Xəstələrə təsəlli verilir və əməli kömək göstərilir
Ciddi xəstəliyi olan insanlar narahatçılığa tez qapıla bilər və əgər onların xəstəxana qulluğuna ehtiyacı varsa, onda keçirdikləri narahatçılıq, adətən, daha da artır. Belə ki, səhiyyə işçiləri üçün olan bir jurnalın məlumatına əsasən, «tədqiqatlar göstərir ki, xəstənin sağalması üçün emosional və ruhani ehtiyaclarının ödənilməsi çox vacibdir a».
Yehovanın Şahidləri xəstəxanaya yatırılmış dindaşlarının bu ehtiyaclarını ödəmək üçün onlara Müqəddəs Kitabdan təsəlli verir və əməli kömək göstərir. Yerli ağsaqqallar yığıncaqlarında xəstəlikdən əziyyət çəkən dindaşlarına baş çəkmək üçün təşəbbüsü ələ alırlar. Bəs əgər xəstə evindən uzaqda olan bir xəstəxanada müalicə alırsa, onda necə? Dünyanın böyük şəhərlərində Yehovanın Şahidləri Xəstələrə ziyarət qrupları (XZQ) təşkil edib. Bu qrupların üzvü olan yığıncaq ağsaqqalları ölkənin başqa ərazilərindən, yaxud digər ölkələrdən müalicə almaq məqsədilə gələn Yehovanın Şahidlərinə və onların ailə üzvlərinə yardım etmək üçün xəstəxanalara müntəzəm baş çəkir. Bütün dünyada 28000-dən çox könüllü təxminən 1900 XZQ-də xidmət edir b.
XZQ hansı ruhani təsəllini verir?
XZQ-nin üzvü Uilyam deyir: «Yehovanın Şahidlərini və ailə üzvlərini sadəcə dinləmək və onlarla söhbət etməklə onlara təsəlli vermək imkanım olur. Onları əmin edirəm ki, Yehova Allah vəziyyətlərindən xəbərdardır və onların qeydinə qalır. Xəstəlikdən əziyyət çəkənlər və ailə üzvləri onlar üçün dua ediləndə çox sevinirlər».
XZQ üzvlərinin ziyarətindən ruhlananların çoxu onlara öz minnətdarlıqlarını bildirib. Aşağıda təxminən 7000 XZQ üzvünün xəstələrə baş çəkdiyi Birləşmiş Ştatlardan bir neçə nümunə gətirilib.
Priskilla demişdi: «Çox sağ olun ki, atam iflic olandan sonra ona xəstəxanada baş çəkdiniz. Sizin ziyarətiniz ona çox yaxşı təsir bağışlamışdı. Göstərdiyiniz yardım onu heyran etmişdi. Məncə, onun tez bir zamanda sağalmasında sizin ziyarətlərinizin köməyi olub».
Həyatını itirən bacımızın qızı Ofeliya XZQ nümayəndəsinə demişdi: «Ziyarətləriniz anam üçün böyük məna kəsb edirdi. O bilirdi ki, sizi Yehova göndərib. Göstərdiyiniz qayğıya görə minnətdaram».
Bir qardaşımız ömrünə cəmi bir neçə gün qaldığını eşidəndə təlaşa düşmüş və narahatçılıq keçirmişdi. XZQ üzvü olan Ceyms onunla birgə vaxt keçirmiş və Müqəddəs Kitabın Filippililərə 4:6, 7 ayələrindəki təsəlli sözləri ilə onu ruhlandırmışdı. Ceyms deyir: «Səhəri gün ona baş çəkəndə əhvali-ruhiyyəsinin tamam dəyişdiyini gördüm. Ona verilən proqnoza baxmayaraq, o çox nikbin idi. Yehovanın köməyinə arxalanırdı, o hətta məni də ruhlandırmışdı!»
XZQ hansı əməli köməyi göstərir?
Polenin əri evlərindən çox uzaqda olan bir xəstəxanada vəfat etmişdi. Bu hadisədən sonra o yazmışdı: «Ailəmizin keçirdiyi bu ağır vaxtda bizə dəstək olduğunuz üçün sizə çox minnətdaram. Gecə yarısı bizi xəstəxanada qarşılayacağınızı bilmək qəlbimi sakitləşdirmişdi, halbuki növbəti gün işə getməli idiniz. Xəstəxanadakı 11 nəfərin hər birinin növbə ilə yatması üçün göstərdiyiniz səylərə görə və bu çətin dövrdə bizi tək qoymadığınıza görə çox sağ olun. Bizə göstərilən bu kömək üçün Yehovaya və Onun təşkilatına çox minnətdaram».
Niki, Qeyl və Robin evlərindən 300 kilometr uzaqlıqda avtomobil qəzasına uğramışdı. XZQ üzvü olan Karlos bundan xəbər tutmuş və onlar xəstəxanaya çatanda artıq orada imiş. Karlos deyir: «Ehtiyac duyduqları istənilən köməyi onlara təklif etdim və Nikinin içəriyə gedib tibbi müayinədən keçməsi üçün onun balaca itini saxladım». Daha sonra XZQ-nin digər üzvü Kartes də həyat yoldaşı ilə birgə oraya gəlmişdi. Onlar qəzaya uğrayanların ailə üzvləri gələnə qədər bir neçə saat xəstəxanada qalmışdılar. Bir ailə dostları belə demişdi: «Onların üçü də göstərilən qayğıdan təskinlik tapmışdılar. XZQ üzvlərinin göstərdiyi yardım Nikinin Yehovanın Şahidi olmayan bacısı Robini heyran etmişdi».
a «Xəstələrin emosinal və ruhani ehtiyaclarının ödənilməsi» adlı məqalə («The Joint Commission Journal on Quality and Patient Safety», dekabr 2013, cild 29, №12, səhifə 661).
b Yehovanın Şahidlərinin bütün ağsaqqalları kimi XZQ-də xidmət edən ağsaqqallar da ruhani nəzarətçilər, müəllimlər və müjdəçilər kimi öz yığıncaqlarına töhfə verir. Onlar göstərdikləri bu xidmətə görə pul almır, bunu könül xoşluğu ilə və canla-başla edirlər (1 Butrus 5:2).