MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
Əsl sərvəti tapdım
Doğulduğu il: 1968
Ölkə: Birləşmiş Ştatlar
Keçmişdə: Varlı olmaq üçün dua edən iş adamı
KEÇMİŞİM
Nyu-York ştatının Roçester şəhərində katolik ailəsində böyümüşəm. Səkkiz yaşım olanda valideynlərim boşandı. Həftənin ara günlərini anamla yoxsulların yaşadığı məhəllədə, həftənin sonlarını isə atamla varlıların yaşadığı məhəllədə keçirirdim. Anam altı uşağı böyütmək üçün çox əziyyət çəkirdi. Buna görə də arzulayırdım ki, böyüyəndə varlı olub ailəmə kömək edim.
Atam istəyirdi ki, yaxşı həyatım olsun. Odur ki, məni nüfuzlu otel menecmentliyi kollecinə göndərdi. Ora çox xoşuma gəldi və mən kollecə yazıldım. Düşünürdüm ki, bu, varlı və xoşbəxt olmaq üçün Allaha etdiyim duaların cavabıdır. Burada beş il otel menecmentliyini, biznes qanunlarını və maliyyə işini öyrəndim. Eyni zamanda Nevada ştatının Las Veqas şəhərində kazino-oteldə işləyirdim.
İyirmi iki yaşım olanda artıq bir kazino-otelin köməkçi vitse-prezidenti idim. Varlı, həyatda uğur qazanmış insan hesab olunurdum, çox vaxt ən dadlı yeməklər yeyir, ən bahalı şərablar və likörlər içirdim. İş yoldaşlarım deyirdi: «Heç vaxt unutma, bu dünyanı pul idarə edir». Onların fikrincə, xoşbəxtlik pulda idi.
İşim Las Veqasa qumar oynamağa gələn zəngin müştəriləri razı salmaqdan ibarət idi. Bu insanlar varlı olsalar da, xoşbəxt görünmürdülər. Mən də get-gedə özümü bədbəxt hiss edirdim. Nə qədər çox pul qazanırdımsa, narahatlığım, yuxusuz gecələrim də bir o qədər artırdı. Canıma qəsd etmək barədə fikirlərə düşürdüm. Həyatımdan bezmişdim. Onda Allaha üz tutub soruşdum ki, xoşbəxtlik haradadır, onu necə tapım.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ
O aralarda Yehovanın Şahidi olan iki bacım Las Veqasa köçdü. Onların verdiyi ədəbiyyatları qəbul etməsəm də, onlarla öz Müqəddəs Kitabımı oxumağa razılıq verdim. Mənim Müqəddəs Kitabımda İsanın sözləri qırmızı hərflərlə çap edilmişdi. İsanın dediyi hər şeyi qəbul etdiyim üçün bacılarım əsasən mənə ondan danışırdılar. Həmçinin tək olanda da Müqəddəs Kitabı oxuyurdum.
Oxuduqca təəccüblənirdim. Məsələn, İsa demişdi: «Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin; zira onlar sanırlar ki, çox danışmaqla eşidiləcəklər» (Mətta 6:7, «The New American Bible»). Amma keşiş mənə İsanın şəklini verib demişdi ki, şəklə baxıb eyni duanı təkrar-təkrar etsən, Allah sənə istədiyin qədər pul verəcək. Bəs eyni sözləri dönə-dönə təkrar edəndə məgər mən də boş-boş danışmırdım? İsanın bu sözlərini də oxudum: «Həmçinin yer üzündə heç kəsi “Ata” çağırmayın, çünki bir Atanız var, O da göydədir» (Mətta 23:9). Məndə sual yarandı: «Bəs onda niyə mən və digər katoliklər keşişlərə “Ata” deyə müraciət edirik?»
