Meksikada və Mərkəzi Amerikada tərcümə işi
Meksikada və Mərkəzi Amerikanın altı ölkəsində yaşayan təxminən 290 tərcüməçi Müqəddəs Kitab nəşrlərini 60-dan çox dilə tərcümə edir. Məqsəd nədir? İnsanlar Müqəddəs Kitaba əsaslanan nəşrləri başa düşdükləri dildə oxuyanda bu, onların ürəyinə təsir edir (1 Korinflilərə 14:9).
Tərcümənin keyfiyyətini artırmaq məqsədilə Yehovanın Şahidlərinin Mexiko filialı bəzi tərcüməçiləri tərcümə etdikləri dildə danışılan ərazidəki ofislərə köçürmüşlər. Bunun tərcüməçilərə hansı xeyri olub? Onların yerli insanlarla təmasda olması materialı başa düşülən dildə tərcümə etmələrinə kömək edir.
Tərcüməçilər bu dəyişiklik barədə nə düşünürlər? Gerrero nauatl dilinə tərcümə edən Federiko deyir: «On ilə yaxın Mexikoda yaşamışam və orada yalnız bir ailə mənim dilimdə danışırdı. İndi isə tərcümə ofisinə yaxın şəhərlərdə demək olar ki, hamı bu dildə danışır!»
Çiuaua ştatındakı (Meksika) ofisdə aşağı alman dilinə tərcümə edən Karin bölüşür: «Mennonitlərin arasında yaşamaq mənə onların dilinin inkişafından hali olmağa kömək edir. Biz balaca şəhərdə yaşayır və işləyirik. Hər dəfə pəncərədən baxanda tərcümə işimizdən bəhrələnən insanları görürəm».
Hal-hazırda Meridada (Meksika) tərcümə ofisində yaşayan Neifi deyir: «Mayya dilində Müqəddəs Kitab dərsləri keçirəndə Mayya xalqının başa düşmədiyi sözlərlə rastlaşırıq. Buna görə də tərcümə zamanı bu ifadələri daha təbii dildə verməyə çalışırıq».
Bu nəşrləri oxuyanlar hansı faydanı əldə edir? Gəlin bir nümunəyə baxaq: tlapanek dilində danışan təxminən 40 yaşlı Elena müntəzəm olaraq Yehovanın Şahidlərinin ibadət görüşlərinə gəlirdi. Lakin görüşlər ispan dilində keçirildiyi üçün heç nə başa düşmürdü. O deyir: «Bircə istəyim bu görüşlərdə olmaq idi». Amma Müqəddəs Kitabı tlapanek dilindəki broşüra vasitəsilə araşdırdıqdan sonra onun Allaha məhəbbəti artdı və 2013-cü ildə vəftiz olundu. Elena bölüşür: «Yehovaya şükür olsun ki, Müqəddəs Kitabı başa düşməyimə kömək etdi».