Kontentə keç

Yehovanın Şahidləri nəyə görə müəyyən bayramları keçirmir?

Yehovanın Şahidləri nəyə görə müəyyən bayramları keçirmir?

 Yehovanın Şahidləri hər hansı bir bayramın Allaha məqbul olub-olmadığını necə müəyyən edir?

 Yehovanın Şahidləri hansısa bayramı keçirib-keçirməməklə bağlı qərar verməzdən öncə Müqəddəs Kitaba müraciət edir. Bəzi bayramlar və şənliklər açıq-aşkar Müqəddəs Kitab prinsiplərinə zidd gedir. Belə bayramları Yehovanın Şahidləri qeyd etmir. Başqa bayramlarla bağlı isə hər bir Yehovanın Şahidi «həm Allahın, həm də insanların qarşısında» vicdanlarını təmiz saxlamaq şərtilə özü qərar verir (Həvarilərin işləri 24:16).

 Aşağıda Yehovanın Şahidlərinin hər hansı bir bayramı keçirib-keçirməməklə bağlı qərar verərkən özlərinə verdiyi suallar gətirilir a.

  •   Bayram Müqəddəs Kitaba zidd təlimə söykənir?

     Müqəddəs Kitab prinsipi: «Yehova belə deyir: “Buna görə də onların arasından çıxın, ayrılın və bir də murdar şeylərə toxunmayın”» (2 Korinflilərə 6:15—17).

     Yehovanın Şahidləri Müqəddəs Kitaba zidd olan təlimlərdən tamamilə ayrı durmaq üçün növbəti amilləri özünə daxil edən bayramları qeyd etmir.

     Başqa allahlara iman və səcdə etməklə bağlı bayramlar. İsa Məsih demişdi: «Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Mətta 4:10). Yehovanın Şahidləri bu göstərişə riayət edərək Milad günü, PasxaMay bayramını keçirmirlər. Çünki bu bayramların kökündə Yehova Allaha yox, başqa allahlara ibadət durur. Üstəlik, onlar aşağıda adı çəkilən bayramlarda iştirak etmirlər.

    •  Kvanza. Kvanza adı «suahili dilində “ilk meyvələr” mənasını verən matunda ya kvanza sözündən gəlir və bu göstərir ki, bayramın kökü Afrika tarixində qeydə alınan ilk biçin şənliyi ilə bağlıdır» (Encyclopedia of Black Studies). Bəziləri Kvanzanı dini bayram hesab etməsə də, bir kitabda bu bayram Afrika biçin festivalına bənzədilir. Bu festival zamanı insanlar «allahlara və əcdadlara şükranlıqlarını bildirmək üçün» ilk meyvələrdən sovqat gətirirlər. Afrika mənşəli amerikalıların bayramı olan Kvanza da bu mərasimlərə əsaslanır (Encyclopedia of African Religion).

      Kvanza

    •  Ay bayramı. Bu, «Ay ilahəsini izzətləndirmək üçün keçirilən festivaldır» (Holidays, Festivals, and Celebrations of the World Dictionary). Bu bayrama «evdar qadınların ilahənin qarşısında təzim etmə» ayini daxildir (Religions of the World—A Comprehensive Encyclopedia of Beliefs and Practices).

    •  Novruz. «Bayramın bəzi ən qədim kökləri Zərdüştlüyə söykənir və bu bayram qədim Zərdüşt təqvimində müqəddəs sayılan günlərin birində keçirilir... Qış Ruhu soyuq aylarda [Rapitvin] kimi tanınan Günorta Ruhunu torpağın altına salır. Zərdüşt ənənəsinə əsasən, Günorta Ruhu Novruzda günorta saatlarında keçirilən mərasimlərlə geri qayıdır və təntənəli şəkildə qarşılanır» (United Nations Educational, Scientific and Cultural Organization).

    •  Çillə gecəsi. Bir kitaba əsasən, qış gündönümü ilə bağlı olan bu bayram işıq allahı «Mitraya ibadətlə birbaşa əlaqəlidir» (Sufism in the Secret History of Persia). Həmçinin ehtimal olunur ki, bu bayram romalıların və yunanların günəş allahına sitayişi ilə əlaqəlidir b.

    •  Şükran günü. Kvanza kimi bu bayram da müxtəlif tanrıları şərəfləndirən qədim biçin şənliklərinə söykənir. Zaman keçdikcə «bu qədim xalq ənənələri xristian kilsələri tərəfindən mənimsənilib» (A Great and Godly Adventure—The Pilgrims and the Myth of the First Thanksgiving).

