Kontentə keç

Yaponiyadan Müqəddəs Kitablar

Yaponiyadan Müqəddəs Kitablar

Yehovanın Şahidləri qalın cildli və yüksək keyfiyyətli Müqəddəs Kitablara tələbatı ödəmək üçün Yaponiyanın Ebina şəhərindəki çapxanada yeni cildləmə avadanlığı quraşdırmışlar.

Yehovanın Şahidləri bu layihəyə başlamamışdan qabaq bir az narahatçılıq keçirirdilər, çünki 2011-ci il martın 11-də Yaponiyada baş vermiş zəlzələ və tsunamidən sonra elektrik vaxtaşırı kəsilirdi.

Buna baxmayaraq, 2011-ci ilin sentyabr ayında avadanlığın quraşdırılması işinə başlanıldı. Bundan üç ay keçmədi ki, Çin dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin ilk nüsxələri yeni cildləmə xəttindən keçərək işıq üzü gördü.

Tamamilə avtomatlaşdırılmış bu cildləmə xəttinin uzunluğu təxminən 400 metrdir. Çap olunmuş vərəqlər bu xətt üzrə hərəkət etdikcə bir-birinə tikilir, cildlənir, presslənir, üst-üstə yığılır, karton qutularda qablaşdırılır və altlıqlara qoyulur.

Əməkdaşlığın gözəl bəhrəsi

Layihənin uğurla nəticələnməsində dəqiq planlaşdırılmanın və əməkdaşlığın böyük rolu olmuşdur. Məsələn, cildləmə avadanlığını qablaşdırmaq, qutulara yığmaq, 34 konteynerə yerləşdirib Avropadan Yaponiyaya çatdırmaq lazım idi.

Yehovanın Şahidlərinin ABŞ-dakı filialının on təmsilçisi layihə ilə əlaqədar Yaponiyaya ezam edilmişdi. Bəziləri orada hətta altı ay qalaraq yerli işçilərə avadanlığın istifadə edilməsi və qulluğu ilə bağlı təlim keçmişdilər.

Yeni cildləmə xətti Yaponiyanın çap sənayesinin diqqətini cəlb etmişdi. 2012-ci il martın 19-da bu sənayedə çalışan yüzdən çox insan filiala ekskursiyaya gəlmişdi və burada görülən işə heyran qalmışdılar.

Ekskursiyanın sonunda qonaqların hər birinə yeni cildləmə xəttində istehsal olunan «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin bir nüsxəsi hədiyyə edildi.

Qalın cildli Müqəddəs Kitabları çap edən ABŞ və Braziliya filiallarımıza artıq Yaponiya da qoşulub.

«Sonrakı iş çətin olacaq»

Şahidlər bu layihədə onlara kömək edən başqa şirkətlərin işçiləri ilə çiyin-çiyinə çalışırdılar. Yehovanın Şahidi olmayan bir kişi demişdi: «Siz mənə ailəm qədər doğma oldunuz».

Yehovanın Şahidi olmayan başqa bir işçi isə bu layihənin bitdiyi gün belə demişdi: «Mənim üçün sonrakı iş çətin olacaq, çünki o, mənə Gözətçi qülləsindəki kimi xoş olmayacaq!»