müqəddəs Kitabdan arvadın ərinə hörmət etməsinin və sevməsinin nə qədər vacib olduğunu öyrəndiyini deyib. Bir az sükutdan sonra o, ərini həqiqətən çox sevdiyini dilə gətirib! Qızı evə gələndə Zlatka onu qucaqlayıb və ona da sevgisini ifadə edib! Zlatka mənimlə bölüşdü: “İndi özümü daha rahat hiss edirəm. Bütün bu illər ərzində hisslərim içimdə yığılıb qalmışdı, amma Yehovanın köməyi ilə nəhayət ki sevgimi ailəmə ifadə edə bilirəm”».

Onq-Li insanlara Müqəddəs Kitab dərsi təklif edir

 Onq-Li sözünə davam edir: «Bir həftə sonra Zlatkanın əri ilə görüşdüm. O etiraf etdi: “Çoxları mənə deyir ki, Zlatka səninlə Müqəddəs Kitab dərsi keçməməlidir, amma onun dərs keçməsi, doğrudan da, ailəmiz üçün çox faydalıdır. Hal-hazırda ailəmizdə daha isti və xoş münasibətlər var”».