Kontentə keç

«Kinoteatrdan daha yaxşı idi»

«Kinoteatrdan daha yaxşı idi»

Hər il Yehovanın Şahidləri öz toplantılarında göstərilməsi üçün müxtəlif videolar hazırlayır. Bu videoların əksəriyyəti ingilis dilində səhnələşdirilir. Bəs ingilis dilindən savayı yüzlərlə başqa dildə keçirilən toplantılarda iştirak edən insanlar bu videoları necə başa düşürlər? Videolar həmin dillərin çoxuna dublyaj olunur, yəni tərcümə olunduğu dildə yeni səslənmə videoya əlavə edilir. Toplantıda iştirak edənlərə dublyaj olunmuş bu videolar necə təsir bağışlayır?

Dublyaj olunmuş videolar haqda təəssüratlar

Meksikada və Mərkəzi Amerikada keçirilən toplantılarda iştirak etmiş bəzi Yehovanın Şahidi olmayan insanların təəssüratları:

  • «Filmi nəinki başa düşdüm, hətta demək olar ki, onu yaşadım. O, mənim ürəyimə güclü təsir etdi» (Popoluka dilində keçirilən toplantının iştirakçısı, Verakrus, Meksika).

  • «Videolara baxarkən, sanki doğma şəhərimdə yaxın dostumla söhbət edirdim. Kinoteatrdan daha yaxşı idi, çünki hər şeyi başa düşürdüm» (Nauatl dilində keçirilən toplantının iştirakçısı, Nuevo-Leon, Meksika).

  • «Öz dilimdə videolara baxarkən, elə bil oradakı qəhrəmanlar şəxsən mənimlə danışırdı» (Çol dilində keçirilən toplantının iştirakçısı, Tabasko, Meksika).

  • «Bu təşkilat insanlara öz ana dilində təlim almalarına yardım edir. Başqa belə bir təşkilat tanımıram!» (Kakçikel dilində keçirilən toplantının iştirakçısı, Solola, Qvatemala).

Yehovanın Şahidləri təlim almış texniki işçilərlə və səs aktyorları ilə işləmir, həmçinin səsyazma üçün əlverişli məkanlardan istifadə etmir. Bəs onda necə belə keyfiyyətli səsyazmalar ərsəyə gəlir?

«Ən faydalı iş»

Yehovanın Şahidlərinin Mərkəzi Amerikadakı filialı 2016-cı ilin toplantı videolarını ispan dilinə və 38 yerli dilə dublyaj etdi. Bu işə təxminən 2500 könüllü kömək etdi. Texniki işçilər və yerli tərcümə qrupları filialda, tərcümə ofislərində və ya müvəqqəti studiya kimi istifadə olunan məkanlarda yeni səsyazmalar hazırladı. Ümumilikdə, qruplar səsyazmaları Beliz, Qvatemala, Honduras, Meksika, Panama ərazilərindəki 20-dən çox məkanda ərsəyə gətirdi.

Mərkəzi Amerika filialında səsyazma

Müvəqqəti studiyaların quraşdırılması ağır zəhmət və bacarıq tələb etdi. Səs izoləedici kabinələrin düzəldilməsi üçün ədyallar və döşəklər də daxil olmaqla, mövcud olan uyğun yerli materiallardan istifadə edildi.

Yerli dildə səs aktyorları kimi xidmət edən bacı-qardaşların çoxu kasıb idi, ona görə də ən yaxın səsyazma studiyasına getmək üçün böyük qurbanlar verdilər. Bəziləri 14 saat yol getmişdi. Bir dəfə ata ilə oğul studiyaya getmək üçün təxminən səkkiz saat piyada yol getməli olmuşdu.

Neomi uşaqlıqdan ailəsinə müvəqqəti səsyazma studiyalarını quraşdırmağa kömək edib. O xatırlayır: «Biz səsyazmaların hazırlandığı həftələri səbirsizliklə gözləyirdik. Atam bütün bu işlər üçün usanmadan çalışırdı. Bəzən anam 30 nəfər könüllüyə yemək bişirirdi». Hal-hazırda Neomi Meksika tərcümə ofisində könüllü kimi xidmət edir. O deyir: «Çox xoşbəxtəm ki, insanların Müqəddəs Kitab xəbərini doğma dillərində eşitmələrinə kömək edirəm. Bu, etmək istəyəcəyim ən faydalı işdir».

Yehovanın Şahidlərinin illik toplantıları dünyanın hər yerində və ictimaiyyətə açıq şəkildə keçirilir. Əlavə məlumat üçün TOPLANTILAR səhifəsinə baxın.