Uorvik şəkil sərgisi 5 (Sentyabr 2015 — fevral 2016)
Bu şəkil sərgisində sentyabr 2015 — fevral 2016-cı il tarixlərində Yehovanın Şahidlərinin yeni baş idarəsində gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.
7 oktyabr 2015-ci il. Uorvik
Bataqlığın üstündə salınacaq körpünün arkası körpünün təməlinə gətirilir. Arka yük maşınından düşürdüləndə zədə almasın deyə əvvəlcə yumşaq təkərlərin üzərinə qoyulur. Bu körpü bataqlığı ekoloji cəhətdən qoruyacaq.
13 oktyabr 2015-ci il. Ofislər və xidmət binası
Yaşıl dam dovşankələmi fəsiləsinə aid olan ətli yarpaqlı bitkilərlə örtülüb. Bu bitki qışda inkişafını dayandırmazdan əvvəl rəngini dəyişir. Dama on altı növ dovşankələmi bitkisi əkilib. Yaşıl dam yağış suyuna nəzarət etməyə, elektrik xərclərini azaltmağa kömək edir. Bu bitkilərin sağlam qalması üçün alaq otlarından təmizləmək lazımdır.
13 oktyabr 2015-ci il. D yaşayış binası
Xarrat yaşayış otağının mətbəx mebelini quraşdırır. Xarrat şöbəsi 2016-cı ilin fevralına qədər mətbəx mebellərinin 60 faizindən çoxunu hazır edib.
16 oktyabr 2015-ci il. Ofislər və xidmət binası
Elektriklər «Gözətçi qülləsi» loqosuna LED lampalar quraşdırırlar.
21 oktyabr 2015-ci il. Ofislər və xidmət binası
Ofislər və xidmət binasının üstündəki qüllə və binanın lobbisi gecələr işıqlandırılacaq. Bu qüllə təkcə Uorvikdən yox, ətraf ərazilərdən də görünəcək.
22 oktyabr 2015-ci il. Uorvik
Tikinti işçiləri fövqəladə vəziyyətlər üçün yol çəkirlər. Onlar əvvəlcə torpağı hamarlayıb, betonlayırlar. Tikinti zamanı sürüşmənin qarşısını almaq üçün təpəyə müvəqqəti kətan parça sərilib.
9 noyabr 2015-ci il. Ofislər və xidmət binası
Liftin damına şəffaf dam örtüyü quraşdırılır. Onbirguşəli bu dam sayəsində gecələr binaya təbii işıq düşəcək.
16 noyabr 2015-ci il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı
Qaynaqçı soyuq su sistemi üçün oksi-asetilen qaynaq maşını ilə karbon tərkibli polad borunu kəsir.
30 noyabr 2015-ci il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı
Xarrat pəncərə altlığı düzəldir. O, karkaz və alçıpanı vurandan sonra pəncərə altlığını quraşdıracaq.
17 dekabr 2015-ci il. Uorvik
Yağışlı havada yerə daş döşənir. Sağ tərəfdə iki işçi torpağı hamarlayır. Ön planda ekskavator hidrotexniki qurğu sıxacı ilə yerə daş döşəyir. Sol tərəfdə isə torpaqda eroziyanın qarşısını almaq üçün yerə polietilen örtük sərilib.
24 dekabr 2015-ci il. Uorvik
İşçilər elektrik yarımstansiyasının yüksəkgərginlikli elektrik məftillərini dartırlar. Bu yarımstansiya Uorvik kompleksini elektriklə təmin edir.
5 yanvar 2016-cı il. Ofislər və xidmət binası
Qonaqlar üçün avtomobil dayanacağı ilə ofislər və xidmət binası arasında olan keçidin karkazı tamamlanır. Bu keçid qonaqları yağış və qardan qoruyacaq.
5 yanvar 2016-cı il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı
Texnik qazanxananın idarəetmə panelini tənzimləyir. Uorvikdəki dörd panelin hamısı artıq quraşdırılıb.
8 fevral 2016-cı il. Ofislər və xidmət binası
Mexaniklər camaşırxanaya qurutma maşınları quraşdırırlar. Bu qurutma maşınları 6—45 kiloqramlıqdır. Camaşırxananın sol tərəfində isə paltaryuyan maşınlar quraşdırılacaq.
8 fevral 2016-cı il. Taksido kompleksi
Rəhbərlik Şurasının üzvü Qerit Löş Beyteldə «Gözətçi qülləsi» jurnalının təlim nəşrini müzakirə edir. Proqram Uorvikdəki işçilərin yaşadıqları evlərdə də yayımlanır.
19 fevral 2016-cı il. A yaşayış binası
İnteryer şöbəsi yaşayış binalarından birinin xalçalarını maşından boşaldır. Uorvikdəki kompleksdə 65000 m2 xalça istifadə ediləcək.
22 fevral 2016-cı il. Uorvik
Sentyabr 2015 — fevral 2016-cı il tarixlərində C və D yaşayış binalarının daşınmaz əmlak sertifikatı alınıb. Bütün binalara lift quraşdırılıb. Sakinlər üçün olan avtomobil dayanacağının döşəməsi vurulub və tikintisi tamamlanıb. Qış mülayim keçdiyindən abadlıq işləri planlaşdırılan vaxtdan əvvəl başlanılıb.
24 fevral 2016-cı il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı
Usta tavan çərçivələrini quraşdırır. Divar və tavan şöbəsi alçıpan və çərçivə vurur, divarı suvaq vurur və izolyasiya edir. Onlar həmçinin divar keçidlərinə yanğın siqnalizasiyası quraşdırır.