Onlar puldan ötrü işləmirlər
Son 28 il ərzində 11000-dən çox Yehovanın Şahidi təxminən 120 ölkə və ərazidə müxtəlif tikinti layihələri həyat keçirib. Evlərini, hətta doğma ölkələrini arxada qoyub gələn könüllülər heç bir təmənna güdmədən böyük məmnuniyyətlə bu işə bütün vaxtlarını və qüvvələrini sərf ediblər.
Tikintinin keçirildiyi yerə gəlmək üçün çoxları yol pullarını öz ciblərindən vermişlər. Bəziləri məzuniyyət götürmüşlər. Onların arasında hətta yüksəkmaaşlı daimi işlərini buraxıb gələnlər də var idi.
Ümumdünya təbliğ işinin irəliləməsinə xidmət etmək üçün çox şeylərini qurban verən bu fədakar bacı-qardaşlar bunu məcburi yox, ürəklərindən gəldiyi üçün etmişdilər (Matta 24:14). Onların ağır zəhmətinin bəhrəsi ofislər, yaşayış binaları, eləcə də Müqəddəs Kitab və ona əsaslanan nəşrlərin çap edildiyi çapxanalardır. Bundan əlavə, Yehovanın Şahidləri 10000 nəfərlik Konqres və 300 nəfərlik Padşahlıq zalları tikmişlər.
Bu iş hələ də davam edir. Yerli filial tikintiyə gələn briqadanın tələbatlarının qayğısına qalmaqla yanaşı, onları ev və qida ilə təmin edir. Bu işdə yerli Şahidlər də onlara kömək edirlər.
Bu böyük işi təşkil etmək və mütəşəkkil şəkildə həyata keçirmək üçün 1985-ci ildən beynəlxalq proqram fəaliyyət göstərir. Bu proqramda iştirak etmək üçün işçi müəyyən tələblərə cavab verməlidir: o, yaşı 19—55 arasında olan Yehovanın Şahidi olmalı və ən azı bir tikinti peşəsindən başı çıxmalıdır. Adətən, layihə 2—12 həftə, bəzən isə bir il və ya daha çox çəkir.
İnşaat işçilərinin arvadlarına armaturu məftillərlə bağlamağı, üzlük vurmağı, cilalamağı və boyamağı öyrədirlər. Bəziləri isə işçilərə yemək hazırlayır və onların yaşadığı evləri təmizləyirlər.
Layihə başa çatanda könüllülər öz evlərinə qayıdırlar. Onlardan bəziləri sonradan məktub göndərib tikintiyə dəvət olunduqları üçün öz minnətdarlıqlarını ifadə edirlər. Budapeşt filialında tikintidə iştirak edən bir ər-arvad yazmışdı: «Bizi tikintidə çalışmaq şərəfinə layiq gördüyünüz üçün sizə təşəkkür edirik. Macar bacı-qardaşlarımızın mehribanlığı ürəyimizdə dərin iz buraxdı! Bir ay çiyin-çiyinə işlədikdən sonra onlarla vidalaşıb ayrılmaq bizə çətin idi. Hər dəfə belə olur. Ümidvarıq, yazda sizinlə yenidən görüşəcəyik. Təyinatda olduğumuz hər ay həyatımızın ən gözəl ayı olur».