Kontentə keç

Palıd ağacından dualar

Palıd ağacından dualar

 Hal-hazırda Dominikan Respublikasında yaşayan Reyçel deyir: «Mən Yehovaya xidmət edən bir ailədə dünyaya göz açmışam. Təəssüf ki, yeddi yaşım olanda atam Yehovanın xalqı ilə əlaqəni kəsdi və həqiqətə qəti şəkildə qarşı çıxmağa başladı. O mənim Yehovaya ibadət etməyimə mane olurdu. Məsələn, fikrimi dəyişmək üçün mənə təkliflər edirdi. O deyirdi ki, Yehovaya xidmətimi dayandırsam, mənə cib telefonu alacaq, Disneylendə aparacaq və kredit kartı verəcək. Bəzən isə yumruqlarını işə salıb məni döyürdü, Yehovadan ayırmaq istəyirdi. Deyirdi ki, əgər danışa və gəzə bilməsəm, yığıncağa da gedə bilməyəcəyəm. Amma nə qədər çalışsa da, məni dayandıra bilmirdi. Yığıncaqlarda iştirak etməyə qəti qərarlı idim.

 Atam məni anam görməyəndə döyürdü və hədələyirdi ki, əgər bu barədə anama desəm, onu da döyəcək. O mənimlə məşq edirdi, məni döyüşməyi öyrənməyə məcbur edirdi və anama zədələri məşq zamanı aldığımı deyirdi.

 Yaşım az idi və atamdan çox qorxurdum. Buna görə də anama heç nə danışmırdım. Yalnız Yehovaya danışırdım. Merilenddəki (ABŞ) evimizin arxasında olan meşədə uzun gəzintiyə çıxırdım. Meşədə gözəl bir palıd ağacı var idi. Mən ağaca dırmaşıb, rahat bir budağa otururdum və Yehova ilə söhbət edirdim. Duada hisslərimi Onunla bölüşürdüm. Böyüyəndə Onun yolunda nələr edəcəyimi deyirdim. Düşünürdüm ki, o vaxta qədər həyatda qalmağıma ancaq Yehova kömək edə bilər. Həmçinin mən yeni dünyada nələr edəcəyim, quracağım ailə, ağrı-acısız, qorxusuz, sülh və sevinc içində yaşayacağım həyat haqqında Yehovaya danışırdım.

 Atam məni şirnikləndirərək, ya da döyərək Allahdan ayırmağa çalışanda Yehovanın məni möhkəmləndirdiyini görürdüm, əlini öz üzərimdə hiss edirdim. Yehova mənə sədaqətimi qorumağa və güclü olmağa kömək etdi.

 On yaşım olanda vəftiz olundum və iki ildən sonra öncül xidmətinə başladım. Əvvəl-əvvəl atamın bütün bunlardan xəbəri yox idi. Xəbər tutanda isə vurduğu yumruq çənəmi yerindən çıxardı.

 Bəziləri deyirdilər ki, mən öncül olmaq üçün çox gəncəm. Onlar düşünürdülər ki, bu qərarın vacibliyini hələ başa düşmürəm. Yaşadığım ərazidə gənc Yehovanın Şahidlərinin tədricən ruhən necə zəiflədiyini görürdüm. Onların başı partilərə, əyləncəyə qarışmışdı. Onların etdikləri elə cəlbedici görünürdü ki! Arada mənim də ürəyimdən onlar kimi yaşamaq keçirdi. Fikirləşirdim, görəsən, nəyə görə mən də təbliğ etməyi dayandırıb həmyaşıdlarım kimi öz həyatımı yaşamayım?! Amma bu fikirlər ağlıma gələn kimi Yehovaya danışırdım.

 15 yaşım olanda tanınmış bir model agentliyi mənimlə əlaqə saxladı. Onlar mənə İtaliyanın Milan şəhərindəki ofislərində yüksək maaşlı iş təklif etdilər. Model olmaq, şəkillərimin jurnallarda olması və bahalı paltarlarda podiuma çıxmaq fikri mənə xoş gəlirdi. Artıq üç il idi ki, öncül idim. Düşünürdüm ki, bu işin mənə maddi cəhətdən köməyi dəyə bilər və mən öncül xidmətimi uzun müddət davam etdirə bilərəm. Atam bizi tərk etdiyi üçün fikirləşirdim ki, bu pulla anama da kömək etmiş olaram.

 Bu mövzu barədə dua etdim. Uzun müddət öncül kimi xidmət edən anamla və anlayışlı bir ağsaqqalla bu haqda danışdım. Adəti üzrə öz ağacımın yanına getdim və Yehovaya dua etdim. Yehova mənə həmin ağsaqqalın Müqəddəs Kitabdan oxuduğu ayə ilə cavab verdi. O mənə Vaiz 5:4 ayəsini oxumuşdu. Orada deyilir: «Allaha nəzir deyəndə yerinə yetirməyə yubanma... Nəzirini yerinə yetir». İstəyirdim, Yehovaya tam şəkildə xidmət edim və qorxurdum ki, bu iş mənə ruhani cəhətdən zərər gətirər. Ona görə də bu təklifdən imtina etdim.

 Uşaqlıqda başıma min cür bəla gəlsə də, sağ-salamatam! Həyat yoldaşım Ceysr və 9 yaşlı oğlumuz Konorla xoşbəxt ailəmiz var. Ceysr ağsaqqaldır, Konor isə vəftiz olunmamış təbliğçidir. 27 ilə yaxındır ki, tamvaxtlı xidmətdəyəm.

 Mən evimizin arxasındakı meşədə palıd ağacının budağında oturub Yehovaya etdiyim uzun duaları tez-tez xatırlayıram. Ona yalvarırdım ki, mənə kömək etsin və O bunu möhtəşəm şəkildə etdi. Yehova məni möhkəmləndirdi, rahatlıq verdi və yol göstərdi. O mənə dəfələrlə mükəmməl Ata olduğunu sübut edib. Bütün qəlbimlə Ona xidmət etməyi seçdiyim üçün çox xoşbəxtəm. Bu, indiyə kimi verdiyim ən doğru qərardır».