Uorvik layihəsində Yehovanın Şahidləri ilə əməkdaşlıq
Uorvik tikinti layihəsində işləyən könüllülərin fədakarlıq ruhu hər kəsi heyrətləndirirdi. Lift quraşdırma şirkətinin direktoru işçilərdən birinə demişdi: «İşçi heyətinizin gördüyü iş inanılmazdır. Bu gün vaxtını könüllü işlərə sərf edən adam tapmaq müşkül məsələdir».
Yehovanın Şahidlərinin Uorvikdəki (Nyu-York) baş idarəsinin tikintisində işləyənlərin əksəriyyətinin könüllü olduğunu eşidəndə, həmin direktor kimi çoxları düşünmüşdülər ki, könüllülər yerli Şahidlərdir və yalnız həftəsonları işləyəcəklər. Onlar dünyanın dörd bir yanından öz işlərini atıb aylarla, hətta illərlə bu layihədə işləməyə gələn könüllüləri görəndə məəttəl qalmışdılar.
2015-ci ilin sonuna qədər təxminən 23000 könüllü Birləşmiş Ştatların Beytel ailəsinin üzvləri ilə çiyin-çiyinə işləmişdi. Bundan başqa, Yehovanın Şahidi olmayan təxminən 750 inşaat işçisi də layihənin planlaşdırılan vaxtda tamamlanmasına kömək etmişdi. Yehovanın Şahidləri ilə birlikdə işləmək onlara olduqca müsbət təəssürat bağışlamışdı.
Xoş ab-hava
Şəffaf divar sistemi istehsal edən bir şirkətin meneceri demişdi: «İşçilərimiz könüllülər arasındakı xoş ab-havaya heyran qalıb. Buna görə də çoxlarımız bu layihədə işləmək istəyirik».
Başqa bir şirkət yaşayış binalarının üst qatının artırılmasına kömək etmək üçün işçi heyəti göndərmişdi. Şirkətin müqavilə müddəti tamamlananda işçilərdən üçü Uorvikdə qalmaq qərarına gəlir. Bunun üçün onlar öz iş yerlərindən çıxıb, Uorvik layihəsi ilə işləyən başqa şirkətə keçirlər.
Şahidlərin təzahür etdirdiyi gözəl xüsusiyyətlər bəzi işçilərin xasiyyətinə də təsir etmişdi. Əri təməlqoyma şirkətində işləyən bir qadın yoldaşının Uorvik layihəsində bir necə ay işlədikdən sonra davranış və danışığının necə dəyişdiyi barədə fərəhlə deyir: «Onu tanıya bilmirəm».
«Hətta Şahid qadınlar da işləyəcək»
Layihədə iştirak edən Yehovanın Şahidlərinin əksəriyyəti qadınlar idi. Onların işi sadəcə avtobus sürmək, otaqları təmizləmək və kargüzarlıq işləri görmək deyildi. Qadınlar həmçinin inşaat sahəsindəki yol hərəkətinin nizamlanmasına nəzarət edir, ağır texnika işlədir, fiber-optik xətləri birləşdirir, boru izolyasiyası ilə məşğul olur, gipskarton divarlar quraşdırır, santexnika işləri görür və beton tökürdülər. Qadınlar var gücləri ilə işləyirdilər.
Avtobuslardan düşüb işə gələrkən bəzi cütlüklərin əl-ələ tutması dam örtüyü vuran bir ustanın diqqətini çəkmişdir. Bu onun xoşuna gəlmişdi. O həmçinin bu qadınların tikintidə yorulmadan işlədiyini görürdü. Usta deyir: «İlk baxışdan adama elə gəlirdi ki, sanki bu qadınlar sadəcə ərlərinə dəstək üçün gəliblər. Amma sən demə, əməlli-başlı usta imişlər. Demək olar ki, Nyu-Yorkun bütün tikinti işlərində işləmişəm, amma indiyə kimi belə şey görməmişəm».
2014—2015-ci ilin qışı elə sərt keçdi ki, adam evdən çıxmaq istəmirdi. Qaldı ki, şaxtalı havada bayırda işləmək. Tikinti layihəsinə rəhbərlik edən Ceremi adlı bir Yehovanın Şahidi xatırlayır: «Hərdən şaxtalı günlərdə bizimlə əməkdaşlıq edən şirkətlərdən birinin rəhbəri məndən soruşurdu:
- Sabah sizdə qadınlar da işə çıxacaq?
- Bəli.
- Yol hərəkətinin nizamlanmasına nəzarət edən qadınlar da?
- Bəli.
Sonradan o mənə dedi ki, sən demə, işçilərinə “sabah şaxtalı havada, hətta Şahid qadınlar da işləyəcək, deməli, siz də işə gəlməlisiniz” deyirmiş».
Sürücülər işlərindən məmnun qaldı
Uorvikdə işləyən könüllüləri işə aparıb-gətirmək üçün 35-dən çox avtobus sürücüsü ilə müqavilə bağlanmışdı.
Bir dəfə yola çıxmamışdan qabaq sürücü sərnişinlərinə baxıb dedi: «Sizi aparıb-gətirmək mənə çox xoşdur. Çox istəyərdim ki, müdirimin e-mail ünvanına yazıb, məni bu işdə saxlamasını istəyəsiniz. Sayənizdə Müqəddəs Kitabdan çox şey öyrəndim. Sizə rast gələnə qədər Allahın adı və yer üzü cənnət haqqında heç bir məlumatım yox idi. Daha ölümdən qorxmuram. Yaxşı ki, sizinlə görüşdüm. Növbəti istirahət günümdə ibadət evinizə gələcəyəm».
Uorvikdə işləmiş Yehovanın Şahidi olan Damiana adlı bir qadın danışır: «Bir gün avtobusa minəndə sürücümüz dedi ki, bizə sözü var. O, bu günə qədər Nyu-Yorkun müxtəlif yerlərindən 4000 Yehovanın Şahidini aparıb-gətirdiyini deyərək əlavə etdi: “Hərənin xasiyyəti bir cürdür, ancaq buna baxmayaraq siz bir-birinizlə gözəl dil tapmağı və çiyin-çiyinə işləməyi bacarırsınız. Bu möhtəşəmdir”. O həmçinin bizimlə ünsiyyət etməyi sevdiyini də dedi.
Sürücü sözünü bitirdikdən sonra Şahidlərdən biri soruşdu: “Bəs biz nəğmə oxuyanda xoşunuza gəlir?” O ürəkdən gülərək dedi: “Hə, 134 a nömrəli nəğmədən başlayaq?”»
a «Özünü yeni dünyada təsəvvür et» adlı 134 nömrəli nəğmə «Yehovanı nəğmələrdə tərənnüm edin» kitabında yerləşir. Bu nəğmə Allahın yer üzünü cənnətə çevirdiyi zaman insanların duyacağı sevincdən bəhs edir.