Yüz il ərzində Allaha həmd ucaldan musiqi
«Mən istəyirəm ki, siz Nyu-York Sitidə yerləşən Kolumbiya studiyasına gedib həmd nəğmələrimizdən birini oxuyasınız. Onlar bunu peşəkarlıqla yazacaqlar. Nə etdiyinizi heç kimə deməyin».
1913-cü ilin sonlarında Uilyam Makric Çarlz Teyz Rassel qardaşdan aldığı bu qeyri-adi təyinatı yerinə yetirdi a. «Xoşbəxt gələcək» adı ilə də tanınan bu nəğmə val şəklində (dəqiqədə 78 dəfə dövr edir) buraxılmışdı. Sonra Uilyam öyrəndi ki, bu nəğmə Müqəddəs Kitab nitqlərinin və səssiz kino və şüşə slaydlar üzərində çəkilmiş şəkillərlə müşayiət olunan musiqili vizual təqdimatı olan «Yaradılış fotodramı»nın əvvəlində səsləndirilib. «Fotodram»ın təqdimatı 1914-cü ilin yanvar ayında Nyu-York Sitidə oldu.
Uilyamın lent yazısı «Fotodram»ın nümayişi zamanı operatorların müxtəlif ingilis dillərində səsləndirdikləri 50-dən çox fonoqrafdan biri idi. Musiqilərin çoxu başqaları tərəfindən yazıldığı üçün Müqəddəs Kitab tədqiqatçıları, Uilyamın lent yazısı da daxil olmaqla, bir neçə lent yazısını alıb «Minilliyin şəfəqinin mədhiyyələri» kitabındakı mahnıların sözlərindən istifadə edərək oxudular.
Mahnının sözləri
Uzun illər ərzində Şahidlər ibadətlərində başqaları tərəfindən yazılmış mahnıları oxuyublar. Ancaq lazım gəldikdə onlar mahnının sözlərini Müqəddəs Kitab anlayışlarına uyğun dəyişirdilər.
Misal üçün, «Fotodram» zamanı səsləndirilən bir mahnı «Padşahımız irəliyə doğru addımlayır» adlanırdı. Bu mahnı «Respublikanın döyüş himni» adlı mahnının dəyişdirilmiş versiyası idi. «Döyüş himni» mahnısının birinci misrası belə idi: «Gözlərim Ağanın gəlişini görüb». Ancaq Müqəddəs Kitab Tədqiqatçıları həmin misranı dəyişərək «Gözlərim Ağanın iştirakını görə bilər» etdilər. Bu dəyişikliyi etməklə onlar göstərdilər ki, İsa Məsihin rəhbərliyinə yalnız onun gəlişinin deyil, həmçinin xüsusi vaxt kəsiyi olan iştirakının da daxil olduğuna inanırlar (Matta 24:3).
1966-cı ildə «Ürəyinizdə Yehovaya mədh nəğmələri oxuyun» adlı kitabından dünyəvi müəlliflərin musiqiləri, o cümlədən digər dinlərlə bağlı musiqilər çıxarıldı. Elə həmin ildə Şahidlər balaca bir orkestr təşkil edib kitabdakı 119 nəğmənin hər birini lentə aldılar. Yığıncaq görüşlərində həmin musiqinin müşayiəti altında oxunmağa başlandı və bəzi Şahidlər onları öz evlərində belə dinləyirdilər.
2009-cu ildə Yehovanın Şahidləri «Yehovanı nəğmələrdə tərənnüm edin» adlı yeni bir nəğmə kitabı nəşr etdilər. Bu mahnıların vokal ifası çoxlu sayda dildə lentə alındı. 2013-cü ildə Şahidlər ilk dəfə uşaqlar üçün musiqi videoları buraxmağa başladılar. İlk mahnı «Hər vaxt dua et» adlanır. jw.org saytına daxil olanlar hər ay bir neçə milyon dəfə mahnı yükləyirlər.
Bir çoxları bu mahnılara görə öz minnətdarlıqlarını ifadə edirlər. «Yehovanı nəğmələrdə tərənnüm edin» adlı nəğmə kitabına görə Culi adlı qadın yazmışdı: «Bu yeni mahnılar olduqca gözəldir! Tək olanda əhval-ruhiyyəmi əks etdirən nəğmələrdən birini dinləyirəm. Bunun sayəsində Yehova ilə münasibətlərimin möhkəmləndiyini hiss edirəm və bütün varlığımla Ona xidmət etmək əzmim daha da artır».
Hezer adlı ana «Hər vaxt dua et» adlı nəğmənin yeddiyaşlı oğluna və doqquzyaşlı qızına necə təsir etdiyi barədə yazır: «Bu, onlara yalnız günə başlayanda və ya bizimlə olanda yox, Yehova ilə söhbət etmək istədikləri istənilən vaxt dua etməyə kömək edir».
a Çarlz Teyz Rassel (1852—1916) Müqəddəs Kitab Tədqiqatçıları (indi Yehovanın Şahidləri adlanır) arasında rəhbərlik edib.