Xidmətə hazır könüllülər. Bolqarıstanda
Bolqarıstanda Yehovanın Şahidləri Allah və Müqəddəs Kitab barədə həqiqətləri insanlara öyrətməklə məşğuldur. Onlara kömək etmək üçün 2000-ci ildən başqa ölkələrdən yüzlərlə Şahid Bolqarıstana köçüb. Xaricdə xidmətin hansı çətinlikləri var? Nəyə görə bu çətinliklərdən keçməyə dəyər? Gəlin Bolqarıstana köçmüş bəzi könüllülərin özlərindən soruşaq.
Məqsəd qoyun
Vaxtilə İngiltərədə yaşamış Daren deyir: «Təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət etmək həmişə arzumuz olub. Donla evləndikdən sonra biz ruslara təbliğ etmək üçün Londona köçdük. Bir neçə dəfə xaricə köçməyi planlaşdırmışdıq, lakin müxtəlif səbəblərə görə planlarımız baş tutmadı. Köçmək planından artıq əlimizi üzmüşdük ki, dostumuz vəziyyətimizin dəyişdiyini və bu məqsədin əlçatan olduğunu bizə başa düşməyə kömək etdi». Daren və Don təbliğçilərə ehtiyac olan və köçə biləcəkləri ölkə axtarmağa başladılar. Beləcə, 2011-ci ildə onlar Bolqarıstana köçdülər.
Əvvəl-əvvəl başqa ölkəyə köçmək məqsədi olmayanlar üçün güclü təkan xaricə köçənlərin xidmətdən duyduğu sevinc oldu. Yoldaşı Luka ilə birgə İtaliyada yaşamış Cada deyir: «Cənubi Amerikada və Afrikada böyük sevinclə xidmət edən Yehovanın Şahidləri ilə tanış oldum. Onların saçdığı sevinc və danışdıqları maraqlı hadisələr mənə güclü təəssürat bağışladı. Onda mən ruhani məqsədlərimi dəyişmək qərarına gəldim».
Tomas və Veronika uşaqları Klara və Matiasla birgə 2015-ci ildə Çexiya Respublikasından Bolqarıstana köçdülər. Onları buna nə təşviq etdi? Tomas deyir: «Biz xaricə köçən bacı-qardaşların və qohumlarımızın nümunəsini yaxşı-yaxşı nəzərdən keçirdik və onlarla baş verən hadisələr barədə düşündük. Biz onlar barədə öz aramızda tez-tez danışırdıq. Onların sevinci bizə də sirayət etdi». Bu xoşbəxt ailə hal-hazırda yeni ərazidə — Bolqarıstanın Montana şəhərində xidmət edir.
Bolqarıstana köçən Yehovanın Şahidlərindən biri də Lindadır. O deyir: «Uzun illər əvvəl Ekvadorda olanda xidmət etmək üçün ora köçən bacı-qardaşlarla tanış oldum. Özümə dedim ki, yəqin, mən də nə vaxtsa təbliğçilərə ehtiyac olan əraziyə köçərəm». Finlandiyadan olan ər-arvad Petteri və Nadya da başqalarının nümunəsi üzərində düşünürdü. Onlar deyir: «Bizim yığıncaqda bir neçə təcrübəli təbliğçi var idi. Onlar insanlara Müqəddəs Kitabı öyrətmək üçün başqa bir əraziyə köçmüşdülər. Bu cür xidmətdə keçirdikləri illər barədə onlar həmişə şövqlə danışırdılar. Onlar deyirdilər ki, həmin illər həyatlarının ən yaxşı illəri olub».
Qabaqcadan hazırlaşın
Xaricdə xidmət etmək üçün hər şeyi əvvəlcədən yaxşı-yaxşı planlaşdırmaq çox vacibdir (Luka 14:28—30). Belçikadan olan Nela xatırlayır: «Xarici ölkədə xidmət etmək barədə ciddi düşünməyə başlayanda dua edib nəşrlərimizdə buna dair məqalələr axtarmağa başladım. Onları araşdıranda köçməyə hazır olmaq üçün nələrin üzərində işləməli olduğumu qeyd edirdim».
Polşadan olan Kristian və İrmina doqquz ildən çoxdur Bolqarıstanda yaşayır. Bura köçməzdən əvvəl onlar Polşada bolqardilli qrupun görüşlərində iştirak edirdilər və bunun onlara böyük köməyi dəydi. Qrupdakılar onlara dəstək olur və dili öyrənməyə kömək edirdilər. Kristian və İrmina deyir: «Biz gördük ki, insan özünü Yehovaya xidmətə təqdim edəndə Yehova onun bütün ehtiyaclarının qayğısına qalır. Bu çox gözəl hissdir! Yehovaya deyəndə ki, “mən gedərəm, məni göndər”, o zaman heç vaxt ağlına gətirmədiyin işləri görə bilirsən» (Əşiya 6:8).
