Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Küçələr evim oldu»

«Küçələr evim oldu»
  • Doğulduğu il: 1955

  • Ölkə: İspaniya

  • Keçmişdə: Narkotik və spirtli içki aludəçisi, qəddar biri

KEÇMİŞİM

 Bəzi insanların başı daşdan-daşa dəysə də, heç bir nəticə çıxarmırlar. Onlardan biri də mən idim. İspaniyanın ikinci ən böyük şəhəri olan Barselonada doğulub boya-başa çatmışam. Biz Barselonanın ən böyük sahilyanı ərazisi olan Somorostroda yaşayırdıq. Somorostro cinayət və narkotik alveri ilə tanınırdı.

 Ailədə doqquz uşaqdan ən böyüyü mən idim. Çox kasıb olduğumuzdan atam məni yerli tennis klubunda top daşımaq işinə göndərdi. Cəmi on yaşım var idi və gündə 10 saat işləyirdim. Buna görə də başqa uşaqlar kimi məktəbə gedə bilmirdim. On dörd yaşım olanda emalatxanada işləməyə başladım.

1975-ci ildə Şimali Afrikada üzv olduğum İspan Xarici Legionunun xüsusi formasında

 1975-ci ildə hərbi xidmətə çağırıldım. Həyatımın macəralı keçməsini istəyirdim, ona görə də Şimali Afrikada İspaniya anklavı olan Melilya şəhərində İspan Xarici Legionuna könüllü üzv oldum. Beləcə, narkotik və spirtli içkilərdən sui-istifadə edən insanların əhatəsinə düşdüm.

 Legionu tərk edəndən sonra Barselonaya qayıtdım və quldur dəstəsi yaratdım. Biz əlimizə keçən hər şeyi oğurlayırdıq. Sonra bu əşyaları satıb özümüzə narkotik alırdıq. Zamanla LSD və amfetaminlər (narkotik maddələr) qəbul etməyə başladım. Əxlaqsız həyat tərzi sürür, spirtli içki içir və qumar oynayırdım. Get-gedə qəzəbli, qəddar insan oldum. Üstümdə həmişə balta, müxtəlif ölçülü bıçaqlar olurdu və lazım gələrdisə, qorxmadan onlardan istifadə edirdim.

 Bir dəfə quldur dəstəmlə birlikdə maşın oğurlamışdıq. Polis düz 30 kilometr yolu bizi təqib etdi. Lap film səhnəsinə oxşayırdı. Sonra polis atəş açmağa başladı və biz qəzaya uğradıq. Maşından çıxıb tez oradan qaçdıq. Atam bundan xəbər tutanda məni evdən qovdu.

 Növbəti beş ildə küçələr evim oldu. Qapıların ağzında, yük maşınlarında, park skamyalarında, qəbiristanlıqlarda yatırdım. Hətta bir müddət mağarada yaşadım. Həyatımın bir mənası yox idi. Ölsəm də, qalsam da vecimə deyildi. Narkotikin təsirindən biləklərimi və qollarımı necə kəsdiyimi xatırlayıram. İzləri hələ də qalıb.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 28 yaşım olanda anam məni axtarıb, evə qayıtmağımı istədi, mən də razılaşdım. Ona söz verdim ki, daha əvvəlki kimi olmayacağam. Ancaq bu, elə də asan olmadı.

 Bir gün iki Yehovanın Şahidi qapımızı döydü. Onlara qulaq asanda atam içəridən qışqırdı ki, qapını bağlayım. Kiminsə mənə əmr etməsi heç xoşuma gəlmədiyi üçün atamın sözünə məhəl qoymadım. Şahidlərin mənə təklif etdiyi üç kitabı məmnuniyyətlə qəbul etdim və harada yığışdıqlarını soruşdum. Bir neçə gün sonra isə ibadət evinə getdim.

 İbadət evində diqqətimi çəkən ilk şey hamının səliqəli geyinməsi idi. Mən isə uzun saç-saqqalım və səliqəsiz geyimimlə onlardan fərqlənirdim. Oraya münasib olmadığım açıq-aydın görünürdü. Buna görə də bayırda dayandım. Birdən keçmiş quldur dəstəmizdən olan Conu gördüm. Özü də kostyumda! Sən demə, o, düz bir ildir Yehovanın Şahidi imiş. Onun orada olması məndə bir əminlik yaratdı ki, içəri keçim baxım. O gündən həyatım dəyişməyə başladı.

