Uolkill və Uorvik layihələri uğurla irəliləyir
Ölkənin bir çox yerlərindən gələn könüllülərin ağır zəhməti sayəsində Yehovanın Şahidlərinin ABŞ-dakı iki mühüm tikinti layihəsi uğurla irəliləməkdədir.
Uolkill, Nyu–York. 1600-dən çox Yehovanın Şahidinin yaşadığı bu kompleks ABŞ-dakı Yehovanın Şahidləri üçün ədəbiyyatların istehsal olunduğu bir mərkəzdir. Uolkilldəki fəaliyyətimizi genişləndirmək məqsədilə işçilər (əksəriyyəti könüllülərdir) 3 yeni ofis binası, maşın dayanacağı və 3 yaşayış binası inşa edirlər. 2012-ci ildə könüllülər texniki avadanlıqlarının yerləşdirildiyi binanın tikintisini tamamlamış və daha 200 nəfərin yerləşməsi üçün yeməkxananı genişləndirmişlər.
Braziliya, Almaniya və Meksika da daxil olmaqla, dünyanın bir çox ölkələrində Yehovanın Şahidlərinin filial kimi tanınan inzibati kompleksləri var. Yehovanın Şahidlərinin ABŞ-dakı inzibati kompleksinə Patersondakı (Nyu-York ştatı) tədris mərkəzi və Bruklindəki (Nyu-York ştatı) ofislər də daxildir. Genişləndirilmə işləri başa çatanda Uolkill Yehovanın Şahidlərinin dünyadakı ən böyük kompleksi olacaq.
Uorvik, Nyu-York. Burada inşa ediləcək kompleks Yehovanın Şahidlərinin yeni baş idarəsi olacaq. Ərazidəki boş binalar artıq sökülüb. Texnikanı və tikinti materiallarını yerləşdirmək üçün Şahidlər oradan 10 kilometr uzaqlıqdakı Taksidoda (Nyu-York ştatı) torpaq sahəsi alıblar. Layihənin ətraf mühitə təsiri haqda sənəd artıq yerli hakimiyyət orqanları tərəfindən qəbul edilib. Obyektlərin tikinti meydançasında yerləşdirilməsi barədə plan təsdiqləndikdən sonra tikintiyə icazə verilməsi üçün dövlət orqanlarına ərizə yazılacaq. Bu vaxta kimi Yehovanın Şahidlərinin baş idarəsi öz işini Bruklindən (Nyu-York ştatı) davam etdirəcək.