Kontentə keç

«Tour de France»da etibar qazandıran iştirak

«Tour de France»da etibar qazandıran iştirak

2—24 iyul 2016-cı il tarixlərində dünyaca məşhur 103-cü «Tour de France» veloyürüşü gərgin bir atmosferdə keçirilmişdir. Ötən il Fransada törədilən silsiləvi terror aktlarının 100-dən çox qurbanı olmuşdur. Üstəlik, 14 iyul 2016-cı il Nitsa şəhərində milli bayram zamanı bir terrorist yük maşınını atəşfəşanlığı seyr edən izdihamın üzərinə sürməsi nəticəsində 86 nəfər həyatını itirdi və çoxlu sayda insan xəsarət aldı.

Bu cür qorxu və hüzn dolu mühitdə Yehovanın Şahidləri Fransanın sarsılmış əhalisinə ümid və qəlb rahatlığı verməyə can atırdı. Şahidlər «Tour de France» veloyürüşündə mərhələlər arası ədəbiyyat arabaları qururdu. Yehovanın Şahidi olan 1400-dən çox könüllü bu işdə iştirak etdi və həyati vacib suallarına cavab axtaran insanlara Müqəddəs Kitaba əsaslanan 2000-dən çox nəşr paylandı.

«Sizə hər yerdə rast gəlirik!»

Yarışı şəhərbəşəhər izləyən azarkeşlər əksər yerlərdə Yehovanın Şahidlərini gördüklərinə təəccüblənirdilər. «Tour de France»ın təşkilatçılarından bəziləri bir neçə dəfə Yehovanın Şahidlərinin uğurlu təşkilatçılıqlarına görə: «Sizə yarışın bütün mərhələlərində, demək olar ki, hər yerdə rast gəlirik!» — deyə tərifləmişdilər. Azarkeşlərin çoxu ədəbiyyat arabalarını görən kimi ucadan deyirdilər: «Burada da Yehovanın Şahidləri?!» Həmçinin, yarış günləri ərzində bir avtobus sürücüsü ona təklif olunan bukletdən nəzakətlə imtina edərək, artıq dörd buklet aldığını bildirmişdi!

Bəzi insanlarda Yehovanın Şahidlərinin müntəzəm iştirakının maraq doğurması onları ədəbiyyat arabasından nəşrlər götürməyə təşviq etmişdi. Eyni şeyi ötən il «Tour de France»da Yehovanın Şahidlərini gördüyünü xatırlayan televiziya idman kanallarının işçisi barədə də demək olar. Bu dəfə o arabaya yaxınlaşıb, onun üçün önəmli mövzu olan «Ailə xoşbəxtliyinin sirri» kitabını götürmək qərarına gəlir. Kitabı bir az oxuyandan sonra ədəbiyyat arabası haqda əməkdaşlarına danışır və onlar da özləri üçün müxtəlif mövzularda nəşrlər götürürlər.

Ümid və etibar

Tədbirə gələn bəzi iştirakçılar Yehovanın Şahidlərinin yanına gəlib, onlara öz hissləri barədə danışırdı. Bir gənc qadın bütün ümidlərini itirdiyini, hətta intihar etmək üçün dəfələrlə özünü qatarın altına atmaq istədiyini etiraf etmişdi. Lakin Müqəddəs Kitabdan gözəl gələcəyə zəmanət verən xoş xəbəri eşidəndə qəlb rahatlığı tapdığını və fikrindən daşındığını bildirmişdi. Başqa bir qadın Şahidlərə belə söyləmişdi: «Siz yaxşı iş görürsünüz, bunu davam etdirin!»

Qoltuqağacıyla gəzən bir kişi etiraf edir ki, adətən, yad insanlardan ehtiyat edir, amma bir dəfə ləyaqətli geyimdə olan bir xanımın Yehovanın Şahidi olduğunu biləndən sonra onun kömək əlini qəbul etmişdi. O növbəti sözləri söyləmişdi: «Gülər üzünüz və ədəbli geyiminiz tərifəlayiqdir. Siz insanda etibar oyadırsınız».