MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
Nəhayət atamla barışdım
DOĞULDUĞU İL: 1954
ÖLKƏ: Filippin
KEÇMİŞDƏ: Zalım atasına görə evdən uzaqlaşıb
KEÇMİŞİM
Çoxlu turistlər Paqsanhan şəhəri (Filippin) yaxınlığındakı məşhur şəlaləni görməyə gəlir. Atam Nardo Leron burada yoxsulluq içində böyüyüb. O, hökumətdə, polislərdə, iş yerində korrupsiyanın baş alıb getdiyini gördükcə qəddar və qəzəbli insana çevrildi.
Səkkiz uşağı boya-başa çatdırmaq üçün valideynlərim gecə-gündüz çalışırdılar. Onlar tez-tez uzun müddətliyinə evdə olmurdular, dağlarda azuqə toplayırdılar. Həmişə qardaşım Rodilio ilə bir-birimizin qeydinə qalmalıydıq və çox vaxt ac qalırdıq. Başqa uşaqlar kimi oynamağa çox imkanımız olmurdu. Hamımız yeddi yaşımızdan əkin sahələrində işləmişik. Enişli-yoxuşlu dağlıq ərazidə ağır kokos torbaları daşıyırdıq. Ağır torbaları qaldırmaq çox çətin olanda məcbur qalıb onları sürüyürdük.
Atamızın bizi döyməsinə dözməli idik, amma anamıza əl qaldırdığını görmək bizə çox ağır gəlirdi. Onu dayandırmağa çalışsaq da, gücümüz çatmırdı. Rodilio ilə mən aramızda gizlicə qərara gəldik ki, böyüyəndə atamızı öldürək. Elə istəyirdim ki, bizi sevən bir atamız olsun!
Atamın zorakı rəftarına görə 14 yaşımda ümidsiz və acıqlı halda evi tərk etdim. Bir müddət küçələrdə yaşadım və marixuana çəkməyə başladım. Nəhayətdə, turistləri şəlaləyə aparan qayıqçı kimi işləməyə başladım.
Bir neçə il sonra Manilada universitetdə oxumağa başladım. Lakin həftəsonları işləmək üçün Paqsanhana qayıtdığım üçün dərslərimi oxumağa çox az vaxtım qalırdı. Həyatım məqsədsiz qaçış trenajoruna bənzəyirdi, marixuana artıq narahatçılığımı dindirmirdi. Mən metamfetaminlər, kokain və heroin qəbul etməyə başladım. Narkotiklər və cinsi əxlaqsızlıq bir-birilə çox əlaqəlidir. Yoxsulluq, haqsızlıq və iztirab yaxamı buraxmırdı. Hökumətə nifrət edirdim və olub-bitənlərə görə onu cavabdeh bilirdim. Allahdan soruşurdum: «Həyat niyə belədir?» Müxtəlif dinləri araşdırsam da, heç bir cavab tapa bilmirdim. Çarəsizliyimi gizlətmək üçün daha çox narkotik qəbul edirdim.
1972-ci ildə Filippində tələbələr hökumətə qarşı etiraz aksiyaları təşkil etdilər. Həmin etiraz aksiyalarından birinə qoşuldum, bu aksiya isə zorakılığa çevrildi. Çoxları həbs edildi, aylar sonra bütün ölkədə hərbi vəziyyət elan edildi.
Yenidən küçələrdə yaşamağa başladım. Üsyana qoşulduğum üçün bu dəfə hökumət nümayəndələrindən qorxurdum. Narkotik almaq üçün son çarə olaraq oğurluğa başladım. Axırda varlı insanlar və əcnəbilər üçün fahişəlik xidməti göstərməyə başladım. Sanki yaşayan bir ölü idim.
Bu müddət ərzində anamla balaca qardaşım Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsinə başladı. Atam özündən çıxdı, onların Müqəddəs Kitaba əsaslanan ədəbiyyatını yandırdı. Bununla belə, onlar qətiyyətlə davam etdilər və Yehovanın Şahidi kimi vəftiz olundular.
Günlərin bir günü bir Yehovanın Şahidi atama yer üzündə ədalətin bərpa olunacağına dair Müqəddəs Kitabın gələcəklə bağlı vədini çatdırdı (Zəbur 72:12—14). Bu vəd atamın diqqətini o qədər cəlb etdi ki, Müqəddəs Kitabı araşdırmağa qərar verdi. Orada o, nəinki ədalətli hökumət barədə Allahın vədini axtarıb tapdı, üstəlik, Allahın ərlərdən və atalardan nə tələb etdiyini də öyrəndi (Efeslilərə 5:28; 6:4). Çox keçməmiş, atam və digər bacı-qardaşlarım Yehovanın Şahidi oldular. Evdən uzaqda olduğum üçün bunların heç birindən xəbərim yox idi.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ
1978-ci ildə Avstraliyaya köçdüm. Bu cür zəngin və sülh şəraitində olan ölkədə də qəlb rahatlığı tapa bilmirdim. Hələ də içki içir və narkotik qəbul edirdim. Elə həmin il Yehovanın Şahidləri qapımı döydülər. Onların Müqəddəs Kitabdan sülh şəraitindəki yer üzü haqda oxuduqları çox xoşuma gəldi, lakin onlara qoşulmağa ehtiyat edirdim.
