Kontentə keç

Yehovanın Şahidləri Rostov-Don şəhərində iməcilik edir

Yehovanın Şahidləri Rostov-Don şəhərində iməcilik edir

2015-ci il mayın 20-si Cənubi Rusiyanın böyük şəhəri olan Rostov-Donun administrasiya rəhbəri Yehovanın Şahidlərinə təşəkkür məktubu yazıb «şəhərin yaz iməcilik işlərində fəal iştirak etdiklərinə görə» onları təriflədi.

Rostov-Don şəhərinin gözəlləşməsi üçün ictimai fəaliyyət çərçivəsində Yehovanın Şahidlərinin dörd yığıncağından olan Şahidlər şəhərin səkilərində və çaykənarı ərazilərində zibilləri və şüşə qırıntılarını topladılar. Bir neçə saat ərzində onlar 300 zibil torbası doldurub avtomobillə daşıdılar.

Yehovanın Şahidləri nəyə görə insanlara yardım edirlər? 67 yaşlı Raisa deyir: «Bu məsələyə biganə qala bilməzdim. İstəyirəm şəhərimiz təmiz olsun ki, hamı təmiz şəraitdə yaşasın. Gördüyümüz işi az insanın müşahidə etməsinə baxmayaraq, mən bu işdən sevinc duyuram. Bundan əlavə, etdiyimiz işi Yehova Allah görür». Aleksandr adlı Yehovanın Şahidi deyir: «Biz insanlara təkcə təbliğ etmirik, həmçinin onlara lazımi kömək də göstəririk. Başqaları üçün nə isə edəndə özümü xoşbəxt hiss edirəm, bundan məmnunluq duyuram».

Kənardan müşahidə edənlər Yehovanın Şahidlərinin həvəslə işlədiyini görüb, onlara təşəkkür etdilər. Sakinlərdən biri Yehovanın Şahidlərinin bu işlərə görə heç bir məvacib almadığını öyrənəndə təəccübləndi. O, bu təmizlik işində onlara qoşuldu. Həmin sakin sonradan öz müşahidəsini bölüşdü: «Heç ağlıma belə gətirməzdim ki, təmizlik etmək insana bu qədər sevinc və məmnunluq gətirə bilər!» O əlavə edir: «Onlardan bəziləri burada yaşamır, ancaq bizim üçün buranı təmizləyirlər!»

Bir şəhər rəsmisi qeyd etdi ki, Şahidlərdən ibarət kiçik bir qrup ağla gəlməyəcək qədər zibil topladı. Onlar doldurduqları zibil torbalarını daşıyarkən şəhər rəsmisi onların şəklini çəkdi ki, «başqalarına necə işləməli olduqlarını» göstərsin.