Müqəddəs Kitab həyatları dəyişir
Aldığım ən dəyərli mükafat
DOĞULDUĞU İL: 1967
ÖLKƏ: FİNLANDİYA
KEÇMİŞDƏ: PROFESSİONAL TENNİSÇİ OLUB
KEÇMİŞİM
Finlandiyada, Tampere şəhərinin kənarında sakit və yamyaşıl ərazidə böyümüşəm. Ailəm o qədər də dindar deyildi, amma təhsilə və yüksək mənəviyyata önəm verirdi. Anam əslən Almaniyadan olduğuna görə uşaq vaxtı hərdən nənə-babamın yanına, Almaniyanın qərb hissəsinə gedirdim.
Uşaqlıqdan idmanı sevirəm. Kiçik yaşlarımdan cürbəcür idman növləri ilə məşğul olmuşam, amma təxminən 14 yaşlarımda diqqətimi tennisə cəmləmək qərarına gəldim. Artıq 16 yaşım olanda gündə iki dəfə professional məşqçi ilə, axşamlar isə evdə özüm məşq edirdim. Tennisdən hərtərəfli zövq alırdım, çünki bununla özümü həm əqli, həm də fiziki cəhətdən sınayırdım. Həmçinin dostlarımla vaxt keçirməyi, arabir pivə içməyi xoşlayırdım, amma heç vaxt spirtli içki və narkotiklə bağlı problemim olmayıb. Həyatım tennis ətrafında dövr edirdi, tennis mənim üçün hər şeydən öndə idi.
17 yaşım olanda Peşəkar Tennisçilər Assosiasiyasının (ATP a) turnirlərində iştirak etməyə başladım. Bir neçə turnirdə qalib gələndən sonra ölkədə məşhurlaşdım. 22 yaşım olanda isə dünyanın 50 ən yaxşı tennisçisindən biri idim.
Uzun illər professional tennis oynayaraq bütün dünyanı dolaşmışam. Dünyanın bir çox gözəl guşələrini görmüşəm, eyni zamanda qlobal problemlərin, cinayətin, narkotikdən sui-istifadənin, ətraf mühitin çirklənməsinin də şahidi olmuşam. Misal üçün, Birləşmiş Ştatlarda olanda bizə cinayətkarlığın yüksək həddə olduğu müəyyən ərazilərə getməməyi tapşırmışdılar. Bu kimi problemlər məni məyus edirdi. Üstəlik, sevdiyim işlə məşğul olmağıma baxmayaraq, günün sonunda daxilimdə boşluq hissi olurdu.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ
Sevdiyim qız Sanna Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlamışdı. Onun dinlə maraqlandığını görmək mənə məzəli gəlsə də, öyrənməyinə etirazım yox idi. 1990-cı ildə ailə qurduq, növbəti il o, Yehovanın Şahidi olaraq vəftiz olundu. Mən isə Allahın varlığına inansam da, dindar insan deyildim. Yadımdadır ki, Almaniyada yaşayan nənəm Müqəddəs Kitabı çox oxuyardı və hətta mənə dua etməyi öyrətmişdi.
Günlərin bir günü Sanna ilə birgə Yehovanın Şahidi olan bir ər-arvadla söhbət edirdik. Ailə başçısı olan Kari mənə Müqəddəs Kitabdan axırzamanla bağlı peyğəmbərliyi göstərdi (2 Timutiyə 3:1—5). Bu peyğəmbərlik elə bil məni silkələdi, çünki dünyada hər şeyin niyə bu qədər pis vəziyyətdə olduğunu anladım. O gün dini mövzuda çox danışmadıq. Amma həmin vaxtdan Kari ilə Müqəddəs Kitab haqqında söhbətlər etməyə başladıq. Öyrəndiyim hər şey çox məntiqli idi. Məşğul həyat tərzim və tez-tez səyahət etməli olduğum üçün Kari ilə müntəzəm görüşə bilmirdik. Amma o, məndən əlini üzmürdü. Araşdırma vaxtı verdiyim suallara məktub vasitəsilə cavab verirdi. Həyatla bağlı bütün dərin suallarıma Müqəddəs Kitabdan məntiqli cavablar tapdım və yavaş-yavaş Müqəddəs Kitabın əsas mövzusunun nə olduğunu anladım — Allah Padşahlığı vasitəsilə niyyətini həyata keçirəcək. Allahın Adının Yehova olduğunu öyrənmək, Onun bizim üçün nələr etdiyini dərk etmək mənə dərin təsir bağışladı (Zəbur 83:18). Mənə ən çox təsir edən isə Onun fidyə tədbiri idi, bu tədbir sadəcə formal xarakter daşıyan hüquqi prosedur deyildi, Allahın bizə sevgisinin izharı idi (Yəhya 3:16). Həmçinin öyrəndim ki, Allahın dostu olmaq və cənnətdə sülh şəraitində əbədi yaşamaq imkanım var (Yaqub 4:8). Özümdən soruşdum: «Mən minnətdarlığımı necə bildirə bilərəm?»
