Minlərlə insan Mərkəzi Amerika filialını ziyarət edir
2015-ci ildə təxminən 175000 nəfər Yehovanın Şahidlərinin Meksikadakı Mərkəzi Amerika filialını ziyarət etdi. Bura hər gün orta hesabla 670 nəfər gəlirdi. Ziyarətçilərin çoxu kirayələdikləri avtobuslarda böyük qruplarla bir neçə gün yol gəlmişdilər. Bəziləri bu səyahəti aylar öncə planlaşdırmışdı.
«Beytel proyekti»
Beytel kimi tanınan filialı ziyarət etmək üçün bəziləri müəyyən qurbanlar vermişdilər. Misal üçün, Verakrusdakı bir yığıncaqda əksər bacı-qardaşlar 550 kilometrlik yolu getmək üçün avtobus pulunu ödəməyə imkanı çatmırdı. Buna görə də onlar «Beytel proyekti» adlı plan hazırlayırlar. Onlar qruplar təşkil edib hazırladıqları yeməkləri satır, həmçinin plastik qabları toplayıb təkrar emal müəssisələrinə təhvil verirdilər. Beləcə, üç ayın içində yol pulu yığa bildilər.
Bəs bu əziyyətlərə dəyərdi? Onlar əmin idilər ki, dəyərdi. Misal üçün, Lusio adlı bir gənc deyir: «Beyteli ziyarət edəndən sonra qarşıma ruhani məqsədlər qoymaq qərarına gəldim. Hal-hazırda yığıncağın işlərinə əvvəlkindən daha çox can yandırıram». 18 yaşlı Elizabeta isə deyir: «Beyteldə Yehovanın xidmətçilərinə xas olan əsl məhəbbəti görə və duya bildim. Allah üçün daha çox şey etmək istəyim alovlandı və mən öncül xidmətinə başladım».
Minlərlə qonaq
Bəzən bir gündə minlərlə ziyarətçi gəlir. «Beytel turu» masasındakı işçilər hamını mehriban qarşılamaq üçün əllərindən gələni edir. Liza deyir: «Bu qədər çoxlu qonaq görmək olduqca xoşdur. Onların Beyteli necə qiymətləndirdiklərini görmək, bura gəlmək üçün min bir əziyyətdən keçdiklərini bilmək imanımı möhkəmləndirir».
Bəzən Beytelin müxtəlif şöbələrinin işçiləri də ekskursiyaya gələn minlərlə ziyarətçiyə bələdçilik edir. Bu, əlavə iş olsa da, onlar cani-könüldən çalışır. Xuan deyir: «Turdan sonra qonaqların üzündəki sevinci görəndə zəhmətimin hədər getmədiyini başa düşürəm».
«Uşaqların onlardan ötrü ürəyi gedir»
Uşaqlar da Beyteli ziyarət etməkdən zövq alır. Kompüter şöbəsində işləyən Noriko deyir: «Ekskursiya zamanı uşaqlardan soruşuram “Beyteldə xidmət etmək istəyirsiz?” Onların hamısı “hə” deyirlər». Uşaqların Beyteldə ən çox sevdiyi yerlərdən biri «Yehovanın dostu ol» adlı cizgi filminin qəhrəmanları Emin və Nərminin tam ölçülü maketlərinin qoyulduğu guşədir. Burada onlarla şəkil çəkdirirlər. Nuriko deyir: «Uşaqların onlardan ötrü ürəyi gedir».
Bu balacalar beytellilərə zəhmətlərinə görə minnətdarlıq bildirir. Məsələn, Meksikadan olan Henri adlı bir uşaq daxıla pul yığırdı ki, Beytelə gələndə ianə etsin. İanəsi ilə birlikdə verdiyi məktubda növbəti sözləri yazmışdı: «İstəyirəm bu pullarla çoxlu jurnallar çap edəsiniz. Yehova üçün işlədiyinizə görə çox sağ olun».
Siz də təşrif buyurun
Yehovanın Şahidləri bütün dünyadakı filial və çapxanalarında pulsuz ekskursiyalar keçirir. Sizi filiallarımızı ziyarət etməyə dəvət edirik. Əminik ki, məmnun qalacaqsınız. Ekskursiyalar barədə ətraflı məlumat əldə etmək üçün HAQQIMIZDA > FİLİALLAR VƏ EKSKURSİYA bölməsinə daxil olun.