«Qaya» üstündə «Açıq qapı» günləri
Yehovanın Şahidlərinin dünya üzrə 15 mətbəəsi fəaliyyət göstərir. Onlardan biri də Almaniyanın Zelters regionunda, «qaya» mənasını verən Ştaynfels adlı məntəqədə yerləşən Mərkəzi Avropa filialının nəzdindədir.
Mərkəzi Avropa filialı 2014-cü il 23—25 may tarixlərini «Açıq qapı» günləri elan edib, qonşuluqda yaşayanları, işgüzar adamları və yerli hakimiyyət məmurlarını baş çəkməyə dəvət etmişdi. Tədbir «30 il Zeltersdə» adı altında keçirilmişdi.
Tədbir zamanı filiala 3000 mindən çox adam baş çəkib fəaliyyəti ilə tanış oldu. Otuz ildir yerli hakimiyyətdə işləyən ərazinin meri dedi: «Yehovanın Şahidlərinin filialına baş çəkməyi özüm üçün həmişə xüsusi hadisə bilirəm». Sonra bölüşdü: «İndiyə kimi Ştaynfelsdə filialın necə qısa bir müddətdə (1979-ci ildən 1984-cü ilə kimi) tikildiyini düşünəndə heyran qalıram».
«Açıq qapı» günlərinin proqramı
Bir neçə növ sərgi düzənlənmişdi. «Mərkəzi Avropada Yehova Allahın xalqı» adlanan sərgidə qonaqlar Yehovanın Şahidlərinin regiondakı 120 illik tarixi ilə tanış oldular. Bu tarixi sərgi filialda artıq daimi olaraq fəaliyyət göstərəcəkdir.
Digər bir sərgi nadir və tarixi önəmə malik Müqəddəs Kitab tərcümələrinə həsr olunmuşdu. Ekspanatların sırasında alman dilində bütöv Bibliyanın ilk nəşrlərindən biri (1534-cü il) və mətni 12 dildə yazılan Elias Hutterin Poliqlot Bibliyasından (1599-cu ilin nəşri) bir parça da sərgilənmişdi. Budan başqa, müxtəlif stendlər və video təqdimatlar vasitəsilə Müqəddəs Kitab təlimlərinin çağdaş məişətimiz üçün aktuallığına dair faktlar nümayiş etdirilmişdi.
Qonaqların filialda yaşayıb işləyən mindən çox işçinin gündəlik həyatı ilə tanış olması üçün iki ayrı ekskursiya təşkil olunmuşdu. «Yaşayışımız» adlanan birinci ekskursiya qonaqların qarşısında yaşayış otaqlarına baxmaq, yeməkxanada nahar edib bağda gəzişmək imkanı açmışdı. «Buranın gözəlliyindən adam heyran qalır» deyə qonaqlardan biri təəssüratını bölüşdü.
İkinci ekskursiyanın adı «Nəşriyyat» idi. Onun marşrutu çap sexi, cildləmə emalatxanası və daşınma şöbəsindən keçmişdi. Qonaqlar ədəbiyyatın çap və cildləmə prosesini, eləcə də 50-dən çox ölkəyə daşındığını öz gözlərilə müşahidə edə bilmişlər. Ekskursiya iştirakçılarından biri şərh etdi: «Heç gözləməzdim ki, Yehovanın Şahidləri dünya boyu fəaliyyət göstərir. Çap etdikləri nəşrlər dünyanın hər bir guşəsinə yayılır. Nəzərə alsaq ki, işin hamısını könüllülər görür, bu, möcüzədən başqa bir şey deyil».
Yehovanın Şahidlərinin rəsmi Veb-saytını (jw.org) nümayiş etdirən bir stendə xüsusi yer ayrılmışdı. Cavan da, qoca da, bir çox qonaq saytla bağlı təqdimatları seyr edib videolara baxdı. Çoxlu suallar cavablandırıldı.
Yehovanın Şahidlərinin ümumdünya fəaliyyəti ilə yaxından tanış olan qonaqlar çox məmnun qalıb ziyarətlərinə tərif sözləri ilə başa vurdular. «Yehovanın Şahidləri barədə təsəvvürlərim çox yanlış imiş. Bundan sonra onlara ayrı cür yanaşacağam» deyə gələnlərdən biri şərh etdi. Digər bir qonaq dedi: «Nə qərəzlər mövcud idisə, bu gün hamısı yerlə yeksan oldu».