Kontentə keç

Mesajların gətirdiyi bəhrə onu heyran qoydu

Mesajların gətirdiyi bəhrə onu heyran qoydu

 Övladını tək böyüdən Desikar adlı bir qadın xidmətini genişləndirmək və öncül xidmətinə başlamaq istəyirdi. O, çoxlu sayda iqtisadi böhranın baş verdiyi bir ölkədə — Venesuelada yaşayır. Bununla belə, o, öncül olmağa qətiyyətli idi və bu məqsədinə çatdı. Bu xidmət ona sevinc gətirirdi, amma çox keçməmiş COVID-19 pandemiyası başladı.

 COVID-19 pandemiyası təzə-təzə başlayanda Desikara xidmətini yeni vəziyyətə uyğunlaşdırmaq, məsələn, məktub yazmaq çətin idi. Həmçinin xidmətdə videokonfransdan istifadə edə bilmirdi, çünki yaşadığı ərazidə internet baha idi. Bacı deyir: «Əlim-qolum yanıma düşdü. Bir gecənin içində hər şey dəyişdi və mən artıq öyrəşdiyim kimi xidmət edə bilmirdim. Düşünürdüm ki, öncül kimi məndən heç bir fayda yoxdur».

 Sonra 2021-ci ilin yanvar ayında Yehovanın Şahidlərinin Venesueladakı filialı yeni təbliğ kampaniyasına start verdi. 60-a yaxın radiostansiyada və 7 televiziya kanalında həmin ay ərzində həftə sonlarında Müqəddəs Kitaba əsaslanan müəyyən nitqlər yayımlanacaqdı. Yehovanın Şahidləri həqiqətə maraq göstərən insanları bu nitqləri dinləməyə dəvət etməli idi. Filial hər nitqə uyğun suallar və Müqəddəs Kitab ayələri hazırlamışdı. Bacı-qardaşlar məktub yazanda və ya telefonla təbliğ edəndə həmin sual və ayələrdən istifadə edə bilərdilər. Bundan əlavə, filial mesajla da təbliğ etməyin yolunu göstərdi. Venesueladakı təbliğçilərin çoxu üçün bu, yeni təbliğ üsulu idi.

 Desikar bu kampaniyada iştirak etməyi çox istəyirdi. Əvvəllər mesajla təbliğ etməsə də, bu üsulu sınaqdan keçirmək qərarına gəldi. Amma ona kömək lazım idi. Desikar deyir: «Texnologiyadan yaxşı başım çıxmır». O, qızından xahiş etdi ki, ona mesaj yazmağı öyrətsin və tezliklə Desikar kampaniyada iştirak etməyə hazır oldu.

Desikar

 Desikar telefondan mesaj göndərərək çoxlu sayda tanışını əvvəlcədən yazıya alınmış nitqə qulaq asmağa dəvət etdi. Yazdığı mesajların gətirdiyi bəhrə onu heyran qoydu. Kontaktında olan çoxlu sayda insan nitqə qulaq asdı və ona suallar verdi. Nitqi dinləyə bilməyənlərin bəziləri isə bacıdan nitqdə nədən danışıldığı haqda soruşdular. Desikar deyir: «Mən apardığım qeydləri onlarla bölüşdüm. Əvvəllər təkrar söhbətlərimin sayı ay ərzində 5-dən çox olmurdu, amma bu kampaniyanın sonunda 112 təkrar söhbət etmişdim! a»

 Desikar onunla qonşuluqda yaşayan Yehovanın Şahidi olmayan bacısını da radioda yayımlanan nitqlərə qulaq asmağa dəvət etdi. Desikar deyir: «Təəccüblü olsa da, bacım razılaşdı. Hər bazar günü səhər saat 8-də mən onun mənzilinə gedirdim və biz nitqləri birgə dinləyirdik. Həm proqram zamanı, həm də sonra o, çoxlu suallar verirdi». Desikarın bacısı Məsihin ölümünü anma mərasimində də iştirak etdi və Desikara xidmət üçün onun internetindən istifadə etməsinə icazə verdi.

 Desikar deyir: «Yehovaya çox minnətdaram. Həmçinin yığıncağımdakı ağsaqqallara da mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Onlar mənə xidmətdən yenidən sevinc duymağa kömək etdilər» (Ərəmya 15:16). Desikar öncül xidmətini və Müqəddəs Kitaba maraq göstərənlərlə mesaj vasitəsilə söhbətlərini davam etdirir.

a Yehovanın Şahidləri təbliğ fəaliyyətlərini fərdi məlumatların qorunmasına dair qanunvericiliyə uyğun həyata keçirir.