Amerika jest dilində «Yaradılış» kitabı işıq üzü gördü
«Sizə xəbər verməyə şadıq ki, İbranicə Müqəddəs Yazıların digər kitabları üzərində qızğın iş gedir və “Yaradılış” kitabının videoyazısı artıq hazırdır». Bu həyəcanlandırıcı elan ediləndə eşitmə qabiliyyəti olmayanlar əllərini yuxarı qaldırıb yelləyərək alqışlar yağdırdılar.
Sözügedən elan Yehovanın Şahidlərinin bu yaxınlarda Amerika jest dilində təşkil etdikləri vilayət konqreslərinin yekun çıxışı zamanı edilmişdi.
Yehovanın Şahidləri «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin Amerika jest dilində tərcüməsinə 2005-ci ildə, «Mattanın Müjdəsi»ndən başlamışlar. 2010-cu ildə Amerika jest dilində Yunanca Müqəddəs Yazıların («İncil») 27 kitabının hamısı işıq üzü gördü.
Üstəlik, Yehovanın Şahidləri, rus dili də daxil olmaqla, Müqəddəs Yazıların ayrı-ayrı kitablarını digər beş dilə də tərcümə ediblər.
Bu qədər işi görməyə onları nə təşviq edir? Yehovanın Şahidləri dərk edirlər ki, çap olunmuş mətn səsli dilin əksidir və kar insanların əksəriyyəti onu heç vaxt eşitməyib. Müqəddəs Kitabın jest dilində dəqiq, aydın və təbii tərcüməsi sayəsində daha çox kar insan onun məzmununu başa düşə və Allahla şəxsi münasibət qura bilər. Müqəddəs Kitabın bu tərcüməsi necə qarşılandı?
Bir gənc kar oğlan belə deyir: «Bir neçə il bundan əvvəl “Matta” kitabı çıxanda hiss etdim ki, Yehova Allah məni Öz sevgisinə əmin edir. “Yaradılış” kitabı çıxanda isə buna daha çox əmin oldum. Allah məni əmin edir ki, mən onu tanıya bilərəm».
Bir kar qadın öz hisslərini belə bölüşür: «Bu tərcümədə jestlər elə aydın və ifadəlidir ki! Mən Müqəddəs Kitaba vuruldum. İndi anladım ki, Yehova Allah mənim Müqəddəs Kitabı ayəbəayə bütöv şəkildə oxumağımı istəyir ki, Onu daha yaxşı tanıyım. Bu aydın tərcümə lap ürəyimcə oldu! Onun sayəsində ən dərin hisslərimi Yehovaya dualarımda daha sərbəst söyləyə bilirəm».