Laplandiyada təbliğ kampaniyası
Finlandiya, Norveç və İsveç arasındakı geniş ərazidə Saami xalqı yaşayır. Bu xalqın özünəməxsus mədəniyyəti, adət-ənənələri və dilləri var. Son vaxtlarda Yehovanın Şahidləri Müqəddəs Kitab xəbərini Saami dilində bölüşmək üçün iki təşəbbüs həyata keçiriblər.
Birincisi, 2015-ci ilin payızında Yehovanın Şahidləri Müqəddəs Kitaba əsaslanan nəşrləri və videoları Saami dilində a dərc etməyə başladı. İkincisi isə, 2016—2017-ci illərdə keçirilən iki xüsusi kampaniya ərzində Yehovanın Şahidləri Saami dilinə tərcümə olunan bu materialları bölüşmək üçün ucqar bir əraziyə — Laplandiyaya (şimal marallarının yaşadığı ərazi) səyahət etdilər.
«Cəmiyyət üçün vacib və dəyərli bir iş»
2017-ci ilin may ayında keçirilən xüsusi kampaniya vaxtı Finlandiya, Norveç və İsveçdə yaşayan 200-dən çox Yehovanın Şahidi Laplandiyada minlərlə kvadrat kilometr ərazidə yerləşən bir sıra kiçik kəndlərə getməyə könüllü oldular. Bəzi Yehovanın Şahidləri Saami dilində müəyyən ifadələr öyrəndilər və bu, Saami xalqına xoş təsir bağışladı. Kariqasniemi kəndinə könüllü olaraq gedən Denis deyir: «Yerli xalq onların dilində danışmaq üçün göstərdiyimiz səmimi cəhdləri xoş qarşıladı».
Saamilər təbiətin qayğısına qaldıqları üçün Müqəddəs Kitabın yer üzündəki cənnət barədə vədi onların xüsusilə diqqətini cəlb etdi (Zəbur 37:11). Məsələn, bir qadın «İlahi müjdə» broşürü vasitəsilə Müqəddəs Kitab dərsinə başlayanda və Allahın bəşəriyyətlə bağlı niyyətini öyrənəndə çox təəccübləndi. Düşündü, görəsən nəyə görə kilsədə yer üzündəki cənnət haqda heç vaxt heç nə deyilməyib.
Çoxları Yehovanın Şahidlərinə onları ziyarət etdiklərinə görə öz minnətdarlıqlarını bildirdilər. Bir satıcı müşahidə etdiyi iki Yehovanın Şahidini təriflədi. O dedi ki, onlar «cəmiyyət üçün vacib və dəyərli bir iş» görürlər. Sonra onları mağazasına dəvət etdi və istədikləri ərzağı götürməyi təklif etdi, ərzağın pulunu isə götürmədi.
Kampaniya ərzində saamilər təxminən 180 videoya baxdı və 500-dən çox nəşr götürdü. Onlar, adətən, ana dillərində mövcud olan hər nəşri istəyirdilər. Bundan əlavə, 14 nəfər Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsinə başladı.
«Peşəkarların gördüyü iş»
Yehovanın Şahidlərinin nəşrlərini oxuyan bəzi saamilər yüksək tərcümə keyfiyyətini çox qiymətləndirdilər. Saami Parlamentinin İdarə Heyətinin bir üzvü və məktəb müəllimi olan Nilla Tapiola demişdi: «Sizin nəşrləriniz olduqca yaxşı tərcümə olunub. Onlar asan oxunaqlıdır və yaxşı dil üslubuna malikdir». Finlandiyanın şimal bölgəsində yaşayan bir kişi belə demişdi: «Şübhəsiz, bu nəşrlər peşəkarların gördüyü işdir».
Finlandiya ilə Norveç arasındakı sərhəddə yerləşən Kariqasniemidə Yehovanın Şahidləri bir saamidilli müəllim ilə «İlahi müjdə» broşürünün birinci dərsini müzakirə etdilər. Tərcümənin keyfiyyətini bəyənən müəllim Yehovanın Şahidlərindən icazə istədi ki, məktəbdə Saami dilini öyrətmək üçün bu broşürdən istifadə etsin.
Bir neçə video və bukletlər, eləcə də bir broşür artıq Saami dilinə tərcümə olunub. Bu dildə jw.org saytı 29 fevral 2016-cı il tarixindən etibarən fəaliyyət göstərir. Hər ay saamidilli insanlar 400 dəfədən çox bu sayta daxil olur və təxminən 350 məqalə, audio və video fayllar yükləyirlər.
Həm saamilər, həm də onları ziyarət edən könüllülər bu kampaniyadan məmnunluq duydular. Utsyokidə xidmət edən Hilya-Mariya və Henrik müşahidə etmişdi ki, Saami xalqı «Müqəddəs Kitabın onlara nə qədər faydalı olduğunun şahidi olub». Orada xidmət edən Lauri və İnqa isə belə demişdi: «Bu kampaniya bizə Allahın ayrı-seçkilik etmədiyini xatırlatdı. Biz çox xoşbəxtik ki, Onun sevgisini bu ucqar ərazilərin əhalisinə də çatdıra bildik».
a Saami dillərinin (həmçinin sami kimi tanınır) bir neçə formaları vardır. Britaniya ensiklopediyasında qeyd olunur ki, «bu dilin ən geniş yayılan forması Şimal Sami dilidir və Saami xalqının üçdə ikisi bu dildə danışır». Yehovanın Şahidləri nəşrləri Şimal Saami dilinə tərcümə edir. Bu məqalədə xalqın əksəriyyətinin danışdığı dili göstərmək üçün «Saami» sözündən istifadə olunur.