Nəyə görə siz qanköçürmədən imtina edirsiniz?
Geniş yayılmış yanlış fikirlər
Yanlış. Yehovanın Şahidləri dərmanlara və həkimlərə etibar etmirlər.
Doğru. Biz özümüz və doğmalarımız üçün ən yaxşı müalicə üsullarını tapmağa çalışırıq. Səhhətimizdə hər hansısa nasazlıq olanda qansız müalicə və əməliyyat edən həkimlərə müraciət edirik. Biz tibb sahəsində əldə edilən nailiyyətləri qiymətləndiririk. Yehovanın Şahidlərindən olan xəstələrə kömək etmək məqsədilə icad edilən müalicə üsulları indi digər insanlara da tətbiq edilir. Bir çox ölkələrdə istənilən insan qandan imtina etməklə qan vasitəsilə keçən xəstəliklərdən, immun reaksiyalarından və həkim səhvindən qaça bilər.
Yanlış. Yehovanın Şahidləri inanırlar ki, xəstəlikləri iman vasitəsilə sağaltmaq mümkündür.
Doğru. Biz buna inanmırıq.
Yanlış. Digər müalicə üsulları ilə müqayisədə, qanköçürmə xeyli ucuzdur.
Doğru. Qansız müalicə üsulları çox sərfəlidir a.
Yanlış. Uşaqlar da daxil olmaqla, hər il neçə-neçə Şahid qanköçürmədən imtina etdiyi üçün ölür.
Doğru. Bu, tamamilə yanlışdır. Mütəmadi olaraq cərrahlar qan köçürmədən ürək, ortopedik, o cümlədən orqan transplantasiyası kimi mürəkkəb əməliyyatlar edirlər b. Qanköçürmədən imtina edən xəstələr, eləcə də uşaqlar, adətən, qan köçürülən xəstələr kimi və ya onlardan daha yaxşı sağalırlar c. Hər halda heç kəs tam əminliklə deyə bilməz ki, xəstə qanköçürmədən imtina edərsə, öləcək, yaxud da qanköçürməni qəbul edərsə, sağ qalacaq.
Nəyə görə Yehovanın Şahidləri qanköçürmədən imtina edirlər?
Bu, tibbi yox, dini məsələdir. Həm Tövratda, həm də İncildə aydın şəkildə qandan çəkinmək əmr edilir (Yaradılış 9:4; Levililər 17:10; Qanunun təkrarı 12:23; Həvarilərin işləri 15:28, 29). Bundan başqa, Allahın gözündə qan həyat rəmzidir (Levililər 17:14). Beləliklə, qanköçürmədən imtina etməyimiz yalnız Allaha itaətkarlıqdan yox, həm də bir həyat Mənbəyi kimi Ona ehtiram bəsləməyimizdən irəli gəlir.
Baxışlar dəyişir
Bir vaxtlar tibdə qanköçürmədən imtina, başqa sözlə, qansız müalicə ifratçılıq, hətta öz ölüm hökmünə qol çəkmək kimi qiymətləndirilirdi; amma son illər vəziyyət dəyişib. Misal üçün, 2004-cü ildə bir tibbi maarifləndirici jurnalda dərc edilən məqalədə qeyd olunurdu ki, «Yehovanın Şahidlərindən olan pasiyentlərin müalicəsi üçün icad edilən bir çox üsullar yaxın illərdə ümumi standarta çevriləcək» d. 2010-cu ildə bir jurnalda çıxan məqalədə deyilirdi: «“Qansız müalicə üsulları” yalnız Yehovanın Şahidləri ilə məhdudlaşdırılmamalıdır, bu, cərrahların gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olmalıdır» («Heart, Lung and Circulation»).
Bütün dünyada minlərlə cərrah ağır qansız əməliyyatlar zamanı qanaxmanın qarşısını alan üsullardan istifadə edirlər. Qanköçürmənin alternativi olan bu üsullar hətta inkişafda olan ölkələrdə belə istifadə olunur; Yehovanın Şahidi olmayan bir çox xəstələr bu üsullara üstünlük verirlər.
a Bax «Transfusion and Apheresis Science», cild 33, № 3, səh. 349.
b Bax «The Journal of Thoracic and Cardiovascular Surgery», cild 134, № 2, səh. 287, 288; «Texas Heart Institute Journal», cild 38, № 5, səh. 563; «Basics of Blood Management», səh. 2; və «Continuing Education in Anaesthesia, Critical Care & Pain», cild 4, № 2, səh. 39.
c Bax «The Journal of Thoracic and Cardiovascular Surgery», cild 89, № 6, səh. 918; və «Heart, Lung and Circulation», cild 19, səh. 658.
d «Continuing Education in Anaesthesia, Critical Care & Pain», cild 4, № 2, səh. 39.