Əgər mənə Müqəddəs Kitab dərsi keçsəniz, onda mən də Yehovanın Şahidi olmalıyam?
Xeyr. Siz Yehovanın Şahidi olmağa məcbur deyilsiniz. Yehovanın Şahidi olmayan milyonlarla insana biz Müqəddəs Kitab dərsi keçirik a. Müqəddəs Kitab dərsi keçməyimizin məqsədi oradakı təlimləri sizə göstərməkdir. Bu bilikləri əldə edəndən sonra nə edəcəyinizə özünüz qərar verəcəksiniz. Biz bilirik ki, din məsələsi hər kəsin öz şəxsi işidir (Yuşə 24:15).
Öz Müqəddəs Kitabımdan istifadə edə bilərəm?
Əlbəttə. Biz özümüz müasir dildə tərcümə edilmiş «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndən istifadə edirik. İstəsəniz, sizə də bu kitabdan verə bilərik. Bununla yanaşı, öz şəxsi kitabınızdan da istifadə edə bilərsiniz. Siz ümid və xilas xəbərini Müqəddəs Kitabın istənilən tərcüməsindən oxuya bilərsiniz.
Dininizə qoşulmayan insanlarla niyə Müqəddəs Kitab dərsi keçirsiniz?
-
Biz bunu Yehova Allahı sevdiyimiz üçün edirik. Çünki Yehova Allah istəyir ki, məsihilər öyrəndikləri şeyləri başqalarına da öyrətsinlər (Mətta 22:37, 38; 28:19, 20). Biz düşünürük ki, həyatda Allahın əməkdaşı kimi Onun Kəlamını insanlara öyrətməkdən şərəfli heç nə yoxdur (1 Korinflilərə 3:6—9).
-
Biz bunu həmçinin insanları sevdiyimiz üçün edirik (Mətta 22:39). Öyrəndiyimiz gözəl fikirləri başqalarına çatdırmaq bizə xoşdur (Həvarilərin işləri 20:35).
a 2023 ildə hər ay təxminən 7 281 212 nəfərlə Müqəddəs Kitab dərsi keçmişik, bu dərslərin çoxunda eyni vaxtda bir neçə nəfərlə dərs keçilib. Ancaq həmin il yalnız 269 517 nəfər Yehovanın Şahidi kimi vəftiz olunub.