Skay-Tauerdə qarşısı alınan intihar
80 yaşı olan Qreyham Braun adlı Yehovanın Şahidi əqli zəifliyi olan bir nəfəri Yeni Zelandiyanın Oklend şəhərindəki 328 metrlik Skay-Tauer göydələnindən özünü atmağa qoymayıb. Qreyham hadisəni belə nəql edir: «Həmin şəxs bir Yehovanın Şahidi ilə danışmaq istədiyini deyəndə polis mənə zəng vurub kömək etməyimi istədi.
Göydələnin işçiləri mənə qoruyucu kəməri taxdılar və Müqəddəs Kitabımı uzun kəndirlə bağladılar. Sonra polis məni yerdən 192 metr hündürlüyündə olan xarici müşahidə platformasına apardı. Göydələnin ətrafında qılınc kimi kəsən soyuq külək tüğyan edirdi. Özünü atmaqla hədələyən kişi ilə aramızda qısa məsafə var idi. O, ensiz hissədə oturub ayaqlarını aşağı sallamışdı.
Mən ona ucadan səsləndim, Yehovanın Şahidi olduğumu və ona kömək etmək istədiyimi dedim. Sonra ürəyimdə dua edib Müqəddəs Kitabı açdım və söhbətə başladım.
Həyatın dəyərindən danışdım. Elə həmin ərəfədə bu mövzu ilə bağlı Padşahlıq zalımızda çıxış etmişdim.
Mən ona dedim: “Sən Allahın gözündə dəyərlisən və O, sənə bu möhtəşəm hədiyyəni — həyatı verib. Niyə də Allaha bu hədiyyəni qiymətləndirdiyini göstərməyəsən? Xahiş edirəm, təhlükəsizlik hasarının arxasına keç”.
Mən ona: “Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın” — sözlərinin yazıldığı Yəhya 3:16 ayəsi də daxil olmaqla, bir neçə ayə oxudum.
Sonra əlavə etdim: “Allah səni çox sevir və istəyir ki, sən yaşayasan”.
Əvvəl-əvvəl mənə elə gəldi ki, o, dediklərimə fikir vermir. Buna görə ürəyimdə dua edərək Yehovadan onu yola gətirməkdə mənə kömək etməsini istədim. Axırda ehmalca ayağa qalxdı və bir az mənə yaxınlaşdı. Gözlərindən görünürdü ki, daxilində böyük narahtçılıq keçirirdi.
O dedi: “Yehovanın Şahidləri bu yaxınlarda mənim evimə gəlmişdilər, amma mən onlara qarşı kobud davrandım. Buna görə özümü çox qınayıram. Məni bağışlaya biləcəksiniz?”
“Hətta Yehovanın Şahidi olmamışdan qabaq bizlərdən bəziləri də belə edib. İnan ki, Yehova səni bağışlayacaq”, — deyə mən onu əmin etməyə çalışdım.
O cavab verdi: “Sağ olun, xeyli sakitləşdim”.
Mən davam etdim: “Bir bilsən, mən sənə görə necə narahatam. Mən qoruyucu kəməri taxmışam, amma sən yox; sürüşüb yıxılsan, dəyərli həyatını itirəcəksən və bu, Yehovanı çox kədərləndirəcək. Xahiş edirəm, bu tərəfə keç”.
Bir az sakitləşib özünə gəldi. Yavaşca: “Yaxşı, gəlirəm”, — dedi.
O, platformaya ayaq basan kimi polis cəld onu təhlükəsiz yerə apardı. Düz bir saat onunla söhbət etdik».
Yehovanın Şahidləri insanlara qarşı çox qayğıkeşdirlər, xüsusilə məyusluğa qapılan insanlara qarşı. Dünyanın hər yerində onlar Müqəddəs Kitab ayələrinin köməyi ilə Allahın bizim halımıza yandığını əmin edərək insanlara ümid və təsəlli verirlər.