 Müqəddəs Kitabı öyrənməyə razı oldum. Başa düşdüm ki, Allahın razılığını qazanmaq istəyirəmsə, aqressiv xasiyyətimi və əxlaqsız həyat tərzimi dəyişməliyəm. Amma bu, elə də asan deyildi. Yehova Allahı razı salmaq üçün düşüncəmi yeniləşdirərək büsbütün dəyişməli idim (Romalılara 12:2). Allahın mərhəməti mənə dərin təsir bağışladı. Bütün səhvlərimə baxmayaraq, Onun mənə hər şeyə yenidən başlamağa şans verdiyini hiss edirdim. Yehova haqda öyrəndiklərim qəlbimin dərinliyinə qədər nüfuz etdi. Doğrudan da, qayğıma qalan bir Yaradanım var idi (1 Butrus 5:6, 7).

 Bunu bilmək dəyişməyim üçün bir təkan oldu. Misal üçün, Müqəddəs Kitab dərsimdə siqaret mövzusunu araşdıranda öz-özümə dedim: «Əgər Yehova Allah mənim hər cəhətdən təmiz və pak olmağımı istəyirsə, deməli, siqareti tərgitməliyəm!» (2 Korinflilərə 7:1). Beləcə, onları zibil qutusuna atdım.

 Həmçinin narkotik istifadəsinə və alverinə də son qoymalı idim. Bu isə daha çətin idi və daha çox vaxt lazım idi. Bilirdim ki, məqsədimə nail olmaq üçün quldur dəstəmlə bütün əlaqəmi kəsməliyəm. Onların təsiri ruhani inkişafıma maneə olurdu. Vaxt keçdikcə Yehovaya və yığıncaqdakı yeni dostlarımın köməyinə daha çox arxalanmağa başladım. Onlar mənə heç vaxt görmədiyim sevgi və qayğı göstərirdi. Aylar keçdi, nəhayət, narkotikdən qurtuldum və Allahın razılığını qazanmağa kömək edən «yeni şəxsiyyətə bürün»düm (Efeslilərə 4:24). 1985-ci ilin avqust ayında Yehovanın Şahidi oldum.

MƏNƏ FAYDASI

 Müqəddəs Kitabın sayəsində həyatım yaxşılığa doğru dəyişdi. Bədənimi və mənliyimi məhv edən zərərli həyat tərzindən azad oldum. Keçmiş dostlarımın 30-undan çoxu cavan yaşında QİÇS və narkotik maddələrin yaratdığı digər xəstəliklər ucbatından həyatını itirdi. Şükürlər olsun ki, Müqəddəs Kitab məsləhətlərini həyatımda tətbiq edərək onların faciəvi aqibətindən qurtuldum.

 Üzərində bıçaq və balta daşıyan o qəddar gənc artıq keçmişdə qaldı. Heç ağlıma da gəlməzdi ki, bir gün insanlara kömək etmək üçün üzərimdə Müqəddəs Kitab daşıyacağam. İndi həyat yoldaşımla ikimiz Yehovanın Şahidi kimi tamvaxtlı xidmətdə iştirak edirik.

 Valideynlərim Yehovanın Şahidi olmadı. Bununla belə, Müqəddəs Kitabın həyatımdakı müsbət təsirinə görə olduqca minnətdardırlar. Hətta atam öz iş yoldaşlarının qarşısında Yehovanın Şahidlərini müdafiə edirdi. O, açıq-aydın görürdü ki, yeni etiqadım həyatımı kökündən dəyişib. Anam isə tez-tez «kaş Müqəddəs Kitabı çoxdan öyrənərdin» deyərdi. Onunla tamamilə razıyam!

 Həyat mənə öyrətdi ki, narkotik və digər zərərli vərdişlərdə həzz axtarmaq ağılsızlıqdır. İndi mən həyatımı xilas edən Allahın Kəlamını başqalarına öyrətməkdən həzz alıram.