Yehovanın Şahidləri dinlərinin keçmiş nümayəndələri ilə əlaqəni kəsirlər?
Yehovanın Şahidi olan və fəaliyyətimizdə aktiv iştirak etməyən, ola bilsin, hətta artıq bizimlə ünsiyyətdə olmayanlarla da ünsiyyət kəsilmir. Əksinə, onların ürəyinə yol tapa və Allaha ibadət etmək əzmlərini möhkəmləndirməyə çalışırıq.
Ciddi günah işlədənlər avtomatik olaraq yığıncaqdan kənar olunmur, yəni onlarla ünsiyyət kəsilmir. Lakin əgər Yehovanın Şahidi (vəftiz olunmuş) Müqəddəs Yazılardakı Allahın tələblərini bilərəkdən, tövbə etmədən pozursa, onda o, yığıncaqdan kənar ediləcək, yəni Yehovanın Şahidləri onunla bütün əlaqəni kəsəcək. Çünki Allahın Kəlamında birmənalı şəkildə deyilir: «Pis adamı aranızdan kənar edin» (İncil, 1 Korinflilərə 5:13).
Bəs yaxşı, əgər yığıncaqdan kənar edilən adamın həyat yoldaşı və uşaqları Yehovanın Şahididirsə, onda necə? Həmin ailədə dini ibadətlə bağlı vəziyyətin dəyişməsi, ailədaxili normal münasibətlərin dəyişməsi demək deyil. Ərlə arvad və bütünlüklə ailə üzvləri arasındakı normal münasibətlər əvvəl olduğu kimi davam etdirilməlidir.
Yığıncaqdan kənar edilənlər dini ibadət görüşlərimizdə iştirak etməkdə sərbəstdirlər. Əgər istəsələr, onlar həmçinin yığıncağın ağsaqqallarına məsləhət üçün müraciət edə bilərlər. Məqsəd — adama yenidən Yehovanın Şahidi olmaq üçün tələblərə müvafiq olmağa kömək etməkdən ibarətdir. Pis əməldən əl çəkən və səmimi qəlbdən tövbə edən yığıncaqdan kənar olunanlar həmişə yığıncaqla səmimi münasibətləri bərpa edə və yenidən Yehovanın Şahidi ola bilərlər.