Oturub həyatıma nəzər saldım. Müqəddəs Kitabdan öyrənirdim ki, bölüşmək insana daha böyük xoşbəxtlik gətirir və məndə öyrəndiklərimi başqalarına danışmaq istəyi yarandı (Həvarilərin işləri 20:35). Peşəkar idmançı olduğuma görə ilin təxminən 200 günü turnirlərə qatılırdım, evdən uzaqda olurdum. Ailəmin bütün həyatı mənim məşqlərim, iş qrafikim, karyeram üzərində qurulmuşdu. Həyatımda dəyişiklik etməli idim.
Bilirdim ki, dini səbəbə görə parlaq idman karyeramı dayandırmaq qərarımı çoxları anlamayacaq. Amma Yehovanı daha yaxından tanımaq və əbədi həyatı qazanmaq tennis oynayaraq qazana biləcəyim istənilən mükafatdan qat-qat dəyərli idi. Odur ki, qərar qəbul etmək çətin olmadı. İnsanların nə deyəcəyinə fikir verməməyə qəti qərarlı idim, çünki bu, mənim qərarım idi. Başqalarının təzyiqlərinə qarşı durmaqda mənə ən çox Zəbur 118:6 ayəsindəki sözlər kömək edirdi, orada yazılıb: «Yehova mənim tərəfimdədir, qorxmaram, insan mənə nə edə bilər?»
Həmin vaxtlarda bəzi sponsorlar mənə gəlirli müqavilə təklif etdilər. Təklifi qəbul etsəm, uzun illər rahatlıqla professional tennis karyeramı davam etdirə biləcəkdim. Lakin mən artıq qərarımı vermişdim, odur ki, təklifdən imtina etdim və ATP turnirlərində oynamağa son qoydum. Müqəddəs Kitabı öyrənməyə davam etdim və 1994-cü il iyulun 2-si vəftiz olunaraq Yehovanın Şahidi oldum.
MƏNƏ FAYDASI
Mənim Allah haqqında düşünməyimə səbəb başıma gələn hər hansı bir faciə olmadı. Həqiqəti axtaran biri də olmamışam. Əksinə, həyatımdan tam razı idim və daha artığını arzulamırdım. Amma gözlənilmədən həyatım ağlıma belə gətirməyəcəyim tərzdə yaxşılaşdı. Sanki Müqəddəs Kitab həqiqətləri onları tapmağımı və həyatın daha dərin məna daşıdığını öyrənməyimi istəyirdi. İndi ailəmiz daha möhkəmdir. Üç oğlumun da mənim addımlarımı — idmançı kimi yox, məsihi kimi atdığım addımları izləməsi mənə xüsusi sevinc bəxş edir.
Tennis oynamaqdan hələ də zövq duyuram. Uzun illərdir ailəmi tennis sahəsində işləməklə, məsələn, tennis mərkəzində məşqçi və meneceri kimi çalışaraq təmin edirəm. Amma daha həyatım idman üzərində qurulmayıb. Əvvəllər daha yaxşı tennisçi olmaq, çempionluq qazanmaq üçün həftə ərzində saatlarla məşq edirdim. İndi isə tamvaxtlı təbliğçi kimi vaxtımı insanlara sərf edirəm, onlara həyatımı dəyişən Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağı öyrədirəm. Yehova ilə münasibətlərimi həyatımda hər şeydən üstün tutmaq və gözəl gələcəklə bağlı ümidimi başqaları ilə bölüşmək mənə böyük sevinc bəxş edir (1 Timutiyə 6:19).
a ATP — Peşəkar Tennisçilər Assosiasiyasının ingiliscə qısaltmasıdır. Peşəkar Tennisçilər Assosiasiyası professional kişi tennisçilər üçün turnirlər təşkil edir. ATP Tur bir neçə turnirdən ibarət olur, turnirlərdə qalib gələn iştirakçılar pul mükafatları və dünya reytinqini müəyyən edən xallar qazanır.