     Kökü ya mövhumata, ya da bəxtə inanca dayanan bayramlar. Müqəddəs Kitabda deyilir ki, «Bəxt allahına süfrə» açanlar «Yehovanı tərk [edənlərdir]» (Əşiya 65:11). Elə bu səbəbdən, Yehovanın Şahidləri aşağıdakı bayramları keçirmir.

    •  İvan Kupala. Bir kitabda deyilir ki, «məşhur inanca əsasən, İvan Kupala bayramı zamanı təbiət çoxlu fövqəl-təbii qüvvələrə sahib olur. Həmin vaxt insan cəsarətli olarsa və bəxti gətirərsə, onda o daha da qüvvətlənə bilər» (The A to Z of Belarus). Əslində, bu bayram yay gündönümünün keçirilməsi ilə bağlı bütpərəst bayramdır. Bununla belə, bir ensiklopediyada qeyd olunur ki, «bu bayram xristianlar tərəfindən mənimsənildikdən sonra Kilsə bayramı [Vəftizçi Yəhyanın “müqəddəs günü”] ilə birləşib» (Encyclopedia of Contemporary Russian Culture).

    •  Ay yeni ili (Çin yeni ili və ya Koreya yeni ili). «Ailə, dostlar və qohumlar əsasən ilin məhz bu vaxtında tanrılara, ruhlara daha çox ehtiram göstərir və əllərindən gələni edirlər ki, növbəti il ərzində uğur qazansınlar» (Mooncakes and Hungry Ghosts—Festivals of China). Eyni tərzdə Koreya yeni ili «ata-baba ibadəti sayılır. Bu bayramda insanlar pis ruhları qovmaq və yeni ildə uğur qazanmaq üçün ayinlər keçirir, həmçinin yeni ildə nələr baş verəcəyini bilmək üçün fala baxırlar» (Encyclopedia of New Year’s Holidays Worldwide).

      Çin yeni ili

     Ruhun ölməzliyi təliminə əsaslanan bayramlar. Müqəddəs Kitabda açıq-aydın deyilir ki, ruh ölür (Hizqiyal 18:4). Elə bu səbəbdən, Yehovanın Şahidləri ruhun ölməzliyi inancını dəstəkləyən aşağıdakı bayramları keçirmirlər.

    •  Bütün ruhlar günü (Ölülər günü). «Yeni katolik ensiklopediyası»na əsasən, «bu, bütün ölüləri anmaq üçün keçirilən bayramdır. Orta əsrlərdə bu, geniş yayılmış bir inanc idi. Həmin gün ərafdakı ruhlar həyatları boyunca onlara qarşı yanlış hərəkətlər edən insanlara kabus, əcinnə, murdar adam şəklində görünürlər».

    •  Tsinmin festivalı və Ac ruhlar festivalı. Hər iki festival əcdadların şərəfinə qeyd edilir. Bir kitabda deyilir ki, Tsinmin festivalı zamanı insanlar «qida, içki və kağız pul yandırır ki, ölülər acmasın, susamasın və pulsuz qalmasınlar» (Celebrating Life Customs Around the World—From Baby Showers to Funerals). Həmin kitabda həmçinin deyilir: «İnsanlar düşünür ki, Ac ruhlar festivalı zamanı bədirlənmiş ay gecəsində ölülərlə dirilər arasında başqa gecələrlə müqayisədə daha çox əlaqə olur. Ona görə də həmin vaxt ölüləri sakitləşdirmək və əcdadları şərəfləndirmək üçün tədbir görmək çox vacibdir».

    •  Çxusok. Bu festival «ölülərin ruhlarına şərab və qida bəxşişi gətirmək üçün keçirilir». Bu bəxşişlər «bədən öldükdən sonra ruhun yaşamağa davam etməsi inancını» əks etdirir (The Korean Tradition of Religion, Society, and Ethics).

     Okkultizmlə əlaqəli bayramlar. «Aranızda oğlunu və ya qızını odda yandıran, rəmmal, sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır. Çünki bu işləri görən hər kəs Yehovanın gözündə mənfurdur» (Qanunun təkrarı 18:10—12). Astrologiya (kəhanətin bir forması) da daxil olmaqla, okkultizmdən uzaq durmaq üçün Yehovanın Şahidləri Hellouin və növbəti bayramları keçirmir.

