Kontentə keç

Ana dillərində Müqəddəs Kitab

Ana dillərində Müqəddəs Kitab

Yehovanın Şahidləri «Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi»ni oxumaq istəyənlərin hamısına verirlər.

Müxtəlif Müqəddəs Kitab şirkətləri tərəfindən milyardlarla Müqəddəs Kitab nüsxələrinin və çoxsaylı tərcümələrin çap olunmasına baxmayaraq, kasıbçılıq və dini ayrı-seçkilik ucbatından çoxları öz ana dillərində Müqəddəs Kitab əldə edə bilmirlər. Buna görə də Yehovanın Şahidləri 115-dən çox dildə «Yeni Dünya tərcüməsi» buraxırlar.

Bəzi nümunələrə nəzər salaq.

  • Ruanda. Dörd uşağı olan Silvestr və Venanti deyirlər: «Biz çox kasıbıq. Ailəmizin hər bir üzvünə Müqəddəs Kitab almağa gücümüz çatmırdı. İndi isə hər birimizin kinyaruanda dilində şəxsi “Yeni Dünya tərcüməsi” var və biz Müqəddəs Kitabı birlikdə oxuyuruq».

    Bu ölkədə yaşayan bir anqlikan keşişi demişdi: «Müqəddəs Kitabın bu tərcüməsini başa düşürəm. Bu, indiyədək oxuduğum tərcümələrin ən yaxşısıdır. Yehovanın Şahidləri, həqiqətən də, insanların rifahını düşünürlər!»

  • Konqo Demokratik Respublikası. Bəzi kilsələr Yehovanın Şahidlərinə ölkədə ən çox danışılan dillərdən biri olan linqala dilində Müqəddəs Kitab satmaqdan imtina edirlər.

    Təəccüblü deyil ki, linqala dilində «Yeni Dünya tərcüməsi» işıq üzü görəndən sonra orada yaşayan Şahidlər bu tərcüməni sevə-sevə oxuyur və başqalarına paylayırlar. Yehovanın Şahidlərinin konqresində bu tərcümənin təqdim olunması böyük sevinclə qarşılandı. Hətta stadionu mühafizə edən polislər belə Müqəddəs Kitab almaq üçün növbəyə dayandılar.

  • Fici. Fici dilində Müqəddəs Kitab olduqca bahadır, bunun ucbatından Şahidlər bir müddət ingilis dilində olan «Yeni Dünya tərcüməsi»ndən istifadə edirdilər. Ancaq 2009-cu ildə ficililərin doğma dilində Müqəddəs Yazıların yunanca hissəsinin (İncil) «Yeni Dünya tərcüməsi» işıq üzü gördü.

    Bu tərcümənin başadüşülən olması bir kişini o qədər heyran etmişdi ki, ona da bir nüsxə verilməsini xahiş etdi. Lakin yerli Şahidlər kişiyə dedilər ki, Müqəddəs Kitabların növbəti partiyası onun şəhərinə gələnə qədər ən azı bir ay gözləməlidir. Amma o gözləmək istəmədi və əlində artıq kitabı olan və 35 kilometr uzaqlıqda yaşayan bir Şahidlə görüşməyə razılaşdı. O dedi: «Bu tərcümə adətən bizim istifadə etdiyimiz tərcümədən olduqca yaxşıdır. O, aydın və asan başadüşüləndir».

  • Malavi. Devid adlı bir kişi Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda yerli Baptist təşkilatının üzvləri evinə gəlib verdikləri Müqəddəs Kitabı əlindən aldılar. Buna görə də çiçeva dilində «Yeni Dünya tərcüməsi» çıxanda onun çoxdankı arzusu yerinə yetdi.

    Malavidə Müqəddəs Kitab baha olduğu üçün Devid bilmirdi nə etsin. Amma ona «Yeni Dünya tərcüməsi» veriləndə o dedi: «Bu Müqəddəs Kitab köhnə Müqəddəs Kitabımdan yaxşıdır».

60 il əvvəl Nyu-York şəhərində keçirilən konqresdə ingilis dilində «Yeni Dünya tərcüməsi»nin birinci hissəsi işıq üzü görəndə məruzəçi dinləyiciləri təşviq etmişdi: «Onu oxuyun. Araşdırın... Başqalarına da verin». Bu səbəbdən Yehovanın Şahidləri 175 milyondan çox «Yeni Dünya tərcüməsi» çap ediblər. Üstəlik, siz Müqəddəs Kitabı təxminən 50 dildə onlayn şəklində oxuya bilərsiniz.