Qısa müddət sonra bir neçə həftəlik Filippinə qayıtdım. Bacı-qardaşlarım mənə dedi ki, atam yaxşı insan olmaq üçün çox çalışır. Amma ürəyim o qədər qırılmışdı ki, onu görmək belə istəmirdim.
Balaca bacım mənə Müqəddəs Kitabdan həyatda nəyə görə bu qədər əzab-əziyyətin və haqsızlığın olduğunu başa saldı. Həyat təcrübəsi olmayan yeniyetmə bir qızın suallarıma cavab verə bilməsi məni çox təəccübləndirdi. Getməzdən əvvəl atam mənə «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz» a adlı kitabı verdi və dedi: «Bəsdir qaçdın. Bu kitab axtardığını tapmağa sənə kömək edəcək». O mənə məsləhət gördü ki, Avstraliyada Yehovanın Şahidlərini tapım.
Atamın sözünə qulaq asıb, Brisbendəki evimin yaxınlığında yerləşən Yehovanın Şahidlərinin ibadət evini tapdım. Müntəzəm Müqəddəs Kitab dərsləri keçməyə razılaşdım. Müqəddəs Kitab peyğəmbərliklərindən, məsələn, «Dənyal» kitabının 7-ci fəslində, «Əşiya» kitabının 9-cu fəslində yazılanlardan öyrəndim ki, gələcəkdə bizi korrupsiyasız bir hökumət, Allahın hökuməti idarə edəcək. Həmçinin yer üzündə Cənnət şəraitində yaşayacağımızı da öyrəndim. Allahın bəyəndiyi insan olmaq istəyirdim. Bunun üçün emosiyalarımı cilovlamalı, narkotik maddələrdən və içkidən sui-istifadəni dayandırmalı və əxlaqsız həyat tərzinə son qoymalı olduğumu anlayırdım. Birlikdə yaşadığım qızdan ayrıldım, zərərli vərdişlərimdən yaxa qurtardım. Yehovaya etibarım artdıqca duada Ondan xahiş edirdim ki, digər sahələrdə də dəyişməyə mənə kömək etsin.
Get-gedə mənə aydın oldu ki, öyrəndiklərim insanı tamamilə dəyişə bilər. Müqəddəs Kitabda deyilir ki, səy göstərsək, «yeni şəxsiyyəti» geyinə bilərik (Koloslulara 3:9, 10). Özüm buna can atdıqca anladım ki, atamın özünü dəyişməsi haqda eşitdiklərim doğru ola bilər. İçimdə ona qarşı bəslədiyim qəzəbin, kinin yerini onunla barışmaq istəyi tutdu. Nəhayət, atamı bağışladım və uşaqlıqdan ona bəslədiyim nifrəti yox etdim.
MƏNƏ FAYDASI
Gənc olduğum üçün həmyaşıdlarımın həlaka aparan və zərərli vərdişlərinə tez-tez uyurdum. Pis dostlar məni korlamışdı, Müqəddəs Kitabın bu barədə xəbərdarlığı mənim üzərimdə gerçək olmuşdu (1 Korinflilərə 15:33). Amma Yehovanın Şahidləri arasında özümə etibarlı dostlar tapdım, onlar mənə daha yaxşı insan olmağa kömək etdilər. Onların arasında gözəl həyat yoldaşım Loretta ilə də tanış oldum. Biz birlikdə insanlara Müqəddəs Kitabın onlara necə kömək edə biləcəyini öyrədirik.
Müqəddəs Kitaba minnətdaram, onun sayəsində atam heç vaxt təsəvvür edə bilməyəcəyim bir insan — anamı çox sevən bir ər, təvazökar və sülhpərvər bir məsihi oldu. 1987-ci ildə Yehovanın Şahidi kimi vəftiz olunandan sonra atamla görüşəndə o, həyatımda ilk dəfə idi ki, məni qucaqladı!
Atam anamla birgə Müqəddəs Kitab ümidini başqaları ilə 35 ildən çox bölüşüb. O, diqqətli və qayğıkeş insan olub başqalarına kömək edən biri kimi tanındı. Bu illər ərzində ona hörmət etməyi və onu sevməyi öyrəndim. Onun oğlu olduğum üçün qürur duyuram! O, 2016-cı ildə vəfat etdi, amma onu sevgi ilə anıram. Bilirəm ki, hər ikimiz Müqəddəs Kitab təlimlərini qəbul etdikcə həyatımızda köklü dəyişikliklər etmişik. Daxilimdə əvvəllər ona qarşı olan nifrətdən bir zərrə də qalmayıb. Bütün ailələrdəki bədbəxtliklərə son qoymağı vəd edən Səmavi Atamı, Allahım Yehovanı tapdığım üçün çox məmnunam.
a Yehovanın Şahidləri tərəfindən dərc edilirdi, ancaq indi dərc olunmur.