    •  SinhalaTamil yeni ili. «Bu tədbirlə bağlı ənənəvi ayinlərə astroloqların xüsusi vaxtda etdiyi müəyyən fəaliyyətlər daxildir. Astroloqlar bu ayinlərlə gələcəkdə müvəffəqiyyət olub-olmayacağını müəyyən edilər» (Encyclopedia of Sri Lanka).

    •  Sonqkran. Bu Asiya festivalının adı «Sanskrit sözü olub, mənası “yerdəyişmə” və “dəyişmə” adlanır və bu festivalda günəşin zodiak bürc olan qoç bürcünün içinə daxil olması şərəfinə keçirilir» (Food, Feasts, and Faith—An Encyclopedia of Food Culture in World Religions).

     Musanın qanununda ibadətlə bağlı olan və İsa Məsihin özünü qurban verməsi ilə qüvvədən düşən mərasimlər. Müqəddəs Kitabda deyilir: «Məsih Qanunun sonu oldu» (Romalılara 10:4). Məsihilər qədim İsrail xalqına verilən Musanın qanunundakı prinsiplərdən hələ də faydalanırlar. Bununla belə, onlar orada qeyd olunan bayramları, xüsusilə Məsihlə bağlı bayramları keçirmirlər, çünki onun artıq gəldiyinə inanırlar. Müqəddəs Kitabda deyilir: «Bütün bunlar gələcəkdəkilərin kölgəsidir, gerçəklik isə Məsihdədir» (Koloslulara 2:17). Yuxarıda deyilənləri və bəzi bayramların Müqəddəs Kitaba zidd getdiyini nəzər alsaq, Yehovanın Şahidləri aşağıdakı bayramları keçirmir.

    •  Hanuka. Bu bayram Yerusəlimdə yəhudi məbədinin yenidən həsr olunması naminə keçirilir. Amma Müqəddəs Kitabda deyilir ki, İsa Məsih «insan əli ilə qurulmamış və bu aləmdən olmayan daha böyük və mükəmməl» çadırın (yaxud məbədin) baş kahini oldu (İbranilərə 9:11). Məsihilər inanır ki, bu ruhani məbəd Yerusəlimdəki fiziki məbədi əvəz edib.

    •  Roş-Ha-Şana. Bu, yəhudi ilinin ilk günüdür. Qədim zamanlarda bu bayram Allaha xüsusi qurbanlar təqdim etmək üçün keçirilirdi (Saylar 29:1—6). Lakin İsa bir Məsih kimi «qurban və bəxşişi» Allahın gözündə yararsız edərək, onların təqdim edilməsini dayandırdı (Dənyal 9:26, 27).

  •   Bayram dinlərarası münasibəti inkişaf etdirir?

     Müqəddəs Kitab prinsipi: «İmanlı ilə imansızın şərikli nəyi ola bilər? Bütlərin Allahın məbədində nə işi ola bilər?» (2 Korinflilərə 6:15—17).

     Düzdür, Yehovanın Şahidləri başqaları ilə sülhdə yaşamağa çalışır və hər bir insanın din seçiminə hörmətlə yanaşır. Amma onlar aşağıdakı üsullarla dinlərarası münasibəti inkişaf etdirən bayramları keçirmirlər.

     Müxtəlif dini inanclara sahib insanları ümumi bir ibadətə təşviq edən dini personaj və ya hadisələr bayramı. Allah qədim xalqını başqa dinlərə mənsub insanların yaşadığı yeni diyara aparanda onlara demişdi: «Nə özlərilə, nə də allahları ilə əhd bağlamayın... Onların allahlarına ibadət etsəniz, tələyə düşəcəksiniz» (Çıxış 23:32, 33). Ona görə də Yehovanın Şahidləri aşağıda gətirilən bayramlarda iştirak etmirlər.

    •  Loy Kratonq. Bu tai festivalı zamanı «insanlar yarpaqlardan qayıqcıqlar düzəldir, içinə şamlar və ətirli çöplər qoyur və bu qayıqcıqları suyun üzərinə buraxırlar. Deyilir ki, qayıqlar uğursuzluğu uzağa aparır. Əslində isə bu festival Buddanın müqəddəs ayaq izi ilə əlaqəli keçirilir» (Encyclopedia of Buddhism).

    •  Milli tövbə günü. Bir dövlət məmuru Papua Yeni Qvineyada dərc edilən qəzetdə qeyd etmişdi ki, bu mərasimdə iştirak edənlər «xristian dininin prinsipləri ilə razılaşır». Həmçinin o demişdi ki, milli tövbə gününü qeyd etmək ölkədə xristian prinsiplərinin yayılmasına kömək edir.

