Həyatımızı sadələşdirməyə qərar verdik
Madian və Marsela adlı cütlük Kolumbiyanın Medelyin şəhərində yaşayırdı. Onlar imkanlı idilər. Madian yüksək maaşlı işdə işlədiyindən gözəl mənzildə yaşayırdılar. Lakin bir şey onları təşviq etdi ki, Yehova Allahın xidmətçiləri kimi həyatda nəyə üstünlük verdiklərinə yenidən nəzər salsınlar. Onlar deyir: «2006-cı ildə biz “Gözünüzü sağlam saxlayın” adlı rayon toplantısında olduq. Çıxışların çoxunda Allaha daha çox xidmət etmək üçün həyatı sadələşdirməyin vacibliyi vurğulanırdı. Toplantıdan sonra başa düşdük ki, biz tam əksini edirik. Əşyabaz olub getmişdik, borcumuz da başımızdan aşırdı».
Bu çağırış Madianla Marselanı ruhani yuxudan silkələyib ayıltdı və həyatlarını sadələşdirməyə başladılar. Onlar deyir: «Xərclərimizi azaltdıq. Kiçik mənzilə köçdük, maşınımızı satıb, motosiklet aldıq». Bundan başqa, onlar daha ticarət mollarına getmədilər ki, alış-veriş də etməsinlər. İnsanlara Müqəddəs Kitab haqqında danışmağa daha çox vaxt ayırmağa başladılar. Həm də onlar xüsusi öncül a kimi xidmət edən məsihilərlə dostlaşdılar.
Çox keçməmiş Madianla Marsela xidmətlərini bir az da genişləndirmək üçün şəhər kənarında yerləşən və köməyə ehtiyacı olan kiçik bir yığıncağa keçmək qərarına gəldilər. Madian işdən çıxdı ki, ora köçə bilsinlər. Onun işdən çıxması supervayzerinin gözündə ağılsızlıq idi. Ancaq Madian ondan soruşdu: «Sən çoxlu pul qazanırsan. Bəs xoşbəxtsən?» O etiraf etdi ki, əslində xoşbəxt deyil, çünki problemi başından aşır, heç birini də yoluna qoya bilmir. Onda Madian dedi: «Deməli, əsas məsələ pulun çox olması yox, səni nəyin xoşbəxt etməsidir. İnsanlara Allah haqqında öyrətməkdən yoldaşım da, mən də sevinc duyuruq. İstəyirik, özümüzü tamamilə bu işə həsr edib daha çox xoşbəxt olaq».
Madianla Marsela ruhani işlərə can atmaqla əsl məmnunluğu və xoşbəxtliyi tapdılar. Onlar 13 il Kolumbiyanın şimal-şərqində təbliğçiyə böyük tələbat olan yığıncaqlarda xidmət edib. Hazırda isə xüsusi öncül kimi xidmət edirlər.
a Xüsusi öncüllər müjdəni müəyyən ərazilərdə tamvaxtlı təbliğ etmək üçün Yehovanın Şahidlərinin filialı tərəfindən təyin olunur. Zəruri tələbatlarını ödəmək üçün onlara kiçik məbləğdə pul verilir.