Kontentə keç

Rəhbərlik Şurası Rusiyadakı və Ukraynadakı Şahidləri ruhlandırır

Rəhbərlik Şurası Rusiyadakı və Ukraynadakı Şahidləri ruhlandırır

«Sanki bir anlıq sevgi yağışına düşdük!» Bu sözləri Rəhbərlik Şurasının üzvü Stiven Letin oxuduğu vacib məktuba qulaq asan Ukraynadakı bir Şahid demişdi. Bu qadın Stiven Letin bu il Ukraynaya gəlişi zamanı 10, 11 may tarixlərində söylədiyi nitqə qulaq asan 165000 Şahiddən biri idi.

Müqəddəs Kitaba əsaslanan məruzə və qardaşın oxuduğu məktub beş dilə tərcümə olunmuş və Ukraynanın hər yerində, təxminən 1100 Padşahlıq Zalına translyasiya olunmuşdu.

Həmin həftənin axırı Rəhbərlik Şurasının digər üzvü olan Mark Sanderson proqrama daxil olan məktubu Rusiyanın o biri tayında yaşayan qardaşlara ithaf etmişdi. Proqram 14 dilə tərcümə olunmuşdu. Bu proqrama Belarusiya və Rusiyada 2500-dən çox yığıncaqdan 180413 nəfər qulaq asmışdı.

Rəhbərlik Şurasının yolladığı bu məktub Rusiya və Ukraynada olan bütün yığıncaqlara ünvanlanmışdı. Sanderson qardaş məktubu rus dilində oxumuşdu. Bu, Rusiya Beytelinin komitəsini bu sözləri yazmağa təşviq etdi: «Rəhbərlik Şurasının dünyanın bu sahəsi ilə maraqlanması bacı-qardaşlara dərin təsir etmişdi». Hamıda elə hiss yarandı ki, sanki Rəhbərlik Şurası bizi bağrına basdı.

Bu məktubun məqsədi siyasi iğtişaşlar olan ərazilərdəki Şahidlərə təsəlli vermək və ruhlandırmaq idi. Məktub qardaşları təşviq etdi ki, dünyanın siyasi işlərində bitərəf qalaraq, «dünyanın bir hissəsi» olmamağa davam etsinlər (Yəhya 17:16).

Sonda Rəhbərlik Şurası Şahidləri təşviq etdi ki, Yehovayla olan yaxın münasibətlərini dua vasitəsilə, Onun Kəlamını oxuyub, üzərində düşünməklə qoruyub saxlasınlar. Dinləyicilərə xatırlatdılar ki, hansı sınaqlarla üzləşirlərsə, üzləşsinlər, onlar Allahın Əşiya 54:17 dediyi «sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» sözlərinin gerçəkliyinə əmin ola bilərlər.

Rəhbərlik Şurası məktuba bu sözlərlə yekun vurdu: «Sizin hamınızı çox sevirik. Əmin olun ki, həmişə sizi düşünürük və sizdən ötrü Yehovaya yalvarırıq».

Bu başçəkmə ilə bağlı Yehovanın Şahidlərinin Ukrayna komitəsi yazır: «Bacı-qardaşlar Rəhbərlik Şurasının onlara göstərdiyi qayğı və diqqəti xəyallarına belə gətirməzdilər. Let və Sanderson qardaşın həmin həftədə Rusiya və Ukraynada olması Allahın xalqı arasında birliyin olduğunu, Yehova və İsa Məsihin bacı-qardaşların qeydinə qaldığını sübut edir. Hamımız razıyıq ki, bu başçəkmə çox yerinə düşdü. Qarşılaşdığımız sınaqlardan asılı olmayaraq, Yehovaya xidmətimizi davam etdirmək üçün daha da ürəkləndik».