Xoş xəbər uzaq şimala çatır
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası 2014-cü ildə xoş xəbərin Avropa və Şimali Amerikanın uzaq şimal ərazilərinə çatdırılması üçün yeni proqram tərtib etdi (Həvarilərin işləri 1:8). Bu proqram ilk öncə Alyaskanın (ABŞ), Laplandiyanın (Finlandiya), Nunavutun və Şimal-Qərb Ərazilərinin (Kanada) müəyyən yerlərində tətbiq edildi.
Yehovanın Şahidləri xoş xəbəri bu ərazilərdə uzun illərdir ki çatdırırlar. Lakin onlar burada yalnız qısa müddət qala bilirdilər. Buna görə də Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatları paylamaq elə də yaxşı alınmırdı.
Bu yeni proqram çərçivəsində uzaq şimal ərazilərdə təbliğ işinə nəzarət edən Yehovanın Şahidlərinin filialları tammüddətli xidmətçilərə (öncüllərə) təyin edildikləri ərazilərdə ən azı üç ay ərzində qalmağı məsləhət görürlər. Əgər həmin ərazidə xeyli insan Müqəddəs Kitabı öyrənmək istəyərsə, onda Şahidlər orada daha uzun müddət qalmalı və açıq görüşlər keçirməlidirlər.
Təbii ki, şimal ərazilərinin də öz çətinlikləri var. Alyaskanın Barrou şəhərinə təyin olunan iki öncüldən biri Kaliforniyanın cənubundan, digəri isə ABŞ-ın Corciya ştatındandır. Barrouda keçirdikləri ilk qış zamanı temperatur -38°C enmişdi! Bu cür soyuğa baxmayaraq, onlar bir neçə ay ərzində şəhərdəki sakinlərin, demək olar ki, 95 faizinə təbliğ etdilər və dörd nəfərlə Müqəddəs Kitab dərsi keçməyə başladılar. Onlardan biri də Con adlı gəncdir. O və onun sevgilisi «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı vasitəsilə dərs keçirlər. Con öyrəndiklərini dostları və iş yoldaşları ilə bölüşür. O, həmçinin telefonuna yüklədiyi JW Library proqramından istifadə edərək «Müqəddəs Yazıları hər gün araşdırın» broşüründən gündəlik ayəni oxuyur.
Kanadanın Nunavut ərazisində yerləşən Rankin-İnlet kəndinə getmək üçün yol yoxdur. Buna görə də iki öncül bu balaca kəndə təyyarə ilə getdi və orada bir neçə insanla Müqəddəs Kitab dərsi keçməyə başladılar. Bir kişi «İbadət görüşlərimiz necə keçirilir?» videosuna baxandan sonra onlardan ibadət evinin orada nə vaxt tikiləcəyi barədə soruşdu. Həmçinin belə dedi: «Əgər siz ibadət evini tikəndə mən burada yaşasam, onda sizin ibadət görüşlərinizə gələcəyəm».
Şimal marallarının insanlardan on dəfə çox olduğu Finlandiyanın Savukoski ərazisinə təyin olunan öncüllər bölüşür: «Temperatur aşağı olur, üstəlik hər yeri qar bürüyür». Amma onlar dedilər ki, ora getmək üçün bundan yaxşı vaxt ola bilməzdi. Səbəbi isə belə izah etdilər: «Biz ərazini hərtərəfli gəzə bildik. Çünki kəndlərə və ucqar ərazilərə gedən yollar qardan təmizlənmişdi. Və hava şaxtalı olduğu üçün insanlar çox vaxt evdə olurdular».
Uzaq şimalda Müqəddəs Kitab həqiqətlərini çatdırmaq üçün göstərdiyimiz səylər yerli əhalinin diqqətindən yayınmadı. İki öncülün Alyaskanın şəhərlərindən birinin meri ilə söhbətindən sonra mer sosial mediada həmin söhbət haqda müsbət təəssüratlarını və «Allahın Padşahlığı nədir?» bukletinin şəklini paylaşdı.
Alyaskanın Heyns ərazisində iki öncülün ictimai kitabxanada keçirdiyi görüşdə səkkiz nəfər iştirak etmişdi. Yerli qəzetlərdən biri Texas və Şimali Karolinadan olan iki nəfərin insanların evlərinə gedərək onlara fərdi şəkildə Müqəddəs Kitab dərsləri təklif etdiklərini yazmışdı. Məqaləyə növbəti sözlərlə yekun vuruldu: «Ətraflı məlumat üçün jw.org saytına daxil olun».