Həyatının ən unudulmaz səyahəti
Hər il on minlərlə insanlar Yehovanın Şahidlərinin Nyu-York ştatında yerləşən ABŞ filialına, eləcə də ümumdünya baş idarələrinə ekskursiyaya gəlirlər. Bet-El kimi tanınan bu komplekslər ibrani dilindən tərcümədə «Allahın evi» deməkdir. Dünyanın dörd bir yanından gələn qonaqlar nəşrlərimizin necə çap edilməsi, fəaliyyətimizin necə təşkil olunması ilə tanış olurlar, eləcə də burada xidmət edən dostlarına baş çəkirlər. Bu yaxınlarda bura gələn qonaqlardan biri bunun üçün çoxlu səy göstərmişdi.
Söhbət Ankoricdə (ABŞ, Alyaska ştatı) yaşayan Marselos a adında bir Yehovanın Şahidindən gedir. Bir neçə il bundan əvvəl insult keçirdiyindən dili bir-iki söz tutur. Marselos əlil arabasından asılıdır və gündəlik qayğıya ehtiyacı var. Buna baxmayaraq, Bet-Elə baş çəkmək onun böyük arzusu idi. Bu yaxınlarda o, öz arzusuna çatdı.
Marselosa səyahətə hazırlaşmaqda kömək edən dostu Kori deyir: «O çox əzmli insandır. O, mənə müntəzəm şəkildə zəng edib hazırlıq işinin gedişatı ilə maraqlanırdı. Marselos çox vaxt yalnız “hə” və “yox” deyə bildiyi üçün o, hər dəfə zəng edəndə ona bir neçə sual verməli olurdum. Söhbətimiz təxminən belə olurdu:
— Yanına gəlməyimi istəyirsən?
— Yox.
— Həkimə zəng etməyimi istəyirsən?
— Yox.
— Bet-Elə səyahətinlə bağlıdır?
— Hə.
Sonra hazırlıq işlərinin gedişatından danışmalı idim. Çox şadam ki, o, məqsədinə çatdı».
Bet-Elə səyahətinin baş tutması üçün Marselos bir neçə çətinliyi aşası oldu. Gəliri az olduğundan o düz iki il pul yığdı ki, Nyu-Yorkadək 5400 kilometrlik yol xərcini ödəyə bilsin. Fiziki məhdudiyyətləri olduğu üçün Marselos ona baxa biləcək yol yoldaşı tapmalı idi. Üstəlik, ona həkimdən icazə almaq lazım idi. Və uçuşa cəmi bir neçə gün qalmış o, bu icazəni aldı.
Marselos Nyu-Yorka gəlib çatanda Bruklin, Paterson və Uolkilldəki komplekslərə ekskursiya etdi. O, Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatların çap edildiyi nəhəng çap maşınlarını gördü və fəaliyyətimizin necə təşkil olunduğu ilə yaxından tanış oldu. O həm də «Müqəddəs Kitab və Allahın adı», eləcə də «Yehovanın adı naminə təşkil olunmuş xalq» adlı sərgiləri də gəzdi. Səyahəti zamanı Marselos özünə çoxlu dost qazandı. Həqiqətən də, bu, onun həyatının ən unudulmaz səyahəti idi!
Bet-Elə baş çəkənlərin çoxu öz təəssüratlarını ifadə etməyə söz tapmadıqlarını deyir. Marselosdan soruşanda ki, Bet-Elə gəlmək üçün bu qədər səy göstərməyə dəyərdimi, o bacardığı tərzdə cavab verdi: «Hə, hə, hə!»
Bet-Elə səyahət ailəniz və sizin üçün də unudulmaz ola bilər. Bütün dünyadakı filiallarımızın qapıları ekskursiyaya gələn hər bir insanın üzünə açıqdır. Buyurun, siz də gəlin!
a Marselos 2014–cü il mayın 19–da, bu məqalə hazırlanan zaman vəfat etdi.