Həyatları xilas edən kampaniya
Meksikanın Tabasko əyalətində yaşayan insanlar arasında intihar cəhdləri yüksək həddə olduğuna görə Yehovanın Şahidləri 2017-ci ildə bu ərazidə xüsusi iki aylıq kampaniya təşkil etdi. Kampaniya zamanı 2014-ci ilin aprel ayında dərc olunan «Yaşamağa dəyərmi? Həyata bağlayan üç səbəb» adlı «Oyanın!» jurnalı paylanıldı. Kampaniya çox dərin təsir bağışladı.
Tam zamanında edilən kömək
Faustino adlı Yehovanın Şahidi bir qadınla söhbət etdi. Qadının 22 yaşlı oğlu depressiyadan əziyyət çəkirdi və intihara cəhd etmişdi. O, oğluna görə narahat idi və necə kömək edəcəyini bilmirdi. Faustino kampaniya zamanı paylanılan jurnalı təklif edəndə o dedi: «Oğluma elə bu lazımdır». Növbəti gün Faustino qadının oğlunun yanına getdi, onlar jurnalda qeyd olunan Müqəddəs Kitab məsləhətlərini müzakirə etdilər. Bir neçə dəfə söhbət etdikdən sonra oğlanın vəziyyəti nəzərəçarpacaq qədər yaxşılaşdı. Faustino deyir: «O, indi daha rahat və daha xoşbəxt görünür». Üstəlik, o, öyrəndiklərini qardaşı ilə bölüşür. Qardaşı da depressiyadan əziyyət çəkir.
Uimangiyo şəhərində yaşayan Karla sinif yoldaşına kömək etmək üçün həmin jurnaldan istifadə etdi. Karla danışır: «Fikir verdim ki, sinifimizdə 14 yaşlı bir qız çox qəmli görünür. Onunla söhbət etdim və o mənə ailə vəziyyətini danışdı. Bu zaman gördüm ki, sol əlində yara izləri var». Sən demə, bu qız daim əllərini və ayaqlarını kəsir. O, özünü çirkin hesab edir və həyatının mənasız olduğunu düşünürdü. Karla ona «Oyanın!» jurnalını verdi. Jurnalı oxuyandan sonra qız Karlaya dedi ki, sanki bu, elə onun üçün yazılıb. Həmçinin, gülümsəyərək dilə gətirdi ki, indi həyatın yaşamağa dəyər olduğuna inanır.
Vilyaermosa şəhərində yaşayan bir kişi çarəsiz vəziyyətdə idi. O, işini itirmişdi, arvadı onu və uşaqlarını tərk etmişdi. Kömək etməsi üçün Allaha dua edirdi, amma yenə də ümidsiz idi. O, öz həyatına son qoymaq üzrə olanda Martin və Migel adlı iki Yehovanın Şahidi onun qapısını döydü. Kişi qapını açdı və Yehovanın Şahidləri ona «Oyanın!» jurnalı təklif etdi. O, jurnalın adını görəndə başa düşdü ki, bu Allahın onun dualarına cavabı idi. Martin və Migel ona Müqəddəs Kitabdan təsəlli verdilər, bir neçə gün sonra yenidən onun yanına gələndə kişi təskinlik tapmış və rahatlaşmışdı. İndi onlar bu kişi ilə həftədə iki dəfə Müqəddəs Kitab dərsi keçirlər.
Məhbuslara müjdə çatdırılır
Bu kampaniyanın bir hissəsi kimi Yehovanın Şahidləri Tabasko əyalətində bir neçə həbsxananı da ziyarət etdi. Onlar məhbuslarla həyatın mənasını tapmağa kömək edəcək Müqəddəs Kitab məsləhətlərini bölüşdü. Şahidlər bir təqdimat hazırladılar. Bu təqdimata videolar, Müqəddəs Kitaba əsaslanan məruzə və «Oyanın!» jurnalında yazılmış həyata bağlayan səbəblərin müzakirəsi daxil idi. Məhbuslar, eləcə də həbsxana heyəti bu ziyarətləri çox qiymətləndirdi. Məsələn, bir məhbus dedi: «Mən üç dəfə intihara cəhd etmişəm. Bəzi insanlar deyir ki, Allah mənim qayğıma qalır, amma dediklərini sübut etmək üçün heç vaxt Müqəddəs Kitabdan istifadə etmir. Sizin danışdıqlarınız məni çox ruhlandırdı».
Bu kampaniya diqqətdən kənarda qalmadı. Səhiyyə üzrə dövlət katibi Yehovanın Şahidlərini cəmiyyətin xeyri üçün gördükləri işə görə təbrik etdi. Bundan əlavə, yerli bir qəzet «Onlar intiharla mübarizə üçün yola çıxdılar» adlı kampaniya haqda məqalə dərc etdi.