Ləl-cavahirat şəhərində «Allahın insanlara hədiyyəsi» sərgiləndi
Rumıniyanın ən böyük şəhərlərindən biri olan Kluj-Napoka «Ləl-cavahirat şəhər»i kimi tanınır. 2016-cı il aprelin 20-sindən 24-ünədək bu şəhərdə «Qaudeamus» kitab sərgisi keçirildi. Yehovanın Şahidləri bu sərgidə diqqəti Müqəddəs Kitabdakı əxlaqi və mənəvi dəyərlərə yönəltmişdilər. Onlar stendlər quraşdırdı və Müqəddəs Kitaba, ona əsaslanan nəşrlərə və videolara maraq göstərən minlərlə iştirakçıyla söhbət etdi.
Sərgiyə ekskursiya edən bir neçə məktəbin müəllimləri və şagirdləri Yehovanın Şahidlərinin stendinə də yaxınlaşdılar. «Yehovanın dostu ol» rubrikasındakı cizgi filmlərinə baxmaq şagirdlərin xüsusilə xoşuna gəldi. Onların əksəriyyəti «Müqəddəs Kitab hekayələri» kitabını və «Övladlarımızı öyrədək» broşürünün nüsxələrini götürdü. Bu cizgi filmlərinə baxan bir bağça müəlliməsi öz həmkarına demişdi: «Uşaqlara cizgi filmlərin hamısını göstərmək üçün gərək [www.pr418.com] vebsayt ünvanını qeyd edək».
Yuxarı sinif şagirdləri isə daha çox «Bu eşqdir, yoxsa məhəbbət?», «Sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı ol» və «Əl-qol atmadan xuliqanın cavabını ver» adlı qələm animasiyalı videoları bəyəndilər.
Bir pravoslav keşiş həyat yoldaşı ilə birgə stendə bir neçə dəfə yaxınlaşdı. Onlar Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni və bəzi nəşrlər götürdülər. Keşişin sözlərinə görə, bu tərcümənin üstün cəhətlərindən olan «Sözlər göstəricisi» və tərcüməçilərin etibarlı mənbələrdən istifadə etməsi ona gözəl təəssürat bağışlayıb. O, həmçinin Şahidlərə öz telefon nömrəsini verdi ki, Müqəddəs Kitab barədə söhbət etmək üçün onunla əlaqə saxlasınlar.
Keşişin arvadı jw.org saytından uşaqlar üçün məlumatı necə əldə edə biləcəyini soruşdu. Şahidlər onu saytın «Uşaqlar» bölməsi ilə tanış etdilər. «Dürüst ol» videosu onun lap ürəyincə oldu. Saytın bölmələri ilə tanış olduqdan sonra yoldaşı bu saytı «Allahın insanlara hədiyyəsi» adlandırdı.