Yehovanın Şahidlərinin təklif etdiyi Müqəddəs Kitab dərsləri nədir?
Yehovanın Şahidlərinin təklif etdiyi Müqəddəs Kitab dərslərində siz bir çox suallara cavab tapacaqsınız, məsələn:
Ailə səadətinə necə yetişmək olar?
Allahı daha yaxından necə tanımaq olar?
Müqəddəs Kitab bəşəriyyətin gələcəyi barədə nə deyir?
Bu məqalədə:
Müqəddəs Kitab dərsləri necə keçir?
«Əbədi xoşbəxt həyat!» adlı interaktiv təlim vəsaitinin və təlimatçının köməyilə siz Müqəddəs Kitab təlimləri ilə mövzubəmövzu tanış olacaq və onların sizə faydası haqda öyrənəcəksiniz. Əlavə məlumat üçün bu videoya baxın.
Dərslər ödənişlidir?
Xeyr. Yehovanın Şahidləri İsanın «təmənnasız almısınız, təmənnasız da verin» göstərişinə əməl edirlər (Mətta 10:8). Bundan əlavə, dərslərdə istifadə olunan materiallar — Müqəddəs Kitab və «Əbədi xoşbəxt həyat!» dərsliyi də pulsuzdur.
Müqəddəs Kitab dərsləri nə qədər davam edir?
Kitab 60 dərsdən ibarətdir. Bir dəfəyə keçəcəyiniz dərslərin sayını siz müəyyən edirsiniz. Məsələn, bəziləri həftəyə bir və ya bir neçə dərs keçir.
Nədən başlayım?
1. Onlayn blankı doldurun. Fərdi məlumatlarınızdan yalnız ziyarətlə bağlı müraciətinizi yerinə yetirmək üçün istifadə ediləcək. Blankı doldurduqdan sonra Yehovanın Şahidi sizə baş çəkəcək.
2. Təlimatçı sizinlə əlaqə saxlayacaq. Təlimatçı interaktiv Müqəddəs Kitab dərsləri barədə sizə məlumat verəcək və sizi maraqlandıran sualları cavablandıracaq.
3. Təlimatçı ilə dərslərinizin necə və nə vaxt keçiriləcəyini müzakirə edin. Dərslərin necə keçəcəyini siz seçirsiniz. Dərslər üzbəüz, telefon, videozəng və ya elektron poçt vasitəsilə keçirilə bilər. Adətən, bir dərs təxminən bir saat çəkir, ancaq sizə münasib olaraq, dərs daha az və ya daha çox davam edə bilər.
Sınaq dərsi xahiş edə bilərəm?
Bəli. Bunun üçün onlayn blankı doldurun. Təlimatçı sizinlə əlaqə saxlayanda sınaq dərsi keçmək istədiyinizi ona deyin. Cəmi üç giriş dərsindən ibarət olan «Əbədi xoşbəxt həyat!» adlı broşürün köməyilə siz dərsləri davam etdirmək istəyib-istəmədiyinizi özünüz üçün müəyyən edəcəksiniz.
Müqəddəs Kitab dərslərini bitirdikdən sonra mütləq Yehovanın Şahidi olmalıyam?
Xeyr. Yehovanın Şahidləri insanları Müqəddəs Kitab təlimləri ilə tanış etməyə şaddırlar. Ancaq biz heç kəsi dinimizə qoşulmağa məcbur etmirik. Biz hörmətcil şəkildə insanlara Müqəddəs Kitab təlimlərini təqdim edirik və başa düşürük ki, hər kəsin nəyə inanacağını seçmək hüququ var (1 Butrus 3:15).
Öz Müqəddəs Kitabımdan istifadə edə bilərəm?
Bəli, siz istənilən Müqəddəs Kitab tərcüməsindən istifadə edə bilərsiniz. Biz aydın və dəqiq olan «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nə üstünlük veririk, amma eyni zamanda başa düşürük ki, çoxlarına onlara tanış tərcümədən istifadə etmək daha rahatdır.
Başqalarını dərslərə dəvət edə bilərəm?
Bəli. Dərslərə bütün ailənizi və dostlarınızı dəvət edə bilərsiniz.
Keçmişdə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdıranlar yenidən dərs keçə bilər?
Bəli. «Əbədi xoşbəxt həyat!» dərsliyi ilə dərs keçmək sizin daha çox xoşunuza gələcək. Onu hazırlayarkən insanların indiki tələbatları nəzərə alınıb: o, interaktivdir və özünə çoxlu videolar daxil edir.
Müqəddəs Kitabı təlimatçının köməyi olmadan özüm araşdıra bilərəm?
Bəli. Əksər insanlar dərsləri təlimatçının köməyilə keçməyə üstünlük versə də, bəziləri əvvəl-əvvəl Müqəddəs Kitabı özləri araşdırmaq istəyir. Müqəddəs Kitabı öyrənmək üçün vəsaitlər bölməsindən Müqəddəs Kitabı fərdi qaydada araşdırmaqda sizə yardımçı olacaq faydalı materiallar tapa bilərsiniz. Məsələn:
Videolar. Bu qısa videodərslərdə Müqəddəs Kitabın əsas təlimləri izah edilir.
Müqəddəs Kitaba aid suallara cavab. Bu silsilədən olan məqalələrdə müxtəlif suallara cavab verilir.
Müqəddəs Kitab ayələrinin izahı. Burada çoxlarına tanış olan Müqəddəs Kitab ayələrinə və ifadələrinə izahat gətirilir.