Yehovanın Şahidləri nəyə inanırlar?
Yehovanın Şahidi olan bizlər İsa Məsihin öyrətdiyi və onun həvarilərinin əməl etdiyi məsihi təlimlərinə riayət edirik. Bu məqalədə əsas təlimlərimiz göstərilir.
Allah. Biz Qadir, Yaradan və tək olan Allaha ibadət edirik. Onun adı Yehovadır (Zəbur 83:18; Vəhy 4:11). O, İbrahim, Musa və İsa peyğəmbərin Allahıdır (Çıxış 3:6; 32:11; Yəhya 20:17).
Müqəddəs Kitab. Biz əminik ki, Müqəddəs Kitab Allah tərəfindən göndərilib (Yəhya 17:17; 2 Timutiyə 3:16). Müqəddəs Kitab, yəni Tövrat, Zəbur və İncil 66 bölmədən ibarətdir və biz onun hər bölməsinin Allahdan olduğuna inanırıq. Bu fikri professor Ceyson D. Bedun da təsdiqləyir. O deyir ki, Yehovanın Şahidlərinin iman və əməlləri ehtimallara yox, sırf Müqəddəs Kitabın dediyinə əsaslanır («Truth in Translation», səh. 165).
Allahın Kəlamının hər kəlməsini qəbul etsək də, biz fundamentalist deyilik. Başa düşürük ki, Müqəddəs Kitabın bəzi hissələri məcazi mənada olduğu üçün onun hər sözünü hərfi mənada qəbul etmək lazım deyil (Vəhy 1:1).
İsa Məsih. Biz İsa Məsihin təlim və nümunəsinə uyğun yaşayırıq. Onu Xilaskar və Allahın Oğlu kimi qəbul edirik (Mətta 20:28; Həvarilərin işləri 5:31). Buna görə biz məsihilər adlanırıq (Həvarilərin işləri 11:26). Müqəddəs Kitabdan öyrəndik ki, İsa Məsih Qadir Allah deyil və Üç üqnum təlimi də Allahın Kəlamına əsaslanmır (Yəhya 14:28).
Allahın Padşahlığı. Bu, insanın ürəyinin vəziyyəti yox, real səmavi hökumətdir. O, bütün insan hökumətlərini əvəz edəcək və Allahın yer üçün olan niyyətini həyata keçirəcək (Dənyal 2:44; Mətta 6:9, 10). Bütün bunlar tezliklə baş verəcək, çünki Müqəddəs Kitabda deyilir ki, biz axırzamanda yaşayırıq (2 Timutiyə 3:1—5; Mətta 24:3—14).
İsa Məsih Allahın Padşahlığının Padşahıdır. O, 1914-cü ildə idarə etməyə başlayıb (Vəhy 11:15).
Xilasımız. İnsanlar günah və ölümdən İsa Məsihin fidyə qurbanlığı sayəsində azad ola bilər (Mətta 20:28; Həvarilərin işləri 4:12). Fidyə qurbanlığından faydalanmaq üçün İsa Məsihə iman etmək kifayət deyil. İnsan öz həyat tərzini dəyişib vəftiz olmalıdır (Mətta 28:19, 20; Yəhya 3:16; Həvarilərin işləri 3:19, 20). İnsanın imanı əməlindən görünür (Yaqub 2:24, 26). Ancaq bu o demək deyil ki, biz xilası qazana bilərik. Bu, yalnız Allahın lütfü sayəsində mümkündür (Qalatiyalılara 2:16, 21).
Göylər. Yehova Allah, İsa Məsih və sadiq mələklər ruhani aləmdə yaşayırlar a (Zəbur 103:19—21; Həvarilərin işləri 7:55). Göydə yerləşən Allahın Padşahlığında İsa Məsihlə birlikdə idarə etmək üçün 144000 nəfərdən ibarət kiçik bir qrup dirildiləcək (Dənyal 7:27; 2 Timutiyə 2:12; Vəhy 5:9, 10; 14:1, 3).
Yer kürəsi. Yaradan yeri insanların əbədi yaşaması üçün yaradıb (Zəbur 104:5; 115:16; Vaiz 1:4). İtaətkar insanlara Allah mükəmməl sağlamlıq və yerüzü Cənnətdə əbədi həyat verəcək (Zəbur 37:11, 34).
Pisliklər və əzab-əziyyət. Bunlar mələklərdən birinin Allaha qarşı üsyan etməsi ilə başladı (Yəhya 8:44). Allaha asi çıxaraq «Şeytan» və «İblis» adlanan bu mələk ilk insan cütünü ona qoşulmağa təhrik etdi. Nəticədə bu, bütün bəşəriyyəti bəlaya saldı (Yaradılış 3:1—6; Romalılara 5:12). Şeytanın ittihamının əsassız olduğunu sübut etmək üçün Allah pislik və əzab-əziyyətlərə yol verdi. Lakin bunlar çox çəkməyəcək.
