Bir milyon Yehovanın Şahidi üçün tikilən ibadət evləri
Yehovanın Şahidləri 1999—2015-ci illər ərzində Meksika, Qvatemala, Salvador, Honduras, Nikaraqua, Kosta-Rika, Panama və Belizdə 5000-dən çox ibadət evi tikib. Bu ərazidə ibadət görüşlərində iştirak edən bir milyon Yehovanın Şahidini və digər insanları nəzərə alsaq, hələ 700-dən çox ibadət evi tikilməlidir.
Əvvəllər bu ərazidə yığıncaqların keçirilməsi üçün ibadət evlərinin tikilməsi müşkül məsələ idi. Nəyə görə? Səbəblərdən biri o idi ki, uzun illər ərzində hökumət dini təşkilatların şəxsi mülkə sahib olmasına icazə vermirdi. Lakin 1990-cı illərdə qanun dəyişdi və Yehovanın Şahidləri çoxlu ibadət evləri tikməyə başladılar. Amma hər ibadət evinin tikilməsinə aylarla vaxt sərf olunurdu.
Tikinti işi sürətlənir
1999-cu ildə tikinti işi sürətləndi. Belə ki, ibadət evlərinin tikinti briqadaları məhdud resurslu ölkələrdə ibadət evlərinin tikintisi ilə əlaqədar yeni proqram əsasında işə başladılar. Bu ölkələrin siyahısına Meksika və Mərkəzi Amerikanın yeddi ölkəsi də daxil idi. Yehovanın Şahidlərinin Meksikadakı filialı 2010-cu ildən bəri həmin ərazidə gedən bütün tikinti işinə nəzarət edir.
Tikinti briqadaları ucqar ərazilərdə ibadət evləri tikərkən xüsusi çətinliklərlə üzləşirlər. Misal üçün, Panamada tikinti briqadası tikinti sahəsinə çatmaq üçün qayıqla sahilboyu təxminən üç saat yol qət etməli idi. Meksikanın Çyapas ştatındakı tikinti briqadası ucqar əraziyə tikinti materiallarını gətirmək üçün balaca təyyarədən istifadə etməli olmuşlar.
Yeni ibadət evlərinin faydası
Çox vaxt hətta Yehovanın Şahidi olmayan insanlar belə yaşadıqları ərazidə yeni ibadət evinin tikilib başa çatmasını səbirsizliklə gözləyirlər. Misal üçün, Hondurasdan olan bir kişi qeyd etmişdi ki, Yehovanın Şahidləri onun torpaq sahəsində ibadət evi tikməmişdən qabaq, başqa insanlar həmin ərazidə gecə klubu tikmək istədiklərini bildirmişdilər. Amma o, bunu istəmirdi. Yehovanın Şahidləri bu ərazidə ibadət evi tikmək istədiklərini bildirəndə həmin kişi sevinclə demişdi: «Bu lap əla oldu!»
İnsanlar bir çox ərazilərdə tikinti işçilərinin necə çalışdığını görüb heyran qalırlar. Qvatemaladan olan bir kişi deyir: «Çox mədəniyyətlərdə qadının yeri ancaq mətbəxdir. Amma burada qadınlar kişilərlə çiyin-çiyinə çalışırlar. Mən qadınların dəmir karkas quraşdırdıqlarını və divar suvadıqlarını görəndə çox təəccübləndim. Ağzım açıq qaldı!» Bəzi qonşular özləri təşəbbüs göstərib, işçilərə yeməyə və içməyə nəsə aldılar.
İbadət evlərinin dizaynı çoxlarının xoşuna gəlir. Nikaraquada bir mühəndis bir şəhərin icra hakiminə demişdi ki, Yehovanın Şahidlərinin oradakı ibadət evi çox gözəl tikilib, keyfiyyətli materiallardan istifadə olunub. Bir sözlə, şəhərdə bunun kimi yüksək keyfiyyətli bina yoxdur!
Yehovanın Şahidlərinin özləri də ibadət etmək üçün belə gözəl yerləri olduğuna görə çox xoşbəxtdirlər. Onlar qeyd edirlər ki, yeni ibadət binası tikildikdən sonra Müqəddəs Kitabı öyrənən insanlar yığıncaq görüşlərində daha çox iştirak edirlər.Meksikada ibadət evinin tikinti briqadasına kömək edən bacı-qardaşlar öz minnətdarlığını bu cür dilə gətirdilər: «Yehovaya minnətdarıq ki, bizə Onun adına izzət və şərəf gətirən ibadət evi tikmək şərəfini nəsib etdi».