Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Tez özümdən çıxan biri idim»

«Tez özümdən çıxan biri idim»
  • Doğulduğu il: 1975

  • Ölkə: Meksika

  • Keçmişdə: Davakar və məhbus

KEÇMİŞİM

 Mən Çyapas ştatının (Meksika) kiçik şəhəri San Xuan Çankalaytoda doğulmuşam. Ailəm Mayya mənşəli etnik qrup olan Çol xalqına məxsusdur. Ailəmizdəki 12 uşaqdan beşincisi mənəm. Balaca olanda bacı-qardaşlarımla birgə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdik. Amma təəssüf ki, yeniyetmə yaşlarımda Müqəddəs Kitab məsləhətlərinə riayət etmirdim.

 13 yaşım olanda narkotik qəbul edir və oğurluqla məşğul olurdum. Elə həmin yaşda evi tərk etdim və sərsəri həyat yaşadım. 16 yaşımda marixuana plantasiyasında işləməyə başladım. Təxminən bir il idi ki, orada işləyirdim. Bir gecə qayıqla böyük partiya marixuana daşıyanda rəqib narkotik kartelindən yaxşı silahlanmış adamlar bizə hücum etdi. Onlar atəş açarkən xilas olmaq üçün çaya tullandım və xeyli uzaqda aşağı axından çıxdım. Bundan sonra Birləşmiş Ştatlara qaçdım.

 Birləşmiş Ştatlarda narkotik alverinə davam etdim, bu isə daha böyük problemlərə səbəb oldu. 19 yaşımda tutuldum, soyğunçuluq və cinayətə təşəbbüs ittihamı ilə həbs edildim. Həbsxanada bir quldur dəstəsinə qoşularaq daha zorakı əməllər törətdim. Nəticədə, məni Pensilvaniya ştatının Lüisburq şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürdülər.

 Lüisburq həbsxanasında davranışlarım daha betər oldu. Quldur dəstəsinə məxsus döymələrim olduğu üçün həbsxanada eyni quldur dəstəsinə çox asanlıqla qoşuldum. Bir davadan çıxıb digərinə girirdim, beləcə daha zorakı birinə çevrildim. Bir dəfə həbsxana həyətində quldur dəstələrinin davasına qatıldım. Beyzbol çubuğu və idman çəki daşları ilə çox şiddətli dava etdik. Həbsxana gözətçiləri davanı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etdi. Bundan sonra həbsxana müdiriyyəti məni təhlükəli məhbuslar üçün xüsusi cəzaçəkmə müəssisəsinə yerləşdirdi. Tez özümdən çıxan biri idim və yaman söyüş söyürdüm. İnsanları döymək mənim üçün heç nə idi. Açığı, bu, mənə ləzzət edirdi. Etdiklərimə görə vicdan əzabı çəkmirdim.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 Xüsusi cəzaçəkmə müəssisəsində günün çox hissəsini öz kameramda keçirməli olurdum, buna görə də vaxtı öldürmək üçün Müqəddəs Kitabı oxuyurdum. Sonra bir mühafizəçi mənə «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz» a kitabını verdi. Müqəddəs Kitabın bu təlim nəşrini oxuduqca uşaq vaxtı Yehovanın Şahidləri ilə öyrəndiyim çox şey yadıma düşürdü. Bundan sonra zorakı xasiyyətim ucbatından nə qədər bataqlığa düşdüyüm barədə düşündüm. Həmçinin ailəm ağlıma gəldi. İki bacım artıq Yehovanın Şahidi olduğu üçün birdən: «Onlar əbədi həyatda yaşayacaqlar», — deyə düşündüm. Sonra özümdən soruşdum: «Bəs mən niyə yaşamayım?» Elə həmin an dəyişməyə qəti qərar verdim.

 Bundan əlavə, başa düşdüm ki, dəyişmək üçün köməyə ehtiyacım var. Beləliklə, ilk öncə Yehova Allaha dua etdim və mənə kömək etməsi üçün yalvardım. Sonra Yehovanın Şahidlərinin Birləşmiş Ştatlardakı filialına yazıb, mənimlə Müqəddəs Kitab dərsi keçmələrini xahiş etdim. Həmin vaxt ailə üzvüm olmayan ziyarətçilərlə görüşməyə iznim yox idi. Ona görə Yehovanın Şahidlərindən biri mənə ruhlandırıcı məktublar yazmağa və Müqəddəs Kitaba əsaslanan nəşrlər göndərməyə başladı. Bütün bunlar mənim dəyişmək əzmimi möhkəmləndirdi.