Ölüm. İnsan öləndə mövcudluğuna son qoyur (Zəbur 146:4; Vaiz 9:5, 10). O, cəhənnəm əzabı çəkmir.
Allah milyardlarla insanı dirildəcək (Həvarilərin işləri 24:15). Həyata qayıdandan sonra Allahı qəbul etməyən insanlar əbədilik məhv olacaq. Onların artıq dirilməyə heç bir ümidləri olmayacaq (Vəhy 20:14, 15).
Ailə. Allahın gözündə ailə bir kişi ilə bir qadının birliyidir. Boşanmaya yeganə səbəb isə zinadır (Mətta 19:4—9). Biz də bu qanuna əməl edirik. Əminik ki, ailənin xoşbəxtliyi Müqəddəs Kitab prinsiplərinə əməl etməkdən asılıdır (Efeslilərə 5:22—6:1).
İbadətimiz. Biz xaça və ya digər surətlərə sitayiş etmirik (Qanunun təkrarı 4:15—19; 1 Yəhya 5:21). İbadətimizin əsas hissələri bunlardır:
Allaha dua etmək (Filippililərə 4:6).
Dua etmək, Allahın Kəlamını araşdırmaq, ruhani mahnılar oxumaq, imanımızı təzahür etdirmək, həmçinin dindaşlarımızı və digər insanları ruhlandırmaq üçün bir yerə toplaşmaq (Koloslulara 3:16; İbranilərə 10:23—25).
Padşahlıq haqqındakı müjdəni insanlara çatdırmaq (Mətta 24:14).
İbadət evlərini və Müqəddəs Kitabın ümumdünya maarifləndirmə işinə xidmət edən digər binaları tikmək və təmir etmək (Zəbur 127:1).
Təbii fəlakətdən zərər çəkənlərə kömək etmək (Həvarilərin işləri 11:27—30).
Yığıncaqlarımız. Biz yığıncaq şəklində toplaşırıq. Hər yığıncağa ağsaqqallar şurası nəzarət edir. Ancaq ağsaqqallar ruhanilər sinfi deyillər və maaş almırlar (Mətta 10:8; 23:8). Biz ondabirlər və ya kimdənsə məcburi pul yığmırıq (2 Korinflilərə 9:7). Fəaliyyətimiz büsbütün könüllü ianələr hesabına maliyyələşir.
Yetkin məsihilərdən ibarət kiçik qrup olan Rəhbərlik Şurası baş idarəmizdə xidmət edərək bütün dünyadakı Yehovanın Şahidlərinin fəaliyyətini idarə edir (Mətta 24:45).
Aramızdakı birlik. Dünyanın hansı yerində yaşasaq da, hamımız həmfikirik (1 Korinflilərə 1:10). Əlimizdən gələni edirik ki, aramızda sosial, etnik, irqi və təbəqə fərqi olmasın (Həvarilərin işləri 10:34, 35; Yaqub 2:4). Həmfikir olsaq da, hər birimiz seçim etməkdə azadıq. Hər bir Yehovanın Şahidi Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına görə qərar verir (Romalılara 14:1—4; İbranilərə 5:14).
Davranışımız. Biz insanlara hər sahədə məhəbbət göstərməyə çalışırıq (Yəhya 13:34, 35). Qanköçürmə kimi Allahın bəyənmədiyi işlərdən qaçırıq (Həvarilərin işləri 15:28, 29; Qalatiyalılara 5:19—21). Sülhpərvərik, müharibələrdə iştirak etmirik (Mətta 5:9; Əşiya 2:4). Biz yaşadığımız ölkənin hakimiyyətinə hörmətlə yanaşırıq və onun qanunlarına əməl edirik, bir şərtlə ki, bu qanunlar Allahın əmrlərinə zidd olmasın (Mətta 22:21; Həvarilərin işləri 5:29).
Başqaları ilə münasibətimiz. İsa əmr etmişdi: «Başqasını özünü sevdiyin kimi sev». Məsihilər haqqında isə onların dünyaya məxsus olmadığını demişdi (Mətta 22:39; Yəhya 17:16). Buna görə də biz hamıya yaxşılıq etməyə çalışırıq. Eyni zamanda siyasi işlərdə bitərəf mövqe tuturuq və başqa dinlərə qoşulmuruq (Qalatiyalılara 6:10; 2 Korinflilərə 6:14). Lakin insanların din seçiminə hörmətlə yanaşırıq (Romalılara 14:12).
Haqqımızda daha çox öyrənmək istəyirsinizsə, saytımıza daxil olun, yaxud filiallarımızdan birinə müraciət edin. Bundan başqa, sizə yaxın olan ibadət evimizə gələrək yığıncaqlarımızda iştirak edə, həmçinin ərazinizdə yaşayan bir Yehovanın Şahidi ilə söhbət edə bilərsiniz.
a Pis mələklər göydən yerə atılsa da, onlar hələ də ruhani aləmdə yaşayırlar (Vəhy 12:7—9).