Kontentə keç

«Watchtower» yazısı — Bruklinin məşhur nişanəsi

«Watchtower» yazısı — Bruklinin məşhur nişanəsi

40 ildən çoxdur ki, Nyu–York şəhərinin sakinləri Yehovanın Şahidlərinin ümumdünya baş idarəsinin binası üzərində yerləşdirilmiş 4,6 metrlik qırmızı nəhəng «Watchtower» (Gözətçi qülləsi) yazısını gecə-gündüz görməyə öyrəşiblər. Lövhədə havanın temperaturunun və saatın göstərilməsi çoxlarının işinə yarayır.

Evinin eyvanı bu binaya baxan Eboni deyir: «İşə getməmişdən qabaq pəncərədən baxıb saatın neçə olduğunu və havanın necə olacağını bilmək çox yaxşıdır. Bunun sayəsində gecikmirəm və havaya uyğun geyinirəm».

Bu lövhə bundan sonra da daha 40 il orada qalacaqmı? Yəqin ki, yox. Yehovanın Şahidlərinin ümumdünya baş idarəsinin Nyu-York şəhərindən başqa əraziyə köçürülməsi planlaşdırıldığından bu qərar binanın gələcək sahibinə qalır.

İlk lövhə binanın keçmiş sahibi tərəfindən 70 ildən bir qədər əvvəl quraşdırılmışdı. Yehovanın Şahidləri 1969-cu ildə bu binanı aldıqdan sonra həmin lövhəni hazırkı formasına salmışlar.

Lövhə mütəmadi olaraq texniki xidmət tələb edir. Uzun illər neçə-neçə cavan yeri gəldikdə gecə-gündüz demədən təmir işlərini həyata keçirmişlər.

Gecə növbəsində işləyən bir işçi xatırlayır: «Bir gün axşamçağı televiziyadan xəbərlər proqramının aparıcısı bizə zəng edib xəbər verdi ki, saatımız 15 saniyə geri qalır. O istəyirdi ki, biz saatı düzəldək, çünki həmin gecə təqdim edəcəyi proqramda bu lövhəyə də yer vermək istəyirdi. Çox keçməmiş yuxulu elektrik iş başına keçərək nasazlığı aradan qaldırdı».

Saatın və temperatur ölçən cihazın dəqiq işləməsi və əlverişli olması üçün lövhə dəfələrlə yenilənmişdir. 1980-ci illərin ortalarından etibarən lövhədə növbə ilə yalnız saat və Farenheyt şkalasına görə temperatur yox, Selsiyə görə də temperatur göstərilməyə başlandı.

2009-cu ildə yazını işıqlandıran və sərfəli olmayan neon lampaları daha etibarlı və ildə 4000 ABŞ dollarından çox qənaət etməyə imkan verən qırmızı işıqlı diod (LED) lampaları ilə əvəz edildi. Buna görə də lövhə elektrik sərfiyyatı baxımından daha əlverişlidir.