Yehovanın Şahidlərinin elmə münasibəti necədir?
Biz elmi nailiyyətlərə hörmət edirik və faktlara əsaslanan elmi tapıntılara inanırıq.
«Elm təbiət, cəmiyyət və təfəkkürün inkişaf qanunları haqqında biliklər sistemidir» (Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səhifə 40). Müqəddəs Kitab elmi kitab olmasa da, insanları təbiəti öyrənməyə və elmi kəşflərdən faydalanmağa təşviq edir. Gəlin bir neçə nümunəyə baxaq.
Astronomiya. «Başınızı qaldırıb göylərə baxın, bütün bunları kim yaradıb? Göylərin ordusunu sayı ilə Çıxaran!» (Əşiya 40:26).
Biologiya. Süleyman peyğəmbər «Livandakı sidr ağacından tutmuş divarda bitən qaraqınığa qədər bütün bitkilərdən, həmçinin heyvanlardan, quşlardan, sürünənlərdən, balıqlardan bəhs edirdi» (1 Padşahlar 4:33).
Tibb. «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Luka 5:31).
Meteorologiya. «Heç qar anbarlarına girmisən? Dolu anbarlarını görmüsən?... Bəs işıq hansı səmtdən yayılır? Şərq küləyi yer üzünə haradan əsir?» (Əyyub 38:22—24).
Nəşrlərimizdə təbiətlə və elmi nailiyyətlərlə bağlı məqalələrin olması elmə hörmət etdiyimizi göstərir. Yehovanın Şahidi olan valideynlər uşaqlarını bilik almağa təşviq edir, beləcə uşaqlar dünyanı daha yaxşı dərk edir. Yehovanın Şahidlərinin arasında elm sahəsində çalışan biokimyaçılar, riyaziyyatçılar, fiziklər və digər sahələr üzrə mütəxəsislər var.
Elmin məhdudiyyətləri
Elmin bəşəriyyətin bütün suallarına cavab vermək iqtidarında olduğuna inanmırıq a. Misal üçün, geoloqlar yerin geoloji quruluşunu öyrənir. Anatomiyaçılar isə insan orqanizminin necə fəaliyyət göstərdiyini öyrənir. Amma bəs nəyə görə Yer kürəsi yaşamaq üçün bu qədər əlverişlidir və nəyə görə bədəndəki orqanizmlər həmahəng şəkildə fəaliyyət göstərir?
Biz belə nəticəyə gəlirik ki, yalnız Müqəddəs Kitab bu suallara cavab verə bilər (Zəbur 139:13—16; Əşiya 45:18). Buna görə də biz inanırıq ki, yaxşı təhsil almaq üçün elmlə yanaşı Müqəddəs Kitabı da öyrənmək lazımdır.
Bəzən elə təəssürat yarana bilər ki, elm Müqəddəs Kitaba ziddir. Buna səbəb bəzən Müqəddəs Kitabda yazılanların səhv başa düşülməsi olur. Misal üçün, Müqəddəs Kitab öyrətmir ki, Yer kürəsi hər biri 24 saatdan ibarət 6 gün ərzində yaradılıb (Yaradılış 1:1; 2:4).
Geniş yayılmış bəzi nəzəriyyələr elmdə öz sübutunu tapmayıblar və bəzi tanınmış alimlər tərəfindən qəbul edilmirlər. Misal üçün, təbiətin şüurlu şəkildə yaradıldığı aydın göründüyündən biz həyatın təsadüfi mutasiya və təbii seçmə yolu ilə yaradılmadığı qənaətinə gələn bir çox bioloqlarla, kimyaçılarla və digərləri ilə razıyıq.
a Avstriyalı fizik, Nobel mükafatı laureyatı Ervin Şrödinger yazmışdı ki, elm «ürəyimizə xitab edən və bizim üçün böyük əhəmiyyət kəsb edən məsələlər qarşısında... vahiməli sükuta qərq olur». Albert Eynşteyn isə bildirmişdi: «İctimai həyatımızdakı problemləri həll etmək üçün rasional düşüncənin yetərli olmadığını öz acı təcrübəmizdən görmüşük».