Yehovanın Şahidlərinin yeddi ölkədə keçirdikləri xüsusi konqreslər
Yehovanın Şahidləri bu yaxınlarda Braziliya, Kosta-Rika, Honkonq, İrlandiya, İsrail, Yeni Zelandiya və İsveçdə xüsusi konqreslər keçiriblər. Konqreslərə 2012-ci ilin iyul ayında İsveçdə start verilmişdi. Sonuncu üç konqres isə 2013-cü ilin yanvar ayında Kosta-Rika və Yeni Zelandiyada keçirilib.
İllik üçgünlük vilayət konqreslərində olduğu kimi, bu konqreslərdə də Müqəddəs Kitaba əsaslanan nitqlər səslənmiş, səhnəciklər və dramlar olmuşdu.
Bu xüsusi konqreslərə müxtəlif ölkələrdən nümayəndələr də dəvət olunmuşdu. Konqresə ev sahibliyi edən ölkələr qonaqlar üçün konqresdən əvvəl və sonra ekskursiyalar təşkil etmişdi.
Braziliyadakı konqresdə iştirak edən bir nümayəndə belə demişdi: «Qardaşların böyük məhəbbətini və qonaqpərvərliyini görmək çox sevindirici idi. Elə bil, öz doğmalarıma qovuşmuşdum».
Honkonqdakı xüsusi konqresdə iştirak edən digər nümayəndə isə hisslərini belə dilə gətirmişdi: «Mandarindilli nümayəndələrin yeni ədəbiyyatları bağırlarına basdıqlarını, üzlərindəki təbəssümü və göz yaşlarını görəndə çox təsirləndim».
Hər il Yehovanın Şahidləri bütün dünyada konqreslər keçirirlər. Bu konqreslərdə milyonlarla insan iştirak edir.
Konqreslərin hər bir iştirakçısı ümumdünya qardaşlığında hökm sürən məhəbbəti, sevinci və sülhü şəxsən özü hiss edə bilər. Xüsusi və beynəlxalq konqreslərdə isə bunu daha qabarıq şəkildə görmək olar. Fasilə zamanı nümayəndələr səmimi-qəlbdən qucaqlaşır, bir-birləri ilə şirin ünsiyyət edir, bir yerdə yemək yeyir, şəkil çəkdirirlər, bir-birlərinə kiçik hədiyyələr verir və əlaqə saxlamaq üçün ünvan götürürlər.
Konqreslərimizə Yehovanın Şahidi olmayanlar da dəvətlidir.