 Uzun illərdir aid olduğum quldur dəstəsini tərk etmək qərarına gəlməklə ən böyük addımı atdım. Bu quldur dəstəsinin başçısı da xüsusi cəzaçəkmə müəssisəsində idi. İstirahət vaxtı ona yaxınlaşıb, Yehovanın Şahidi olmaq istədiyimi dedim. Onun cavabı məni çox təəccübləndirdi: «Əgər ciddisənsə, onda ol. Allahla arana girə bilmərəm. Amma məqsədin sadəcə dəstəni tərk etməkdirsə, onda başına gələcəklərdən xəbərdarsan».

 Növbəti iki il ərzində həbsxana işçiləri mənim necə dəyişdiyimi gördülər. Nəticədə, onlar mənə qarşı daha anlayışlı oldular. Məsələn, yuyunmaq üçün kameradan çıxanda məni müşayiət edən mühafizəçilər artıq əlimə qandal taxmırdılar. Hətta onlardan biri yaxınlaşıb, dəyişməyə davam etməyim üçün məni ruhlandırdı. Həbsxana müdiriyyəti məni əsas həbsxanaya yaxın yüngül rejimli cəzaçəkmə müəssisəsinə köçürdü. Həbsxanadakı son ilimi elə orada keçirdim. On il həbsdə yatdıqdan sonra, 2004-cü ildə azadlığa buraxıldım və məhbus avtobusu ilə Meksikaya deportasiya edildim.

 Meksikaya çatandan qısa müddət sonra Yehovanın Şahidlərinin ibadət evlərinin birinə getdim. İlk ibadət görüşünə məhbus paltarında gəlmişdim. Bu mənim ən ədəbli paltarım idi. Görünüşümə baxmayaraq, Yehovanın Şahidləri məni səmimi qarşıladılar. Onların mehribanlığını görəndə hiss etdim ki, həqiqi məsihilərin arasındayam (Yəhya 13:35). Elə həmin görüşdə yığıncaq ağsaqqalları mənimlə müntəzəm Müqəddəs Kitab dərsi keçirilməsi üçün tədbir gördülər. Bir ildən sonra, 2005-ci il sentyabrın 3-ü Yehovanın Şahidi kimi vəftiz olundum.

 2007-ci ilin yanvarında tamvaxtlı xidmətə başladım və hər ay başqalarına Müqəddəs Kitab dərsi keçməyə 70 saat vaxt ayırdım. 2011-ci ildə Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbinin (indi Padşahlıq Müjdəçiləri Məktəbi adlanır) məzunu oldum. Bu məktəbin yığıncaqdakı məsuliyyətlərimi yerinə yetirməkdə mənə böyük köməyi dəydi.

İndi başqalarına sülhpərvər olmağı öyrədirəm

 2013-cü ildə əziz həyat yoldaşım Pilar ilə ailə qurdum. Pilar zarafatla deyir ki, onun keçmişim haqda danışdıqlarıma inanmağı gəlmir. Heç vaxt keçmiş günlərimə qayıtmaq istəməzdim. Həyat yoldaşım da, mən də inanırıq ki, bugünkü dəyişikliyim Müqəddəs Kitabın gücü sayəsində mümkün olub (Romalılara 12:2).

MƏNƏ FAYDASI

 Düşünürəm ki, İsanın Luka 19:10 ayəsindəki sözləri mənə aiddir. Həmin ayədə o demişdi: «[Mən] itkinləri tapıb xilas etməyə [gəlmişəm]». Artıq özümü itkin hiss etmirəm. İnsanlara zərər vurmuram. Həyatda ən ümdə məqsədə sahib olduğuma, başqaları ilə sülh içində yaşadığıma və ən əsası Yaradanım Yehova ilə gözəl münasibətlərə sahib olduğuma görə Müqəddəs Kitaba minnətdaram.

[HAŞİYƏ]

a Bu kitab Yehovanın Şahidləri tərəfindən nəşr edilib, amma artıq dərc edilmir. Hal-hazırda onların əsas təlim vəsaiti «Əbədi xoşbəxt həyat!» kitabıdır.