Müqəddəs Kitabın «Yaqub» bölməsini oxuyanda həyatım, işim barədə dərindən fikirləşməyə başladım. «Yaqub» bölməsinin 4-cü fəslində yazılmışdı: «Məgər bilmirsiniz ki, dünya ilə dostluq Allahla düşmənçilik deməkdir? Buna görə də dünyanın dostu olmaq istəyən özünü Allahın düşməni edir» (Yaqub 4:4). 17-ci ayə isə məni əməlli-başlı silkələdi: «Buna görə də əgər kimsə düzgün işi necə görməyi bilir, amma görmürsə, o, günah edir». Onda bacılarımı çağırıb dedim ki, kazino-otel işi ilə qurtarıram, çünki qumar, tamahkarlıq kimi şeyləri artıq düzgün hesab etmirəm.
«Müqəddəs Kitabın “Yaqub” bölməsini oxuyanda həyatım, işim barədə dərindən fikirləşməyə başladım»
Allaha daha yaxın olmaq, valideynlərimlə, bacı-qardaşlarımla münasibətimi yaxşılaşdırmaq istəyirdim. Buna görə də qərara gəldim ki, həyatımı sadələşdirib onlara vaxt ayırım. Amma bu o qədər də asan olmadı. Çünki həmin vaxt mənə kazino-otel işində daha yüksək vəzifə, ikiqat, üçqat artıq maaşlı işlər təklif etdilər. Amma dua edəndən sonra qərar verdim ki, bu cür həyat mənlik deyil. İşdən çıxıb anamın qarajına köçdüm və kiçik biznes qurdum. Restoran menyularını laminasiya edirdim.
Düzdür, Müqəddəs Kitabın köməyilə düzgün qərarlar verdim. Amma hələ də Yehovanın Şahidlərinin ibadət görüşlərinə getmirdim. Bacılarım soruşdu ki, Yehovanın Şahidlərində nə xoşuma gəlmir. Mən dedim: «Sizin Allahınız Yehova ailələri dağıdır. Ailəylə birgə olmaq üçün bir Milad bayramında, bir də ad günülərində vaxtım olur, siz də onları qeyd etmirsiniz». Bacılarımdan biri ağlaya-ağlaya dedi: «Bəs ilin qalan günlərində sən hardasan? Biz istəyirik həmişə yanımızda olasan. Amma sən ancaq bayramlarda gəlmək istəyirsən, o da borc hissinə görə». Onun sözləri ürəyimi dəlib keçdi. Məni də ağlamaq tutdu.
Yehovanın Şahidlərinin nə qədər ailəcanlı olduğunu, özümün necə yanıldığımı başa düşəndə ibadət görüşlərindən birinə getmək qərarına gəldim. Orada Kevin adlı təcrübəli bir Şahidlə tanış oldum. O mənə Müqəddəs Kitab dərsi keçməyə başladı.
Kevinlə yoldaşı sadə həyat sürürdülər. Onlar vaxtlarının çoxunu insanlara Müqəddəs Kitabı öyrətməyə sərf edirdilər. Həmçinin öz hesablarına Afrikaya və Mərkəzi Amerikaya gedib Yehovanın Şahidlərinin filiallarının tikintisində kömək edirdilər. Onlar çox xoşbəxt idilər, bir-birilərini çox sevirdilər. Onlara baxanda fikirləşirdim ki, mən də bu cür həyat arzulayıram.
Kevin mənə başqa ölkədə xidmət etməyin gətirdiyi sevinc barədə bir video göstərdi. Məndə də bu cür xidmət etmək istəyi yarandı. Altı ay Müqəddəs Kitabı mütəmadi öyrənəndən sonra 1995-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundum. Daha Allahdan var-dövlət diləmirdim. İndi belə dua edirdim: «Məni nə kasıb elə, nə də varlı» (Məsəllər 30:8).
MƏNƏ FAYDASI
İndi mən həqiqətən varlıyam, amma maddi yox, ruhani cəhətdən. Hondurasda həyat yoldaşım Nuriya ilə tanış oldum. Biz bir yerdə Panamada xüsusi təyinatlı müjdəçi kimi xidmət etmişik. Hazırda isə Meksikada bu xidməti davam etdiririk. Doğrudan da, Müqəddəs Kitabdakı bu sözlər həqiqətdir: «Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən. O, bu bərəkətə kədər qatmaz» (Məsəllər 10:22).