    •  Vesak. «Bu, buddistlərin müqəddəs günlərindən ən müqəddəsi sayılır. Həmin bayram Buddanın doğulması, maariflənməsi, ölməsi və Nirvanaya çatması şərəfinə qeyd edilir» (Holidays, Festivals, and Celebrations of the World Dictionary).

      Vesak

     Müqəddəs Kitabda bəhs olunmayan dini ənənələrə söykənən bayramlar. İsa Məsih din rəhbərlərinə demişdi: «Siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz». O həmçinin din rəhbərləri haqda demişdi ki, onların ibadəti əbəsdir, çünki «öyrətdikləri adi insan əmrləridir» (Mətta 15:6, 9). Yehovanın Şahidləri bu xəbərdarlığa ciddi yanaşdıqları üçün onların keçirmədiyi çoxlu dini tədbirlər mövcuddur.

    •  Epifani (Üç Kral günü, Timkat və ya Los Reyes Maqos). Bu bayramlar ya münəccimlərin İsanı ziyarət etməsi, ya da İsanın vəftiz olunması münasibətilə qeyd edilir. Xristianlaşmış bu festivallar əslində «çay və sel tanrılarını şərəfləndirmək məqsədilə keçirilən bütpərəst yaz festivallarıdır» (The Christmas Encyclopedia). Belə festivallardan biri olan Timkat festivalı da «dərin ənənəvi köklərə malikdir» (Encyclopedia of Society and Culture in the Ancient World).

    •  Bakirə Məryəmin göyəqaldırılma bayramı. Bu bayramı keçirənlər inanır ki, İsanın anası fiziki bədəndə göyə qaldırılıb. Bir ensiklopediyada deyilir ki, «ilk xristianlar bu inanca sahib deyildi və Müqəddəs Yazılarda bu haqda heç nə deyilmir» (Religion and Society—Encyclopedia of Fundamentalism).

    •  Məryəmin qüsursuz hamiləlik bayramı. «Müqəddəs Kitabda [Məryəmin] qüsursuz hamiləliyi haqda açıq-aşkar bəhs edilmir... Bu, kilsə təlimidir» (New Catholic Encyclopedia).

    •  Böyük pəhriz bayramı. «Yeni katolik ensiklopediyası»na əsasən, tövbəyə və oruca həsr olunan bu bayram Müqəddəs Kitab tamamlandıqdan 200 ildən artıq vaxt keçəndən sonra, «dördüncü əsrdə» yarandı. Ensiklopediyada deyilir ki, Pəhriz bayramının birinci günü olan «kül çərşənbəsində kahinlər küldən istifadə edərək alınlarına xaç çəkir. Bu bayram 1091-ci ildə keçirilən Benevento sinodundan sonra geniş yayılıb».

    •  Meskel (və ya Maskal). Bir ensiklopediyaya əsasən, bu Efiopiya festivalı «Əsl Xaçın (İsanın çarmıxa çəkildiyi xaç) tapıldığı gün münasibətilə keçirilir. Bu festivalda tonqal qalanır və onun ətrafında rəqs edilir» (Encyclopedia of Society and Culture in the Medieval World). Amma Yehovanın Şahidləri ibadətlərində xaçdan istifadə etmir.

  •   Bayram hər hansı bir şəxsi, təşkilatı və ya milli simvolu yüksəldir?

     Müqəddəs Kitab prinsipi: «Yehova belə deyir: “Lənət olsun o kəsə ki, insana bel bağlayır, insan gücünə arxalanır, ürəyi Yehovadan uzaqlaşıb”» (Ərəmya 17:5).

     Düzdür, Yehovanın Şahidləri insanlara minnətdarlıqlarını bildirir və onlar üçün dua edirlər. Amma onlara həsr olunan növbəti bayram və tədbirlərdə iştirak etmirlər:

     Hökmdarları və ya başqa görkəmli şəxsləri yüksəldən bayramlar. Müqəddəs Kitabda deyilir: «Bəşər oğluna güvənməyin, axı o, burnundakı nəfəs kimidir, ondan nə fayda?» (Əşiya 2:22). Beləliklə, Yehovanın Şahidləri, məsələn, hökmdarların doğum gününü qeyd etmir.

