İnsan Yehovanın Şahidi olmaqdan imtina edə bilər?
Bəli. İnsan təşkilatımızdan iki yolla imtina edə bilər:
Rəsmi şəkildə. İnsan ya şifahi, ya da yazılı yolla artıq Yehovanın Şahidi olmaq istəmədiyini bildirə bilər.
Davranışı ilə. İnsan Yehovanın Şahidi olmaq istəmədiyini göstərən hərəkətlər edə bilər (1 Butrus 5:9). Misal üçün, başqa dinə qoşula bilər və o dinə xas hərəkətlər edə bilər (1 Yəhya 2:19).
Bəs əgər kimsə uzun müddət təbliğ işində və ya ibadət görüşlərində iştirak etmirsə, onda necə? Onu Yehovanın Şahidi hesab etmirsiniz?
Kiminsə Yehovanın Şahidi olmaqdan imtina etməsi və ya təşkilatdan çıxarılması ilə imanın zəifləməsi arasında fərq var. Çox vaxt ruhən zəifləyən və ya ibadətini dayandıran insan imandan dönmür, amma məyusluğa qapılır. Biz belə adamlardan uzaq gəzmirik, əksinə, çalışırıq onlara təsəlli verək və dəstək olaq (1 Salonikililərə 5:14; Yəhuda 22). Əgər insan kömək istəyirsə, yığıncaq ağsaqqalları ona ruhani köməklik göstərmək üçün tədbir görürlər (Qalatiyalılara 6:1; 1 Butrus 5:1—3).
Ancaq ağsaqqallar heç kimi Yehovanın Şahidi kimi qalmağa məcbur etmir. Hər kəs dinlə bağlı öz şəxsi seçimini edir (Yuşə 24:15). Biz inanırıq ki, Allaha ibadət edən insan bunu canla-başla, ürəkdən etməlidir (Zəbur 110:3).