İsveçrədən olan Reto və Korneliya pul yığmaq üçün həyatlarını sadələşdirdilər. Onlar deyir: «Bolqarıstana köçməzdən bir il əvvəl biz oradakı həyat barədə öyrənmək üçün birhəftəlik ora getdik. Biz orada xidmət edən təcrübəli xüsusi təyinatlı müjdəçilərlə danışdıq və onlar bizə praktiki məsləhətlər verdilər». Reto və Korneliya həmin məsləhətlərə əməl etdilər və artıq 20 ildən çoxdur Bolqarıstanda yaşayırlar.
Çətinlikləri aşın
Xaricə köçənlər yeni, bəzən isə çətin şəraitə uyğunlaşmalı olur (Həvarilərin işləri 16:9, 10; 1 Korinflilərə 9:19—23). Çoxları üçün ən böyük çətinlik yeni dil öyrənməkdir. Yuxarıda adı çəkilən Luka deyir: «Yığıncaqlarda şərh vermək bizim həmişə xoşumuza gəlirdi. Lakin Bolqarıstana təzə-təzə köçəndə yoldaşımla mənə bolqar dilində hətta sadə şərh belə hazırlamaq çətin idi. Elə bil yenidən uşaqlığa qayıtmışdıq. Amma düzü, yerli uşaqların verdiyi şərhlər bizimkilərdən qat-qat yaxşı idi».
Almaniyadan olan Ravil deyir: «Dili öyrənmək çox yorucu idi. Amma tez-tez özümə deyirdim: “Səhv edəndə ürəyinə salma, gülə-gülə üstündən keç”. Çətinliklərə problem kimi yox, Yehovaya müqəddəs xidmətimin bir hissəsi kimi yanaşırdım».
Yuxarıda adı çəkilən Linda deyir: «Mənə yeni dil öyrənmək çətindir. Bolqar dili asan dil deyil və dəfələrlə bu işin daşını atmağı fikirləşirdim. İnsanlara fikrini çatdıra bilməyəndə və onların nə dediyini başa düşməyəndə özünü tənha hiss edirsən. Ruhən möhkəm qalmaq üçün ədəbiyyatlarımızı İsveç dilində oxuyurdum. Nəhayət, əziz bacı-qardaşlarımın köməyilə dil səddini aşdım».
Xaricə köçənlərin bəziləri evləri, dostları, yaxınları üçün bərk darıxırlar. Bolqarıstana həyat yoldaşı Yanislə birgə köçmüş Eva deyir: «Əvvəl-əvvəl özümü tənha hiss edirdim. Buna görə köhnə dostlarımız və yaxınlarımızla tez-tez ünsiyyət edirdik, amma eyni zamanda burada da yeni insanlarla dostlaşırdıq».
Başqa çətinliklər də var. Bolqarıstana İsveçrədən köçmüş Robert və Liana deyir: «Dili öyrənmək, mədəniyyətə öyrəşmək çətin idi. Üstəlik, burada qış aylarının belə soyuq keçdiyinə hazır deyildik». Lakin nikbinlik və yumor hissi sayəsində bu ər-arvad artıq 14 ildir ki, Bolqarıstanda sədaqətlə xidmət edir.
Xeyir-dualar
Lili təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət etməyi tövsiyə edir. O deyir: «Burada mən Yehovanı başqa tərəfdən tanıdım, öz ölkəmdə belə imkanım olmazdı. Bütün günüm başqalarına kömək etməklə keçir. Bunun sayəsində ruhən inkişaf edirəm, sevinc və məmnunluq duyuram». Yoldaşı Ravil də bu sözlərlə razıdır. O deyir: «Bundan yaxşı həyat ola bilməz: bu cür xidmət müxtəlif ölkələrdən olan çalışqan, təbliğ və təlim işində təcrübəli bacı-qardaşlarla tanış olmaq imkanı yaradır. Onlardan çox şey öyrənmişəm».
Çoxlarının göstərdiyi hazırlıq ruhu sayəsində «Padşahlıq haqqındakı bu müjdə... bütün yer üzündə» müvəffəqiyyətlə təbliğ olunur (Mətta 24:14). Bolqarıstana köçmüş fədakar könüllülər Yehovanın onların ürəyinə görə verdiyini və bütün işlərini avand etdiyini görmüşlər (Zəbur 20:1—4).