     Milli bayraq bayramları. Yehovanın Şahidləri «Bayraq günü»nü qeyd etmir. Nəyə görə? Çünki Müqəddəs Kitabda buyrulur: «Özünüzü bütlərdən qoruyun» (1 Yəhya 5:21). Bu gün bəzi insanlar bayrağı bir büt, ibadət obyekti hesab etməsə də, tarixçi Karlton Heys yazmışdı: «Millətçiliyin başlıca simvolu və ibadətin mərkəzi obyekti bayraqdır».

     Müqəddəsləri yüksəldən mərasimlər və bayramlar. Ürəyində Allah xofu olan bir insan Həvari Butrusa təzim edəndə nə baş vermişdi? Müqəddəs Kitabda deyilir: «Butrus isə onu qaldırıb dedi: “Ayağa qalx, mən də sənin kimi bir insanam”» (Həvarilərin işləri 10:25, 26). Nə Butrus, nə də digər həvarilər xüsusi izzət və ehtiramı qəbul etmirdilər. Yehovanın Şahidləri müqəddəsləri şərəfləndirən bayramlarda iştirak etmirlər. Məsələn, aşağıda onlardan bəziləri gətirilib.

    •  Bütün Müqəddəslər Günü. «Yeni katolik ensiklopediyası»nda deyilir: «Bu bayram bütün müqəddəslərin şərəfinə keçirilir... Bayramın kökü naməlumdur».

    •  Müqəddəs Qvadelupalı Mariya bayramı. Bu festival bəziləri tərəfindən İsanın anası olduğu düşünülən və «Meksikanı qoruyan müqəddəs» Məryəmin şərəfinə keçirilir. Deyilənlərə görə, o, 1531-ci ildə möcüzəvi şəkildə bir kəndliyə görünüb. (The Greenwood Encyclopedia of Latino Literature).

      Müqəddəs Qvadelupalı Mariya bayramı

    •  Ad günü. Bir kitaba əsasən, «ad günü ya vəftiz olunanda, ya da kilsəyə qəbul olunanda uşağa verilən ad münasibətilə keçirilən bayramdır. Həmin gün insanlar dini ayinlər keçirir» (Celebrating Life Customs Around the World—From Baby Showers to Funerals).

     Siyasi və ya sosial hərəkatlara həsr olunan bayramlar. Müqəddəs Kitabda deyilir: «Yehovaya pənah gətirmək, insana güvənməkdən yaxşıdır» (Zəbur 118:8, 9). Yehovanın Şahidləri inanır ki, dünyanın problemlərini insan yox, Allah həll edəcək. Ona görə də onlar siyasi və ya sosial kampaniyaları dəstəkləyən Gənclər günü və ya Qadınlar günü ilə bağlı tədbirlərdə iştirak etmirlər. Eyni səbəbdən, onlar Azadlıq günü və bu kimi bayramlarda da iştirak etmirlər. Əksinə, onlar irqçilik və bərabərsizlik kimi problemlərin həllində Allahın Padşahlığına bel bağlayırlar (Romalılara 2:11; 8:21).

  •   Bayram bir milliyyəti və ya etnik qrupu başqalarından üstün edirmi?

     Müqəddəs Kitab prinsipi: «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35).

     Düzdür, Yehovanın Şahidləri öz vətənlərini sevir, amma milliyyəti və etnik qrupu yüksəldən bayramları qeyd etmirlər. Aşağıda onlardan bəziləri gətirilib.

     Hərbi qüvvələrlə bağlı keçirilən bayramlar. İsa Məsih müharibənin tərəfdarı deyildi, əksinə, o, şagirdlərinə demişdi: «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin» (Mətta 5:44). Ona görə də Yehovanın Şahidləri aşağıdakı bayramlar da daxil olmaqla, əsgərləri şərəfləndirən bayramları keçirmirlər.

    •  Anzak günü. «Bu tədbir Avstraliya və Yeni Zelandiya ordularının şərəfinə keçirilir. Lakin getdikcə bu tədbir müharibədə həlak olan əsgərlərin xatirəsini anmaq üçün keçirilən bir günə çevrilir» (Historical Dictionary of Australia).

    •  Veteranlar günü (Xatirə günü, Xatirə Şənbəsi, Anım günü). Bu bayramlar «hərbi qüvvələrin veteranlarının və müharibələrdə həlak olan əsgərlərin» şərəfinə keçirilir (Encyclopædia Britannica).

     Millətin tarixi və ya müstəqilliyinə həsr olunan bayramlar. İsa Məsih öz şagirdləri ilə bağlı belə demişdi: «Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəhya 17:16). Düzdür, Yehovanın Şahidləri hər hansı bir millətin tarixini öyrənir, amma aşağıda gətirilən bayramlarda və bu kimi digər bayramlarda iştirak etmirlər.

    •  Avstraliyanın milli günü. Bir ensiklopediyaya əsasən, «1788-ci ildə ingilis əsgərləri öz bayraqlarını qaldırdılar və yeni Avstraliya koloniyasının yarandığını elan etdilər». Bu bayram həmin gün münasibətilə keçirilir (Worldmark Encyclopedia of Cultures and Daily Life).

    •  Qay Foks günü. «Qay Foks və digər katolik tərəfdarları 1605-ci ildə kral I Yakova və İngiltərə parlamentinə qarşı etdikləri hücumda məğlub oldular. Bu, həmin günü anmaq üçün milli bayram kimi keçirilir» (A Dictionary of English Folklore).

    •  Müstəqillik günü. Bir çox ölkələrdə bu bayram «bir ölkənin başqa bir ölkənin tərkibindən çıxıb müstəqil olması münasibətilə» keçirilir (Merriam-Webster’s Unabridged Dictionary).

  •   Bayram hədsiz-hüdudsuz və ya əxlaqsız davranışlarla xarakterizə olunur?

     Müqəddəs Kitab prinsipi: «Siz keçmişdə xalqların istəyi ilə oturub-durur, azğın hərəkətlərə, əyyaşlığa, kef məclislərinə, sərxoşluğa və mənfur bütpərəstliyə qurşanırdınız» (1 Butrus 4:3).

     Yehovanın Şahidləri bu prinsipə uyğun olaraq, həddən artıq içki olan və pozğun davranışlar sərgiləyən bayramlar keçirmir. Onlar öz dostları ilə birlikdə vaxt keçirməkdən zövq alır və spirtli içkini həddi aşmadan içirlər. Onlar Müqəddəs Kitabın növbəti məsləhətinə əməl edirlər: «İstər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 Korinflilərə 10:31).

     Ona görə də Yehovanın Şahidləri Müqəddəs Kitabın mühakimə etdiyi əxlaqsız davranışları özünə ehtiva edən karnavallarda və bu kimi festivallarda iştirak etmir. Buraya yəhudilərin Purim bayramı da daxildir. Bir kitabda deyilir ki, Purim b.e.ə. V əsrdə yəhudilərin azadlığa çıxması münasibətilə uzun müddət keçirilirdi, indi isə bunu «karnavalın yəhudi versiyası da adlandırmaq olar» (Essential Judaism). Əyləncə düşkünü olan çoxlu insanlar üçün «bu bayram müxtəlif karnaval kostyumları geyinmək (adətən, kişilərin qadın paltarlarını geyinməsi), çılğın hərəkətlər etmək, həddən artıq spirtli içki içmək və səs-küy etmək» deməkdir.

 Müəyyən bayramları keçirməyən Yehovanın Şahidləri ailələrini sevirmi?

 Bəli. Müqəddəs Kitab bizə etiqadından asılı olmayaraq, bütün ailə üzvlərimizi sevməyi və onlara hörmət etməyi öyrədir (1 Butrus 3:1, 2, 7). Təbii ki, hər hansı bir Yehovanın Şahidi müəyyən bayramlarda iştirak etməyi dayandırırsa, onun qohumları özünü məyus, incinmiş, hətta xəyanətə uğramış hiss edə bilər. Ona görə də Yehovanın Şahidləri əllərindən gələni edir ki, qohumlarını sevgilərinə inandırsınlar, bu qərarlarının səbəbini mülayimcəsinə izah etsinlər və fürsət düşdükcə onları ziyarət etsinlər.

 Yehovanın Şahidləri müəyyən bayramları keçirməməyi başqalarına təkid edir?

 Xeyr. Onlar inanır ki, hər bir insan öz qərarını özü verməlidir (Yuşə 24:15). Yehovanın Şahidləri dinindən asılı olmayaraq, «hər cür insana hörmət» edir (1 Butrus 2:17).

a Bu məqalədə Yehovanın Şahidlərinin keçirmədiyi bütün bayramlar və bu məsələ ilə bağlı Müqəddəs Kitabdakı prinsiplərin hamısı qeyd edilməyib.

b Mithra, Mithraism, Christmas Day & Yalda, by K. E. Eduljee, pages 31-33.